1246
11:00
15 Sentyabr 2020

Dəmiryolçu bədbəxt hadisə nəticəsində öldü

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin işçisi bədbəxt hadisə nəticəsində vəfat edib.

Qaradağ rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, sentyabrın 14-də “ADY” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadovun inşaat materiallarının daşınması üçün nəzərdə tutulmuş vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb və mexanizminin, habelə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.