Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi ilə bağlıdır.
Sürücülərin əksəriyyəti idarə etdiyi avtomobili texniki baxışdan keçirmək üçün onlara verilən möhlətdən xəbərdar deyil. Bəziləri, ümumiyyətlə, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən sürməyin qanunsuz olduğunu və cərimə tətbiq olunacağını bilmir.
Rubrikamızın “Texniki baxışdan keçməyən avtomobil sahibləri cərimə olunurmu”sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov aydınlıq gətirib. O bildirib ki, müddəti tamam olmuş avtomobil sahiblərinə əlavə 20 gün möhlət verilir:
“Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə bağlı konkret tələblər var. Əgər avtomobil vaxtında texniki baxışdan keçmirsə, ona 20 gün möhlət verilir. Bu müddətin ən sonuncu günündə baxışdan keçirilirsə və avtomobil idarə edilsə belə, hər hansı cərimə yazılmır. Amma 20 gün də tamam olandan sonra cəriməni ödəmədiyi hər 20 gündən bir nəqliyyat vasitəsinin sürücüsünə cərimə yazılır. Əgər texniki baxışın müddəti barədə bildiriş gəlmirsə, vətəndaş yaranmış nöqsanı araşdırmalıdır. Məsələn, yaşayış yerini dəyişibmi, “AsanPay” xidmətindən istifadə etmirmi və s. Onsuz texniki baxışdan keçirmədiyi halda avtomobili idarə etdiyi halda təhlükəsizlik kameralarında qeydə alınaraq, cərimə tətbiq olunacaq.
Vətəndaş ilk 10 gün ərzində cəriməni ödəsə, 10 faiz güzəşt, 1 aydan az müddətə ödənilirsə, cərimənin özü, 1 aydan gec ödənilirsə, hər gün üçün 1 faiz əlavə cərimə yazılır. Sürücü avtomobili texniki baxışa apardığı zaman onun bütün sənədləri yoxlanılır, əgər cəriməsi varsa, orada yaradılmış təcili xidmət vasitəsilə cəriməsini ödəyir. Texniki baxışdan keçdiyi və növbəti texniki baxışın vaxtı sürücünün telefonuna bildiriş gəlir”.