11:17
10 Sentyabr 2020

Külli miqdarda vergi ödəməyən şirkət rəhbəri tutuldu

Türkiyə vətəndaşının müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az -a daxil olan xəbərə görə, nəticədə “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illərdə cəmiyyətin adına Türkiyədən müxtəlif məhsullar idxal edib anbara mədaxil etmədiyi müəyyənləşdirilib. Bununla da həmin cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla “Güllübulaq”a külli miqdarda ziyan vurmasına əsaslı şübhələr də müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

Qeyd edilən xüsusatlara əsasən bu il sentyabrın 9-da Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan halların tam və hərtərəfli yoxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Dİgər xəbərlər