2019
09:01
30 Avqust 2020

Dünyada bu gün - VİDEO

AĞADADAŞ DADAŞOV

(1935)

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar və tarzən Ağadadaş Hacıbala oğlu Dadaşov 30 avqust 1935-ci ildə anadan olub. 1950-1954-cü illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçib. Məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olub, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib. 1958-1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib. Bəstəkar 2005-ci ildə əməkdar incəsənət xadimi, 2008-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

ƏMİRASLAN ƏLİYEV

(1960-1995)

Azərbaycanın Milli Qəhrəmanı Əmiraslan Rza oğlu Əliyev 1960-cı il avqustun 30-da Naxçıvan şəhərində anadan olub. 1967-1977-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil alıb. 1977-1979-cü illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləyib. 1979-1981-ci illərdə sovet ordusunun tərkibində Ukrayna və Polşada hərbi xidmətdə olub. 1981-1982-ci illərdə Naxçıvan Şüşə Qablar Zavodunda, 1982-1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləyib. 1982-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil alıb. 1992-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılıb. Baş leytenant Əmiraslan Əliyev 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatında həlak olub və Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

RÖVŞƏN ƏLİYEV

(1972-1992)

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Nəriman oğlu Əliyev 1972-ci ilin bu günü Bakı şəhərində doğulub. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb. Sırxavənd və Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. 14 iyun 1992-ci ildə Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Rövşən Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

MİRMEHDİ SEYİDZADƏ

(1907-1976)

Tanınmış Azərbaycan şairi, əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadənin xatirə günüdür. O, 11 noyabr 1907-ci ildə Aşqabadda anadan olub. 1920-ci ildə ailəsi ilə Bakıya köçüb, burada pedaqoji texnikumda təhsil alıb. Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeirlə başlayıb. Onun “Nərgiz”, “Ayaz”, “Qızıl quş”, “Elsevər” və başqa mənzum pyesləri tamaşaya qoyulub, şeirlərinə musiqi bəstələnib. Ömər Xəyyam, Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. “Azərnəşr”də, “Uşaqgəncnəşr”də, Azərbaycan Radio Verilişləri Komitəsində və müxtəlif qəzetlərdə redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə Lenin ordeni ilə təltif edilib. Mirmehdi Seyidzadə 1976-cı il avqustun 30-da vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

İBRAHİM MƏMMƏDOV

(1928-1993)

Azərbaycanın xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədovun anım günüdür. O, 1928-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Ali musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında alıb. 1955-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Xüsusilə simfonik musiqi sahəsində əsərlər yaradıb. "Qəhrəmanlıq simfoniyası", "Təntənəli uvertüra", skripka ilə orkestr üçün "Simfonik variasiyalar", "Balet süitası"nı yazıb. Azərbaycanda ilk uşaq opera-baletinin müəllifidir. 1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərərək "Solfecio", "Alətşünaslıq", "Partituranın üzündən oxunması" kimi fənlərdən dərs deyib. İbrahim Məmmədov 30 avqust 1993-cü ildə vəfat edib.

ŞAHMAR ƏKBƏRZADƏ

(1941-2000)

Görkəmli Azərbaycan şairi, jurnalist Şahmar Əkbər oğlu Əkbərzadə də bu gün xatırlanır. O, 28 dekabr 1941-ci ildə Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə oranı bitirib. Elə həmin il Azərbaycan Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olub. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. 1968-ci ildə Bakı şəhərinə köçüb və "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb, “Kommunist” qəzetində müxbir və şöbə müdiri olub. 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək bu qəzetin baş redaktoru olub. Şahmar Əkbərzadə 2000-ci il avqustun 30-da Bakı şəhərində dünyasını dəyişib.

İOSİF KOBZON

(1937-2018)

SSRİ və Rusiyanın xalq artisti, müğənni İosif Kobzonun anım günüdür. O, 1937-ci il sentyabrın 11-də Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində anadan olub. 48 nömrəli məktəbin səkkizinci sinfini fərqlənmə diplomu ilə bitirdikdən sonra Dnepropetrovsk mədən texnikumuna daxil olub. Boks üzrə keçirilən idman yarışlarında iştirak edib, gənclər arasında şəhər birinciliyini və Ukrayna çempionatını qazanıb. 1956-1959-cu illərdə sovet ordusunda hərbi xidmətdə olub. Daha sonra Qnesinlər adına Dövlət Musiqi və Pedaqoji İnstitutunda vokal sinfini bitirib. 1959-1962-ci illərdə Ümumittifaq Radiosunun solisti, 1989-cu ilə qədər "Moskonsert"in solisti olub. II-VI çağırış Rusiya Dövlət Dumasının deputatı və Mədəniyyət komitəsinin sədri olub. İosif Kobzon 30 avqust 2018-ci ildə vəfat edib və Moskvanın Vostryakovsk məzarlığında dəfn olunub.

SERGEY MURTUZƏLİYEV

(1963-1993)

Azərbaycanın Milli Qəhrəmanı Sergey Murtuzəli oğlu Murtuzəliyevin xatirə günüdür. O, 17 noyabr 1963-cü ildə Bakının Pirallahı qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olub. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb. O, Qarabağa ilk uçuş edən Azərbaycan şahinlərindən biri olub. Dəfələrlə döyüş zonasına uçuşlar edib, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərib. Sergey Murtuzəliyev 30 avqust 1993-cü ildə kursantlara təlim uçuşu zamanı təyyarənin qəzaya uğraması nəticəsində həlak olub və Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Dİgər xəbərlər