17:51
31 Avqust 2020

Pandemiya Azərbaycanın maşın bazarına necə təsir edib? - ŞƏRH

"Pandemiya səbəbindən bu ilin birinci yarısında Azərbaycanın avtomobil bazarında geriləmə qeydə alınıb və təəssüf ki, hazırda bu sektorda vəziyyət heç də ürəkaçan deyil".

Bunu "APA-Econimics"ə avtomobil bazarının eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bazarda durğunluq olmasa da, satışlar 30%-dan 70%-dək azalıb: "Avtomobil sektorunu dirçəltmək üçün mütləq dövlət dəstəyinə ehtiyacı var. Müəyyən mənada İqtisadiyyat Nazirliyi sahibkarlara yardım etdi. Düşünürəm ki, avtomobil sektoruna yenə də xüsusi diqqət yetirilməlidir, çünki bu sektor iqtisadiyyatın aparıcı sahələrindən biridir. Azərbaycanda avtomobil istehsalı böyük həcmdə olmasa da, yenə də avtomobil satışı, avtomobilin idxalı Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Burada çalışan insanların sayı, dövriyyədə olan məbləğ, avtomobil sektorunun digər sektorlarla bağlılığı bunu deməyə əsas verir".

Ekspertin fikrincə, hazırda Azərbaycan vətəndaşlarının ekoloji avtomobillərə marağı böyükdür və gündən-günə ölkədə hibrid avtomobillərinin sayında artım müşahidə olunur.

"Təəssüf ki, vətəndaşlar köhnə hibrid avtomobillər almağa məcburdurlar. Bazarda əsasən 2007-ci il buraxılışı olan hibrid avtomobillərdir. Onlar Gürcüstana ABŞ-dan gətirilir. Avtomobillərin bir qismi yararsız, ömrünü başa vurmuş, müəyyən problemi olan avtomobillərdir. Buna baxmayaraq, vətəndaşlar bu tip avtomobillərə üstünlük verir. Əlbəttə, burada heç bir qəbahət yoxdur. Əslində, ekoloji təmiz avtomobillərə üstünlük vermək doğru addımdır. Sadəcə yaxşı olardı ki, yeni avtomobillərə üstünlük verilsin. Burda yenə də vətəndaşlar qarşısında maneələr var. Çünki yeni avtomobil almaq Azərbaycanda çətindir", - deyə E. Cəfərov bildirib.

Mütəxəssisin fikrincə, buna səbəb kredit şərtlərinin ağır, bank faizlərinin, həmçinin gömrük və aksiz vergi rüsumlarının yüksək olmasıdır ki, bu da nəticə etibarı ilə yeni hibrid avtomobillərin gətirilməsini bahalaşdırır: "Hibrid texnologiyası – bahalı texnologiyadır. Bu səbəbdən də bir çox inkişaf etmiş ölkələrdə hibrid avtomobilləri alan şəxslərə dövlət tərəfindən alıcılara subsidiya və müxtəlif güzəştlər verilir, gömrük və digər aksiz vergi rüsumları azaldılır. Bu, dövlətin marağındadır. Təəssüf ki, bizdə hələ analoji qanunlar yoxdur, ekoloji təmiz avtomobillərin gətirilməsinə hər hansı güzəşt mövcud deyil. Ona görə də vətəndaşlar köhnə avtomobillər gətirirlər".

E. Cəfərov onu da bildirib ki, 1 500 kubsantimetrədək mühərrikli hibrid avtomobillərin gömrük rüsumu və aksiz vergisinin az olması səbəbindən vətəndaşlar daha çox onlara üstünlük verir. Belə ki, bu avtomobillərin qiyməti təxminən 12-15 min manat civarındadır.

"Halbuki vətəndaş əlində olan 15 min manatı verib, yeni ekoloji təmiz avtomobil ala bilər. Lakin qeyd olunan şərtlər buna imkan vermir. Bu gün yeni hibrid avtomobilin qiyməti 40-50 min manat civarındadır. Vətəndaş bu avtomobili almaq üçün ilkin olaraq məbləğin 40%-ni ödəməlidir, illik faiz isə 16% təşkil edir. Bu, əlbəttə, baha başa gəlir. İlkin ödəniş 20%, illik faiz dərəcəsi isə 9-10% təşkil etsəydi, yeni avtomobil almaq daha rahat olardı. Bu zaman vətəndaşlar yeni avtomobillərə üstünlük verər və ölkəyə köhnə avtomobillərin idxalı əhəmiyyətli dərəcədə azalar", - deyə E. Cəfərov qeyd edib.

Ekspertin fikrincə, ötən il rüsumların azaldılması ilə bağlı bir çox təklif irəli sürüldü. Lakin birmənalı olaraq rüsumların azaldılmasına dair heç bir qərar verilmədi. İstisna deyil ki, bu il də verilməyəcək, belə ki, rüsumların azaldılması məsələsi gündəmdə deyil.

E. Cəfərov əlavə edib ki, hibrid avtomobillərin çoxalmasının zərəri olmasa da, onların içində köhnə, yarasız avtomobillərin olması təhlükə yaradır. İstismar müddəti başa çatan hibrid avtomobillər ekoloji təmiz avtomobil sayılmır və onlar da ekologiyaya ziyan vurur.

"Köhnə avtomobillərin utilizasiyası ilə bağlı Azərbaycanda xüsusi layihə hazırlanmalıdır. Düzdü, bu məsələ ictimai müzakirəyə hələ çıxarılmayıb və yaxşı olardı ki, cəmiyyət də öz fikrini bildirsin və utilizasiya proqramı daha effektiv olsun. Layihənin icrası, göründüyü kimi, pandemiya səbəbindən bir qədər yubanır. Ümid edirik, pandemiya səngiyən kimi, məsələ yenidən aktuallaşacaq", - deyə E. Cəfərov əlavə edib.

Dİgər xəbərlər