1291
16:44
10 Sentyabr 2020

"Azəriqaz"dan deputatın iddialarına CAVAB

“Azəriqaz” İstehsalat Birliyi deputat Məşhur Məmmədovun qaz çəkilməsi tarifləri ilə bağlı iddiasına cavab verib.

Qurumdan Lent.az -a verilən məlumatda bildirilir ki, deputatın“Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət Masallı rayonu, Şərəfə kəndində yerləşən yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub:

“Məktuba bu il sentyabrın 1-də yazılan cavabda açıq-aydın qeyd edilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti ilə mərhələli şəkildə icra olunur. Növbəti mərhələdə Masallı rayonunun təbii qazla təmin olunmayan yeni yaşayış massivlərinin, o cümlədən qeyd olunan ərazinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrıldıqdan sonra həmin yaşayış sahəsinin qaz təminatı məsələsi mərhələli şəkildə öz həllini tapa bilər.

Deputat Məşhur Məmmədovun qaz çəkilişi üçün böyük məbləğdə vəsait tələb olunmasına dair fikirlərində “Azəriqaz”ın adını hallandırması düzgün deyil. Birlik ödənişli qaz çəkilişləri həyata keçirmir. “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşın qanuni icazəsi (lisenziyası) olan 100-dən çox podratçı tikinti təşkilatı ilə müqavilə bağlamaq imkanı var. Seçim onun öz öhdəsinə qalır. Vətəndaş fərdi sifarişi ilə öz vəsaiti hesabına qazlaşmanı aparır və podratçı təşkilatla onun arasındakı münasibətlərə “Azəriqaz” müdaxilə etmir. Bu halda birliyimiz yalnız fərdi yaşayış evlərinin qazlaşdırılması üçün qaz sayğaclarını və texniki şərti ödənişsiz verir. Əgər deputatın dediyi kimi kimdənsə bizim əməkdaşlarımız vəsait tələb edibsə, o, bunun araşdırılması üçün müvafiq dövlət orqanlarına korrupsiya halı kimi təqdim edə bilər.

Lakin bütün bunlara baxmayaraq, abonent məmnuniyyətini daim üstün tutan birliyimizin rəhbərliyi adı çəkilən yaşayış massivinin sakinləri üçün öz daxili imkanları hesabına daşıyıcı xəttin çəkilməsini həyata keçirəcək”.

Deputat Məşhur Məmmədov bu gün açıqlama verərək bildirib ki, qaaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur: "Masallıda seçicilər deyir ki, bir evə qaz çəkilməsi üçün 16400 manat tarif qoyulub. Halbuki heç o evin qiyməti 5000 manat deyil”.

O, bununla bağlı “Azəriqaz”a bir neçə dəfə müraciət etdiyini də vurğulayıb.