1390
09:05
12 Avqust 2020

Dünyanın bu günü  - VİDEO

1. FƏRHAD AĞAZADƏ

(1882-1931)

Tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, ictimai xadim Fərhad Məşədi Rəhim oğlu Ağazadə 12 avqust 1882-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini Şuşada alıb. 1896-1900-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuyub. Şuşa və Gorusda ikisinifli məktəbdə müəllim işləyib. 1905-ci ildə Bakıya köçüb, buradakı Rus-Azərbaycan məktəbinin III şöbəsinə müəllim təyin edilib. 1907-ci ildə əvvəlcə IV, sonra I Rus-Azərbaycan məktəbində müəllim işləyib. Azərbaycanda maarifin inkişafında özünə məxsus yeri olan “Nicat” xeyriyyə cəmiyyətinin yaranmasında yaxından iştirak edib. Dövri mətbuatda “Şərqli” təxəllüsü ilə yazılar dərc etdirib, əlifba islahatı ilə bağlı silsilə məqalələr yazıb. Mirzə Fətəli Axundovdan sonra yeni əlifba uğrunda ardıcıl mübarizə aparan ən fəal Azərbaycan ziyalılarından olub, Sovet İttifaqı üzrə yaradılmış Yeni Əlifba Komitəsi Şurasının 14 üzvündən biri olub. Fərhad Ağazadə 1931-ci il yanvarın 4-də dünyasını dəyişib.

2. QABİL

(1926-2007)

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində, 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında təhsil alıb. Müxtəlif illərdə Yardımlı və Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri, “Kommunist” qəzetində tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib. "Gəl, baharım” adlı ilk şeiri 1944-cü ildə "Ədəbiyyat” qəzetində çap olunub. 1950-ci ildə "Səhər açılır” adlı kitabı işıq üzü görüb. "Mənim mavi Xəzərim”, "Küləkli havalarda”, "Qoy danışsın təbiət”, "Vətəndaş sərnişinlər” və digər kitabların müəllifidir. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Qabil İmamverdiyev 2007-ci il aprelin 4-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

3. BORİS XETAQUROV

(1940)

Azərbaycanın əməkdar həkimi, cərrah Boris Naneeviç Xetaqurov 1940-cı ilin bu günü Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1965-ci ildən 2003-cü ilə qədər paytaxtın "Neftçi" futbol klubunda həkim vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək “Xəzər-Lənkəran” klubunda işləyib. Boris Xetaqurov 1992-ci ildən Azərbaycan milli futbol komandasının həkimidir.

4. RAFAEL HÜSEYNOV

(1955)

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Rafael Baba oğlu Hüseynov 12 avqust 1955-ci ildə Kürdəmirdə anadan olub. 12 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars filologiyası ixtisası üzrə təhsil alıb. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, Orta əsrlər Şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində şöbə müdiri vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə "İrəli" qəzetinin səhifələrində dərc olunan şeirləri ilə başlayıb. “Vaxtdan uca”, “Min ikinci gecə” və “Məhsəti necə varsa” kitabları ona böyük populyarlıq qazandırıb. Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifidir. Bakıdakı bir sıra ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olub. Rafael Hüseynov 2001-ci ildən Azərbaycan Milli Məclisinin və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.

5. FƏXRƏDDİN CƏBRAYILOV

(1958)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov 1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olub. Orta təhsilini Culfada aldıqdan sonra 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1979-cu ildə təhsilini başa vurduqdan sonra təyinatla Almaniyada yerləşən sovet ordusuna qrup komandiri göndərilib. 1984-cü ildə fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirib. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirib. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayıb. 1992-ci ildə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi, daha sonra "N" saylı taborun komandiri vəzifəsinə təyin olunub. 1993-cü ildə Beyləqan, 1994-cü ildə Füzuli və Kəlbəcər rayonlarında gedən döyüşlərdə hazırladığı əməliyyat planı ilə düşməni ağır itkilərə məruz qoyub. Azərbaycan Prezidentinin fərmanı ilə 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeninə, 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Polkovnik Fəxrəddin Cəbrayılov 1996-cı ildən Qaradağ rayonunun hərbi komissarı, 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsində çalışıb. General-mayor Fəxrəddin Cəbrayılov 2015-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

6. SƏRDAR SƏFƏROV

(1960-1991)

Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədəd oğlu Səfərov 1960-cı ilin bu günü Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə məktəbi bitirib və kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirib. 1991-ci ildə Vətənə dönüb və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayıb. 25 sentyabr 1991-ci ildə Əsgəran rayonu ərazisində erməni terrorçularının sərnişin avtomobilinə hücumunu araşdırmaq üçün göndərilən istintaq qrupunun müstəntiqi olub. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında ermənilərin hücumuna məruz qalıb və Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub, Kəlbəcər rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

7. EMİN QULİYEV

(1976-1995)

Azərbaycanın Milli Qəhrəmanı Emin Ələkbər oğlu Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olub. 1983-1993-cü cü illərdə 228 saylı orta məktəbdə təhsil alıb. 25 avqust 1994-cü ildə Milli Ordu sıralarına çağırılıb. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olub. 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi əməliyyatında həlak olub və Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Emin Quliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

8. ELÇİN İMANOV

(1967-1990)

20 Yanvar şəhidi Elçin Beydulla oğlu İmanov 1967-ci il avqustun 12-də Şirvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tələbə yoldaşları ilə birlikdə olarkən sovet əsgərləri tərəfindən atəşə tutulub. 4-cü kurs tələbəsi olan Elçin İmanov xəstəxanaya aparılarkən yolda vəfat edib və Salyanda dəfn olunub.

9. TƏBRİZ MUSAZADƏ

(1981-2016)

Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru, şəhid Təbriz Tariyel oğlu Musazadə 1981-ci ilin bu günü Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş-texniki hazırlığın təlim mərkəzini, 2011-ci ildə Türkiyədə uçuş təhlükəsizliyi kursunu bitirib. 24 iyun 2004-cü ildən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət edib. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və heyət üzvləri qəhrəmancasına şəhid olub. Təbriz Musazadə və digər heyət üzvlərinin nəşi aprelin 10-da neytral ərazidən götürülüb və bir gün sonra Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib. Təbriz Musazadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

10. ŞAHMAR ƏLƏKBƏROV

(1943-1992)

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, kino aktyoru Şahmar Zülfüqar oğlu Ələkbərovun anım günüdür. O, 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə götürülüb. Xalq artisti Adil İsgəndərov onu "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət edib. Kinostudiyada aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi ali məktəbdə saxlanılıb. Eyni zamanda teleradio sahəsində də fəal olub. Azərbaycan radiosunda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. “Babək”, “Dağlarda döyüş”, “Qatır Məmməd”, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” və digər filmlərdə yadda qalan obrazlar yaradıb. Kinoda sonuncu işi rejissor kimi lentə aldığı “Qəzəlxan” filmi olub. Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

11. AKİF ƏKBƏROV

(1952-1991)

Azərbaycanın Milli Qəhrəmanı Akif Abbas oğlu Əkbərovun xatirə günüdür. O, 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhərindəki 1 saylı orta məktəbi bitirib. 1970-1972-ci illərdə hərbi xidmətdə olub. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Beyləqan Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunub. Avqustun 12-də ermənilər Cermuq şəhəri tərəfdən yaylağa hücuma keçiblər. Akif Əkbərov hücumun qarşısını alarkən qəhrəmancasına həlak olub və Beyləqan rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Akif Abbas oğlu Əkbərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.