1224
09:06
21 Avqust 2020

Dünyanın bu günü  - VİDEO

BƏKİR NƏBİYEV

(1930-2012)

Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanın əməkdar elm xadimi, akademik Bəkir Əhməd oğlu Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Ağdaşda 1 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə müharibə illərində başlayıb. Ağdaş radio şəbəkəsinin diktoru olub, sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik edib. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc edilib. Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlayıb. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katibin müavini, ədəbi işçi, "Kommunist qəzeti"ndə mədəniyyət şöbəsinin müdiri, Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, şöbə müdiri və elmi katib, Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru, Azərbaycan Ədəbiyyat Fondunun sədri işləyib. 1987-ci ildən 2001-ci ilədək AMEA-nın Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi vəzifəsində çalışıb, 2003-cü ildə AMEA-nın müşaviri seçilib və həmin ildən ömrünün sonunadək akademiyanın Ədəbiyyat İnstitutuna rəhbərlik edib. 51 kitabın, 800-dən artıq məqalə və resenziyanın müəllifidir. İki dəfə Dövlət Mükafatı, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunan Bəkir Nəbiyev 15 mart 2012-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ADNAN ŞƏNSƏS

(1935-2013)

Türkiyənin məşhur müğənnisi, bəstəkar və kino aktyoru Adnan Şənsəs 1935-ci il avqustun 21-də Türkiyənin Bursa şəhərində anadan olub. Orta məktəbi İstanbulda bitirib. Ailəsinin istəyi ilə bir müddət dülgərliklə məşğul olduqdan sonra 1956-cı ildə musiqi dünyasına qatılıb. 16 il Ankara Radiosunda çalışıb, 47 filmdə rol alıb. Mədə xərçəngindən əziyyət çəkən Adnan Şənsəs 25 dekabr 2013-cü ildə İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

MURTUZA AXUNDZADƏ

(1877-1920)

Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Murtuza Axundzadənin xatirə günüdür. O, 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra Quba sakinləri onu parlament üzvlüyünə layiq bilib. "Müsavat" fraksiyasına daxil olan Murtuza bəy parlamentin 96 üzvündən birinə çevrilib. 1920-ci ilin aprel işğalından sonra həbs olunan Murtuza Axundzadə avqustun 21-də güllələnib və yalnız 72 il sonra bəraət alıb.

LEV TROTSKİ

(1879-1940)

Sovet dövlət və siyasi xadimi, tanınmış inqilabçı və nəzəriyyəçi Lev Davidoviç Trotskinin anım günüdür. O, 7 noyabr 1879-cu ildə Rusiya imperiyasının Xerson quberniyasının Yanovka kəndində anadan olub. 1889-1895-ci illərdə Odessa şəhərində oxuduğu məktəbdən qovulduqdan sonra təhsilini davam etdirmək üçün gəldiyi Nikolayev şəhərində inqilabi fəaliyyətə başlayıb. İlk əvvəl xalqçılara qoşulsa da, daha sonra əvvəllər əleyhinə olduğu marksizm ideologiyasını mənimsəyib. 1896-cı ildən sosial-demokrat hərəkatına qoşulub. 1904-cü ildən bolşevik və menşeviklər birliyi fraksiyasında iştirak edib, 1905-1907-ci illərdə Petroqradda Fəhlə Deputatlar Sovetinin lideri olub. Həmin illərdə "İzvestiya" qəzetinin, 1908-1912-ci illərdə isə "Pravda" qəzetinin redaktoru kimi çalışıb. Rusiyada Oktyabr çevrilişindən sonra 1917-1918-ci illərdə Sovet Rusiyasının xarici məsələlərinə, 1918-1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq edib, Qırmızı Ordunun yaradıcılarından biri və ilk komandanı olub. Hakimiyyət uğrunda Stalinlə mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələndikdən sonra 1927-ci ildə partiyadan çıxarılaraq Almatıya göndərilib. 1929-cu ildə SSRİ-dən qovulub, 1932-ci ildə isə Sovet vətəndaşlığı əlindən alınıb. Stalinin göstərişi ilə 21 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada yaşadığı mənzildə buz baltası ilə öldürülüb və Mexiko şəhərində dəfn olunub.

MİKAYIL ABDULLAYEV

(1921-2002)

SSRİ və Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Mikayıl Hüseyn oğlu Abdullayev də bu gün xatırlanır. O, 19 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1958-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1963-cü ildə Azərbaycan rəssamları arasında ilk dəfə olaraq SSRİ xalq rəssamı fəxri adına, 1969-cu ildə beynəlxalq Cəvahirləl Nehru mükafatına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. V-IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "İstiqlal" ordeni, bir sıra digər orden və medallarla təltif olunan Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

YURİ NİKULİN

(1921-1997)

Tanınmış gülüş ustası, SSRİ xalq artisti Yuri Vladimiroviç Nikulinin xatirə günüdür. O, 18 dekabr 1921-ci ildə Rusiyanın Demidov şəhərində dünyaya gəlib. Əsasən sirk artisti kimi tanınan Nikulin məşhur kloun Karandaşın rəhbərlik etdiyi qrupda fəaliyyətə başlayıb. 1982-ci ildən ömrünün sonuna kimi Moskva Dövlət Sirkinin baş rejissoru işləyib. O, kino aktyoru kimi də böyük şöhrət qazanıb. “Qafqaz əsiri”, “I” əməliyyatı və ya Şurikin başqa macəraları”, “Brilyant əl” və s. filmlərdə yaratdığı obrazlar ona ümumxalq sevgisi qazandırıb. Yuri Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat edib.

GÜNDÜZ ABBASOV

(1930-1995)

Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam Gündüz Şəmsəddin oğlu Abbasovun anım günüdür. O, 20 noyabr 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib. 1952-ci ildə Azərbaycan Rəssamlıq Məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar ona böyük populyarlıq gətirib. Ciddi rollarla yanaşı, "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Gündüz Abbasov 21 avqust 1995-ci ildə vəfat edib.

Dİgər xəbərlər