1027
14:15
31 Avqust 2020

Azərbaycanda olan 69 şri-lankalı öz ölkəsinə göndərildi - FOTO

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ölkəmizdə yaşayan və hazırda öz vətənlərinə geri dönməyə hazırlaşan 69 nəfər Şri-Lanka vətəndaşının koronavirus üçün PCR testindən keçmələrini təşkil edərək, test xərclərini qarşılayıb və onlara sənədləşmə ilə bağlı digər lazımi köməkliyi göstərib.

Lent.az xəbər verir ki, Şri-Lankadan olan miqrantların qrup lideri Anuruddha Pathirathne, son pullarını təyyarə biletlərinə xərclədikdən sonra, uçuşdan 48 saat əvvəl verilmiş yalnız mənfi "COVID-19" test nəticəsi əks olunan arayışları olan sərnişinlərin göyərtəyə buraxıldıqlarını öyrəndiklərini deyib:

“Bu insanlar yerli universitetlərin tələbələri və onların ailə üzvləridir. Onlar dörd ay karantin rejimi dövründə evdə qalmalı olduqları və bəziləri işə gedə bilmədikləri üçün çoxlarının maddi vəziyyətləri ağır idi. Buna görə PCR testini öz hesablarına ödəyə bilmirdilər. Çıxılmaz vəziyyətdə qalan miqrantlar kömək üçün BMqT-nin yerli nümayəndəliyinə müraciət etdilər".

Layihə əlaqələndiricisi İlyas Nəbiyevin sözlərinə görə Şri-Lankanın ölkəmizdə vətəndaşlarına kömək edə biləcək səfirliyinin olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Bir çoxları artıq təyyarə biletləri aldıqlarından və koronavirus üçün PCR testinin nəticələrini göstərən tibbi arayışlar olmadan təyyarəyə buraxılmayacaqları üçün qısa bir müddət ərzində testləri keçirtmək və bəzi miqrasiya sənədləşmələrini həll etmək lazım idi. O, Şri Lankanın İrandakı səfirliyinin müraciətindən sonra BMqT-nin Azərbaycan nümayəndəliyinin yerli klinikalardan biri ilə PCR testləri aparmaq və nəticələrini bir neçə saat ərzində almaq barədə razılığa gəldiyini deyir:

“Bizə müraciət edən bütün miqrantları uçuşdan bir gün əvvəl bir yerə toplayaraq yerli tibb işçilərinin köməyi ilə PCR testləri apardıq. Test nəticələrinin əks olunduğu arayışları həmin gün axşam aldıqdan sonra onları təyyarəyə minik vaxtını gözləyən miqrantlara təqdim etmək üçün hava limanına getdik. BMqT-nin əməkdaşları mənfi COVID-19 test nəticələrini təsdiqləyən tibbi arayışları, şəxsi qoruyucu vasitələr olan üz maskaları və əlcəkləri hava limanında miqrantlara təhvil verərək onları vətənlərinə yola saldılar".

Həmvətənləri adınan BMqT-nin nümayəndəliyinə öz təşəkkürünü bildirən Şir- Lankadan olan Anuruddha Pathirathne BMqT-nin Azərbaycan nümayəndəliyinin işçilərinin yüksək səviyyədə əlaqələndirilmiş işi sayəsində bütün miqrantların öz vətənlərinə təhlükəsiz şəkildə qayıtdıqlarını qeyd edib.

Şri-Lanka vətəndaşlarına dəstək ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun maliyyələşdirdiyi Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım üzrə regional layihə çərçivəsində baş tutub. Layihə BMqT-nin Qlobal Strateji Hazırlıq və Yardım Planının dörd sütununa, və BMqT-nin Cənubi Qafqaz Müraciətinə uyğundur: "COVID-19"un Mobilliyə Təsirlərlərinin izlənilməsi, Risk Kommunikasiyası və İcma fəaliyyəti, Logistika, Satınalma və Təchizat İdarəçiliyi, Müdafiə.

Dİgər xəbərlər