1012
09:10
22 Avqust 2020

Dünyanın bu günü - VİDEO

ADELAİDA MƏMMƏDOVA

(1922-2015)

Musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Bülbülünün həyat yoldaşı və Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun anası Adelaida İrza qızı Məmmədova 1922-ci il avqustun 22-də Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflis Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb. 1977-ci ildə yaradılan Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyinin direktoru təyin edilib. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. “Şöhrət” ordeninə və Azərbaycan Prezidentinin Fəxri Diplomuna layiq görülüb. Adelaida Məmmədova 25 aprel 2015-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

İLQAR KƏRİMOV

(1962-1990)

20 Yanvar şəhidi İlqar İsa oğlu Kərimov 22 avqust 1962-ci ildə Goranboy rayonunun Düzqışlaq kəndində anadan olub. Ailə qurduqdan sonra Bakıda fəaliyyət göstərən broyler fabriklərindən birində işləməyə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə işdən evə qayıdarkən sovet əsgərləri tərəfindən güllələnib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İlqar Kərimov Goranboy rayonunun Muzdurlar kənd qəbiristanlığında dəfn edilib.

ELNUR NURİYEV

(1975-1994)

Azərbaycanın Milli Qəhrəmanı Elnur Eyvaz oğlu Nuriyev 1975-ci ilin bu günü Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açıb. Kənd orta məktəbində təhsil alıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Bir müddət təlim keçdikdən sonra cəbhəyə göndərilib. Minaaxtaranlar bölüyünə komandir təyin edilib və Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində, Tərtərdə gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin oktyabr hadisələri zamanı Gəncədə dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatında döyüş tapşırığını yerinə yetirərkən həlak olub və Kürdəmirdə Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Elnur Nuriyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

ƏBÜLFƏZ ELÇİBƏY

(1938-2000)

Azərbaycanın ikinci Prezidenti, milli azadlıq hərəkatının lideri, tarix elmləri namizədi Əbülfəz Elçibəyin anım günüdür. Əbülfəz Qədirqulu oğlu Əliyev 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1963-1964-cü illərdə Misirdə Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. 1968-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib. 1975-1976-cı illərdə millətçi və antisovet fəaliyyətinə görə həbsdə olub. 1976-1992-ci illərdə Azərbaycan EA-nın Əlyazmalar İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi kimi vəzifələrdə çalışıb. 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 7 iyun 1992-ci ildə Prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. 24 iyun 1993-cü ildə Milli Məclisin qərarı ilə onun Prezident səlahiyyətləri ləğv edilib. 1997-ci il oktyabrın 30-da Bakıya qayıdıb, fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Əbülfəz Elçibəy uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

VƏLİ AXUNDOV

(1916-1986)

Görkəmli ictimai-siyasi və dövlət xadimi, Sovet Azərbaycanının 10-cu rəhbəri, akademik Vəli Yusif oğlu Axundovun xatirə günüdür. O, 1916-cı il mayın 13-də Bakının Saray kəndində anadan olub. Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində, Bakı Sənaye Texnikumunda və Azərbaycan Tibb İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsində adi həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib, Rusiya, Belarus, Almaniya və Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak edib. 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi və direktoru, Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifələrində çalışıb. 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı vilayət Səhiyyə şöbəsinin müdiri, 1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini, 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb. 1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1959-cu ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib və bu vəzifədə 10 il çalışıb. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1972-1986-cı illərdə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olub. Vəli Axundov 1986-cı il avqustun 22-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

CƏLAL BAYAR

(1883-1986)

Türkiyənin 3-cü prezidenti Cəlal Bayar da bu gün xatırlanır. O, 16 may 1883-cü ildə Bursa vilayətinin Gemlik rayonunun Umurbəy kəndində doğulub. 1919-cu ildə Saruhan sancağından millət vəkili seçilib, 12 yanvar 1920-ci ildə İstanbulda son dəfə toplaşan Osmanlı Məclisinə qatılıb. TBMM-ə Bursadan millət vəkili seçilib, 1922-ci ildə müvəqqəti olaraq Xarici İşlər naziri vəzifəsini icra edib. 1924-cü ildə Atatürkün tapşırığı ilə Türkiyə İş Bankını yaradıb. 1937-ci ildə Baş nazir təyin olunub. 1946-cı ildə silahdaşları ilə birlikdə Demokrat Partiyasını təsis edib və sədri seçilib. 1950-ci il seçkilərində Demokrat Partiya qalib gəlib, onun sədri kimi TBMM tərəfindən Türkiyənin prezidenti seçilib və 10 il bu vəzifədə çalışıb. 27 may 1960-cı ildə hərbi çevriliş yolu ilə vəzifəsindən uzaqlaşdırılan Cəlal Bayar 22 avqust 1986-cı ildə dünyasını dəyişib.

HACI MAİL

(1935-1999)

Füzulişünas alim, şair, qəzəlxan, filologiya elmləri namizədi Hacı Mail İsmayıl oğlu Əliyevin anım günüdür. O, 25 oktyabr 1935-ci ildə Bakının Nardaran kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra 18 il Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. "Məcməüs-şüəra" ədəbi məclisinin bərpaçısı, "Füzuli" ədəbi məclisinin təşkilatçısı və sədri olub. “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” adlı əsərinə görə filologiya elmləri namizədi elmi dərəcəsinə müdafiəsiz layiq görülüb. Hacı Mail 22 avqust 1999-cu ildə Bakıda vəfat edib.

ALEKSANDR DEMYANENKO

(1937-1999)

Rusiyanın xalq artisti, aktyor Aleksandr Sergeyeviç Demyanenkonun xatirə günüdür. O, 30 may 1937-ci ildə Sverdlovskda anadan olub. Orada məktəbi bitirdikdən sonra aktyorluq sənətinə yiyələnmək qərarına gəlib və bu sahə üzrə təhsil alıb. Akimov adına komediya teatrında, "Lenfilm" kinostudiyasında aktyor kimi çalışıb. "Külək", "Mənim əziz atam", "Yarasa", "Səni heç vaxt unutmayacağam", "Çiyələk" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "I" əməliyyatı və ya Şurikin başqa macəraları" filmindən sonra komediya aktyoruna çevrilib. Onun rol aldığı "I" əməliyyatı", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" filmləri sovet komediya kinosunun "qızıl fond"una daxil olub. Aleksandr Demyanenko 22 avqust 1999-cu ildə vəfat edib və Sankt-Peterburqda dəfn olunub.

RUSLAN MURADOV

(1973-1992)

Azərbaycanın Milli Qəhrəman Ruslan Həmid oğlu Muradov da bu gün xatırlanır. O, 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulub. 1990-cı ildə burada 10 saylı məktəbi bitirdikdən sonra Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb. 22 yanvar 1992-ci ildə Milli Ordu sıralarına daxil olub. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilib və burada qızğın döyüşlərə qatılaraq kəndin erməni işğalçılarından azad edilməsində rol oynayıb. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşdüyü zaman yaralıları xilas etmək üçün aparılan əməliyyatda xüsusilə fərqlənib. 22 avqust 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə ölümündən sonra Ruslan Muradova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Mingəçevirdəki Texniki Humanitar Lisey qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

BƏXTİYAR ƏZİMOV

(1973-1992)

Şəhid Bəxtiyar Cahangir oğlu Əzimovun anım günüdür. O, 1973-cü il yanvarın 24-də Füzuli rayonunun Aşağı Yağlavənd kəndində dünyaya gəlib. Araz Yağlavənd kənd orta məktəbini bitirdikdən sonra Rusiyada hərbi xidmətdə olub. Hərbi xidmətini yarımçıq buraxaraq, yeni yaranan Azərbaycan Ordusuna yazılıb. Bəxtiyar Əzimov 22 avqust 1992-ci ildə şəhid olub. Araz Yağləvənd kənd orta məktəbi onun adını daşıyır.

FƏQAN XUDAVERDİYEV

(1975-2008)

Azərbaycan Quru Qoşunlarının mayoru, şəhid Fəqan Baxış oğlu Xudaverdiyev də xatırlanır. O, 7 avqust 1975-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1993-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. 1997-ci ildən peşəkar hərbçi kimi hərbi xidmətə başlayıb. Şəhid olduğu günə qədər Tərtər, Şəki, Mingəçevir və Gəncədə yerləşən hərbi hissələrdə xidmət edərək mayor rütbəsinə qədər yüksəlib. Nümunəvi xidmətinə görə fəxri fərman, medal, sertifikat və diplomlarla mükafatlandırılıb. Fəqan Xudaverdiyev 2008-ci il avqustun 22-də Tərtər rayonunda şəhid olub və anadan olduğu Qaravəlli kəndində dəfn olunub.