12625
10:10
11 Sentyabr 2020

Terror, epidemiya və cəhalətlə döyüş: “xalq düşməni” şuşalı həkimin nisgili – HƏYAT HEKAYƏTİ

1929-cu ildə, 75 yaşında Şuşada vəfat etdi. Dəfninə bütün Qarabağ yığışmışdı. Tacirlər dükanlarını, qulluqçular idarələrini bağlayıb, gəlmişdilər. Həkimlər məzarı önündə təzim edib, işlərinin başına qayıdırdılar. O gün Azərbaycanın dövlətçiliyində, elmində, mədəniyyətində imzası olan, ilk yüksək təhsilli həkim-cərrahımız, yüzlərlə insanı epidemiyadan, savadsızlıqdan, Qarabağı terrordan xilas edən insan dünyadan köçürdü – Əbdülkərim bəy Mehmandarov.

***

Azərbaycanda xanlıqlar dövründə “mehmandar” adlanan vəzifə sahibi vardı. İşi xanlığa gələn rəsmi qonaqları sərhəddə qarşılayıb yerləşdirmək, onların istirahətlərini, gəzintilərini təşkil etmək idi.

Qarabağda İbrahimxəlil xanın hakimiyyəti dövründə xanlığın mehmandarı Əli adlı bir nəfər olub. Savadlı, mərd, xeyirxah və sədaqətli adam olduğundan ona “bəy” titulu verilib.

XIX əsrin otuzuncu illərində Azərbaycanda yeni soyad sistemi formalaşanda Mirzə Əli bəyin törəmələri “mehmandar” titulunu soyad götürüblər.

Əbdülkərim bəy həmin Mehmandarovlardandır. 1854-cü il dekabrın 2-də Şuşada kiçik məmur Mustafa bəy Mehmandarovun ailəsində dünyaya gəlib. İlk təhsilini atasından alan Kərim (onu ailədə belə çağırıblar) Şuşa Qəza məktəbinə daxil olur. Əla oxuduğundan onu Bakı progimnaziyasının ikinci sinfinə qəbul edirlər.

1872-ci ildə gimnaziyanı qızıl medalla bitirir və Peterburq (Sankt-Peterburq) Tibbi-Cərrahiyyə Akademiyasına qəbul olunur.

Azərbaycanda həmin illərdə ali təhsilli həkimə böyük ehtiyac vardı. Onun həkim olacağını eşidən Şuşa camaatı bayram edirdi.

Əbdülkərimin Peterburqda təhsil aldığı illər sakit keçmədi. Tələbə-gənclər inqilabi hərəkatın önündə olurdu. Dərsdən sonra Mehmandarov Peterburq Ali Qadın Tibb kurslarında oxuyan Aleksandra Mixaylovna Dolqanovanın evində keçirilən yığıncaqlara gedirdi. Belə görüşlər tələbələrdə azadlıq ideyalarını gücləndirirdi. Əbdülkərimin bu gənc, azad düşüncəli qızla tanışlığı sonradan məhəbbətə çevrildi.

1877-ci ildə Əbdülkərim Mehmandarov təhsilini başa vurub, Peterburqda klinik hərbi hospitala ezam edilir. Aleksandra ilə ailə quran Əbdülkərim bir qrup həkimlə ordudakı sanitar bölmələrinə göndərilir. Rusiya-Türkiyə müharibəsindəki xidmətinə görə III dərəcəli Anna ordeni ilə təltif edilib. Sonradan bürünc medal və III Aleksandrın xatirəsinə gümüş medalla da mükafatlandırılıb.

Müharibədən sonra Peterburq kilinik hospitalında elmi təcrübədə olan Mehmandarov imtahan verib, qəza həkimi rütbəsi alır.

Arzusu doğma yurda qayıdıb orda xidmət göstərmək olsa da, imkan yaranmırdı. Təhsil aldığı ocağın xətti ilə ya qaynar müharibə nöqtələrinə, ya da epidemiya yayılan ərazilərə göndərilirdi.

1880-1881-ci illərdə onu Poltava vilayətinə difteriya ilə mübarizəyə cəlb edirlər. Gənc həkim burdan da II dərəcəli Stanislav ordeni ilə qayıdır.

1881-ci ildə tibb doktoru şəhadətnaməsi alır. Ancaq nədənsə onu yenə paytaxtdan uzaqda, 162-ci piyada Axalsix alayında həkim vəzifəsinə təyin edirlər. Təbii, imperiya təhsil verdiyi mütəxəssisi öz ölkəsinə buraxmaq istəmirdi. İllər keçirdi, onun hərbi həkim vəzifəsi bitmək üzrə idi. Əbdülkərim bəy Şuşaya qayıtmağı düşünürdü.

Bu məsələdə ona yaxın dostu, Avropa təhsilli maarifçi, xeyriyyəçi Əhməd bəy Cavanşir də köməklik göstərirdi.

Hərbi xidmət dövrü bitən Mehmandarov 13 yanvar 1883-cü ildə Gəncə vilayətinin Cavanşir qəzasında qəza həkimi keçirilir. Bununla da onun vətəndə tibbi maarifçilik, mədəni və ictimai-siyasi fəaliyyəti başlayır.

Həmidə xanımın Cavanşirin yazdığına görə, Əbdülkərim bəy Şuşaya xanımı və 1 yaşlı oğlu Mixaillə birgə qayıtmışdı. Xanımı Aleksandra vətənindən kənarda qala bilmir və Peterburqa qayıtmağı təklif edir. Əbdülkərim bəy qayıtmayacağını bildirəndə ayrılmalı olurlar.

Aleksandra oğlu ilə Peterburqa dönür. İllər sonra vergi məmuru Dmitri Tuşinski ilə ailə qurur. Dmitri Aleksandroviç Mixaili öz övladı kimi yazdırıb. Bu mövzuya – Mixailin taleyinə-daha doğrusu, talesizliyinə qayıdacam, hələlik atasından danışırıq.

Şuşada isə Əbdülkərim bəy Mehmandarov öz həkimlik və vətəndaşlıq borcunu məsuliyyətlə, şərəflə daşıyırdı.

1893-cü il fevralın 19-25-də Tiflisdə həkimlərin qurultayı keçirilirdi. Qurultay bir il əvvəl baş vermiş vəba epidemiyası ilə mübarizənin nəticələrinə həsr edilmişdi.

Hazırladığı iki feldşerlə 55 minə yaxın əhalini təmsil edən Mehmandarov çıxışında deyirdi: “Əhali əlacsız vəziyyətdədir, taleyin hökmünə buraxılıb, fırıldaqçı türkəçarələrin yardımına üz tutmağa vadar olurlar... Xəstəxanalar, apteklər, mağazalar, sərbəst çalışan həkimlər və feldşerlər yoxdur”.

Həkimin bu çıxışı bütünlüklə Rusiya səhiyyəsinin ifşası idi.

Mehmandarov 4 kənddə 3-5 nəfərlik vəba lazareti təşkil etmişdi, 4-5 aylıq gərgin zəhmətdən sonra qəzanın 216 kəndindən 116-sını əhatə etmiş vəbaya qalib gəldi. Qurultayda Mehmandarov müsəlman əhalinin həkimlərin tələblərinə tabe olmaması haqqında fikirləri əsassız adlandırıb: “Əhali öncə inamsız idi, sonra təklif edilən köməyin faydasını görüb, özləri bizə müraciət edirdilər. Həkimlərin istər xəstələrin müalicəsi zamanı, istərsə də xəbərdarlıq tədbirləri görərkən dediklərinə əməl etdilər”.

Mehmandarovun Qarabağda qazandığı uğur yalnız müalicə-profilaktika işləri ilə bitmirdi.

1895-ci ildə Ağdamda həkim məntəqəsi yaradıb, qəbul odası təşkil etdirib. 2 il sonra Şuşa qəzasının həkimi və dustaqxana lazaretinin müdiri təyin edilib.

1897-ci ildə - fəaliyyətinin 20-ci ilində daha bir II dərəcəli Anna ordeni ilə təltif edilib. Ağır zəhmətinə rəğmən, məvacibi ailəni dolandırmağa çatmırdı. Əbdülkərim bəy ikinci dəfə Bəhmən Mirzə Qovanlı-Qacarın qızı Zəri xanımla evlənmişdi. Bu nikahdan Ədil, Rəşid, Surxay adlı oğulları, Turan, Kübra, Nüşabə və Məhbubə adlı qızları vardı.

1907-ci ildə 30 illik qüsursuz xidmətinə görə onu mükafatlandırıblar – illik maaşı həcmində tam təqaüdlə, aylıq yemək və əlavə maaşla.

1905-ci ildə ermənilər Qarabağda müsəlman qırğının başlayırlar. O vaxt Əbdülkərim bəy görkəmli publisist, vətənpərvər Əhməd bəy Ağaoğlunun yaratdığı "Difai” təşkilatının Şuşadakı "Qarabağın birlik məclisi” adlanan şöbəsinin sədri idi. O, şəhərin qeyrətli oğullarını səfərbərliyə alıb, qabaqlayıcı tədbirlər görməyə başladı. Onlar xalqı kütləvi qırğından qorumaq üçün əlverişli yerlərdə səngərlər qazdıraraq, müdafiəni təşkil etdilər, məhəllələrinin keşiyini çəkməyə qalxdılar. Beş gün davam edən toqquşma ermənilərin məğlubiyyəti ilə başa çatdı.

Əbdülkərim bəy bilirdi ki, Azərbaycanın işıqlı gələcəyini qurmaq üçün çox işlər görmək lazımdır – o yol elmdən, mədəniyyətdən və maarifdən keçir.

Qarabağda ziyalılar müxtəlif mədəni-maarif tədbirləri təşkil edir, əhalini maarifləndirməyə çalışırdılar. O, “Nəşri-Maarif” cəmiyyətinin rəhbərlərindən idi. N.B.Vəzirovla birgə yerli ziyalılardan, oxumuş gənclərdən ibarət dram dərnəkləri yaratmışdılar. Vaxtaşırı o dərnəklərdə Ü.Hacıbəyli, Ə.Haqverdiyev, H.Sarabski, C.Məmmədquluzadə kimi maarifçilərlə görüşlər keçirərdilər. Belə müzakirələrdən yaranan xeyriyyə tamaşalarında yığılan vəsait ehtiyacı olan tələbələrin təhsilinə keçirilirdi.

Əbdülkərim bəyin təşəbbüsü ilə 1912-ci ildə Şuşada 20-30 nəfərlik ilk rus-türk qadın məktəbi açılıb. Şuşalıların ona inamı sayəsində əhali qızlarını o məktəbə oxumağa göndərib.

Həmidə xanım Mirzə Cəlilə ərə getməsi ilə bağlı məsləhəti də Əbdülkərim bəydən aldığını yazır.

"...doktor Mehmandarov bütün dəstəmizi tez-tez Cıdır düzünə əyləncə və yemək-içmək məclisinə dəvət edərdi. Nahar vaxtı köhnə Şuşa şairlərinin adəti üzrə şeirləşmə başlayardı”.

Əbdülkərim bəy Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və kimsəsiz uşaqlar üçün məktəb açır. Həmidə xanım da ona dəstək olub: "Şuşada doktor Mehmandarovun sədrliyi altında bizim Xeyriyyə Cəmiyyətimiz var idi. Mən də doktor Mehmandarovla işləyirdim, onun köməkçisi idim”.

Əbdülkərim bəy Həmidə xanıma məktubunda yazır: “Xəstəxanada, sosial təminatda, dustaqxanada, başlıcası feldşer məktəbində işləyirəm. Bu məktəbin artıq 43 şagirdlik ilk buraxılışı olub. İş çox çətindir, qaynayır, 70 sanitar hazırlamışam”.

Əbdülkərim bəy haqqında yazılan xatirələrdən birində qeyd edilir: "Ağır xəstəliyə tutulmuş bir nəfər Moskvaya məşhur bir professorun yanına gedir. Azərbaycanlı olduğunu və Bakıdan gəldiyini bildirəndə professor təəccüblənərək deyir: "Siz ünvanı səhv salmısınız. Əbdülkərim bəy kimi həkiminiz ola-ola nahaq yerə əziyyət çəkib bu qədər yol gəlmisiniz".

Əbdülkərim bəy Xalq Cümhuriyyəti dövründə də tibb elminin, mədəniyyətin inkişafı üçün çalışıb.

Cümhuriyyət dövründəki fəaliyyəti və daşnaklara qarşı mübarizəsi rus işğalından sonra onun “xalq düşməni” elan edilməsi ilə nəticələnib. Onu sürgün, həbs təhlükəsi izləyirdi. 1928-ci ildə öz ərizəsi ilə işdən çıxıb, çəkilir öz hücrəsinə ki, ona toxunmasınlar.

İndi qayıdaq Mixailin taleyinə. Anası yeddi il Peterburqda Kərimi gözlədikdən sonra ümidini üzüb Dmitri Tuşinskiyə ərə gedəndə Mixailin yeddi yaşı vardı. Uşaq Dmitrini atası bilib. Yalnız 1929-cu ildə, Mixailin 47 yaşı olanda anası atasının kimliyini açıb ona deyib. Mixail atasını görmək üçün Azərbaycana yollanıb.

O yaşa qədər Mixail yaxşı təhsil alıb, Avropa dillərini öyrənib. İnqilabi düşüncələrinə görə oxuduğu tibb akademiyasından qovulub, rus-yapon müharibəsində qəhrəmanlığından sonra yenidən bərpa olunub, təhsilini davam etdirib.

Peterburqda vəba epidemiyası yayılan vaxt Mixail vəba ilə mübarizə aparan qabaqcıl həkim idi, həm müalicə edir, həm də təcrübəsini elmi məqalələr şəklində dərc etdirirdi. Atasından xəbərsiz adam atası kimi fitrən həkim-cərrah olmuşdu.

Şuşaya atasını görməyə gəldiyi il onu bütün Şuşa qarşıladı. Qohumları, qardaşları bütün Qarabağı gəzdirdilər, Cıdır düzündə milli oyunlarda iştirak etdi. Bütün ezamiyyətini Şuşada keçirib, Peterburqa qayıdanda söz verdi ki, hər məzuniyyətini Azərbaycana gələcək.

Atası elə bil Tanrıdan oğlu ilə görüş üçün möhlət istəmişdi. Mixail Şuşadan qayıdandan sonra Əbdülkərim bəy 1929-cu il dekabrın 20-də Şuşada dünyaya vida edir.

1930-cu illərdə iki oğlu repressiya qurbanı olur. Sovet imperiyası görkəmli maarifçi ziyalıdan qisasını belə alır...

Mixail isə Peterburqada Tibb akademiyasında çalışırdı. Böyük Vətən müharibəsində Leninqrad (Peterburq) şəhərinin mühasirəsi zamanı şəhərin baş terapevti idi. Mixail Əbdülkərim bəy oğlu Mehmandarov-Tuşinski (24.01.1882 - 06.01.1962) həm də ilk azərbaycanlı akademikdir. Ömrünün sonuna qədər müntəzəm olaraq Azərbaycana - Şuşaya gəlib, respublikanın tibb ictimaiyyəti qarşısında təbabətin, infeksion xəstəliklərin, hematologiyanın, terapiyanın və onlarla mübarizənin ən aktual məsələləri haqqında dəfələrlə mühazirələr oxuyub.

Mixail Dmitriyeviç Mehmandarov-Tuşinskinin bir qız və bir oğul övladı olub - Mariya və Mixail.

Mariya Mixaylovna Tuşinskaya (1915 - 2007) həkim-terapevt, tənəffüs sistemi və hematologiya üzrə əsərlərin müəllifi idi. O, alim-endokrinoloq, tibb elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki V.Q.Baranovla (1899 - 1988) ailə həyatı qurmuşdu.

Damarlarında azərbaycanlı qanı axan bu istiqanlı qadın övladlıq borcunu yüksək səviyyədə, ləyaqətlə yerinə yetirərək, atasının şəxsi arxivini qoruyub saxlayıb, həyat və fəaliyyəti barədə xeyli maraqlı materiallar toplayıb və muzeyə verib.

Mariya Mixaylovna Leninqradda yaşayıb.

Öz adını verdiyi oğlu Mixail isə müharibə vaxtı Leninqradın mühasirəsində dünyasını dəyişib.

Mixail Tuşinski Peterburqa təhsil almağa gedən azərbaycanlıların himayəçisi idi. Ögey bacısının qızı, müharibə vaxtı partizan kimi Belarusda döyüşmüş Aliyə Rüstəmbəyovanı Azərbaycan Tibb İnstitutundan Peterburq Tibb İnstitutuna köçürmüşdü. Sonradan bacısı uşaqları da həmin akademiyanın məzunları olublar.

Həmidə xanım Cavanşir oğlu Midhətə məktubunda onu Peterburqa məhz Mixail Tuşinskinin himayəsinə göndərir.

Pavlov adına Leninqrad Tibb institutunun şəhərciyində görkəmli alimin uzun illər orda işləməsi barədə xatirə lövhəsi var.

Belə... Bu bir azərbaycanlı ailənin tarixçəsidir. Azərbaycan qocaman tarixlərin, araşdırılmadan saxtalaşdırılan, ədalətin qələbəsini gözləyən tarixlərin ölkəsidir...

Hə, onu da deyim ki, məşhur general, şuşalı (məhz şuşalı, atasının həmin dövrdə işlə əlaqədar bir müddət Lənkəranda yaşadığından Səməd bəy orda anadan olub) Səməd bəy Mehmandarovla Əbdülkərim Mehmandarov əmioğludular...