Zəhərli qarpız yetişdirirlər: TƏMİZ QARPIZ...- AİB sədri
14 avqust 2020 16:19 (UTC +04:00)

Zəhərli qarpız yetişdirirlər: TƏMİZ QARPIZ...- AİB sədri

Qarpız-yemiş mövsümüdür. Satan və  alan da kifayət qədər çoxdur. Lakin insanlar qarpızın tamından və iyindən giləməyvənin əsl dad və iyini ala bilmirlər. Qarpızların dadsız, içinin qırmızıdan daha çox başqa rənglərə çalması, iyinin xoşagəlməz olması nə ilə bağlıdır? Əhali qarpızın keyfiyyətlisini necə tanımalıdır?

Mövzu ilə bağlı Lent.az-ın suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb.

Bildirib ki, qurum olaraq illərdir qarpızın tərkibində olan nitritlərin miqdarını ölçürlər: “Neçə illərdir ki, vəziyyət dəyişmir. Qarpızın-yemişin tərkibində nitritlərin miqdarı artıqdır.  Düzdür, son üç ildə bir qədər azalma gedir. Bu da Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlıdır. Lakin bu gün də bazarada olan qarpızların tərkibində nitritlərin miqdarı normadan iki-üç dəfə artıqdır. Təəssüf ki, kənd təsərrüfatı ilə məşğul olanlar qarpıza çox gübrə verir və zəhərli qarpız yetişdiririrlər”.

Keyfiyyətli qarpızı necə seçməli?

AİB sədri yaxşı qarpızı tanımağın üsullarından da danışıb: “Əhali bilməlidir ki, Azərbaycanda yetişən təmiz tərkibli qarpız 5 kiloqramdan artıq olmur. Qarpızın içi çəhrayı deyil, al-qırmızı rəngdə olur.  Qabığı yarım santimetrdən artıq olmalı deyil. Bıçaq dəyəndə partlamalıdır. Çox dərman verilmiş qarpız çəhrayı olur, içərisində yoğun ağ zoğlar olur və hətta o biriləri ilə müqayisədə bir az şirin də olur. Lakin əsl qarpız, dediyim kimi,  al-qırmızı rəngdə, tumları böyük olmalıdır. İçərisində tumlar çox olmalıdır”.

E.Hüseynov hesab edir ki, bazarlarda qarpızla bağlı xüsusi monitorinqlər aparılmalıdır. Onun sözlərinə görə, qarpız yetişdirənlər də gübrələrin miqdarına diqqət etməlidirlər: “Təəssüf ki, hətta mövsümündə belə qarpızların tərkibində olan nitritlərin miqdarı azalmır.

Qarpızlarla bağlı analoji vəziyyət yemişlərə də aiddir. Torpaq nitritlərlə çirkləndiyindən mövsüm qarpızlarının tərkibində də erkən yetişdirilən qarpızlarda olduğu kimi təhlükəli maddənin miqdarı çox olur”.

# 6130
avatar

Aygün İbrahimli

Oxşar yazılar