5938
19:53
02 Sentyabr 2020

Deputatdan BNA rəsmisinin taksilərlə bağlı fikrinə SƏRT REAKSİYA

“Bakı Nəqliyyat Agentliyi taksilərdə mövcud aşağı standartın qaldırılması (nasaz maşınların dəyişdirilməsi, taksilərdə təhlükəsizliyin, təmizliyin qorunması və s.) ətrafında iş aparmalıdır. Amma taksilərdə olan qiymətin aşağı və ya yuxarı olması kimi məsələlərə müdaxilə etməməlidir. Bazar iqtisadiyyatı şəraitində tariflər rəqabət nəticəsində formalaşmalıdır”.

APA-nın məlumatına görə, bunu deputat Nigar Arpadarai “Facebook” səhifəsində bu gün Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin “Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirlərini tənqid edərkən bildirib. Onun sözlərinə görə, BNA-nın elan etdiyi konsepsiya tətbiq olunarsa (taksilərdə vahid, daha yüksək qiymət müəyyən olunarsa), bu, həm taksi sürücüsü kimi fəaliyyət göstərən, həm də taksidən istifadə edən vətəndaşların sayının aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə cəmiyyət üçün mənfi nəticələnəcək: “Hazırda çətin dövrdə yaşayırıq, bir çox vətəndaşımız əlacsızlıqdan, işin olmaması səbəbindən taksi sürücüsü kimi işləyir. Bu vətəndaşlar onsuz da az qazanır, onları bu qazancdan da məhrum etmək olmaz.

Digər tərəfdən pandemiya dövründə metro işləmir, avtobuslarda sıxlıq olur, insanlar yoluxma riskini aşağı salmaq üçün taksidən istifadə edir. BNA rəsmiləri bunu mütləq nəzərə almalıdır.

Daha bir məqam, BNA-nın arqumentlərindən biri xarici şirkətlərin Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olaraq, ucuz qiymət tətbiq etməsi və digər taksi şirkətlərinin işinə mane olmasıdır. Bu, tariflə birbaşa əlaqəsi olmayan, tənzimləməyə bağlı olan bir məqamdır. Aidiyyatı olan qurumların məsələni düzgün tənzimləməsi nəticəsində məsələ həll oluna bilər”.