17:35
21 Avqust 2020

Koronavirus xəstələrinin çoxu ağciyər çatışmazlığından ölür - TƏBİB

“Bizdə kritik xəstələrin sayı may ayından sonra artmağa başladı”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O bildirib ki, bütün dünyada koronaviruslu xəstələrin vəziyyətinin kritikləşməsi ağciyər çatışmazlığıdır: “Yanaşı xəstəlikləri olan insanlarda koronavirus ağırlaşır. Diabeti, yüksək təzyiqi, ürək xəstəlikləri olanlarda ağırlaşma baş verir. Tənəffüs çatışmazlığı əsas ölüm səbəbidir. Kornavirus yeni virus olduğu, insan orqanizmi buna yad olduğu üçün immun sistemi kontrolsuz vəziyyətə gəlir, anormal cavab verir. Ən çox zədələnən orqan ağciyər olur. Orqanizm iltihablı maye ilə dolur. İltihablı maye ilə dolan orqanizmin oksigenin alışı və karbonun verişi prosesi pozulur. Daha sonra digər orqanların zədələnməsi baş verir. Orqan çatışmazlığı yaranır. Azərbaycanda və dünyada insanları ağciyər çatışmazlığından itiririk”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, COVID xəstələrinin sayının artması ilə əlaqədar qeyri-COVID xəstələrinin ölüm sayının artması ilə bağlı müraciətlər olmayıb: “Burda məsələ odur ki, COVID xəstəliyi çox sürətlə yayılır. Bu isə qeyri-COVID xəstələrinə tibbi müdaxilənin gecikməsinə səbəb ola bilərdi. Biz bunu nəzərə almışıq. Hansısa xəstəxananı koronavirusla mübarizəyə ayırırıqsa, qeyri-COVID xəstələrinin müalicəsi üçün alternativ yollar düşünülür”.

Dİgər xəbərlər