“Düşmən ordusunda və hakimiyyətində böhran labüddür” – Emin Həsənli
07 avqust 2020 14:47 (UTC +04:00)

“Düşmən ordusunda və hakimiyyətində böhran labüddür” – Emin Həsənli

 

 

Ermənistan Müdafiə Nazirliyinin daxilində vəzifəli şəxslərin sürətli dəyişiklik dalğası gözlənilir. Lent.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-i informasiya yayıb. Xəbərdə bildirilir ki, bu proses artıq başlayıb və təmizləmələr davam etdiriləcək. 

 

Xəbəri Lent.az-a şərh edən Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli hesab edir ki, düşmən ordusunda aparılan yoxlamalar və dəyişikliklər Tovuz hadisələrində Ermənistanın növbəti uğursuzluğunun nəticəsidir. Onun fikrincə, Ermənistan yeni aprel döyüşlərini yaşadı və növbəti sarsıdıcı zərbə aldı:

 

“2016-cı il aprel hadisələrindən sonra Ermənistan özünə gələ bilmirdi və ordu çox böyük psixoloji zərbə almışdı. Onları 25 ildir aldatmışdılar ki, Azərbaycan ordusuna qalib gəlmişik, bizim müdafiə xəttimiz keçilməzdi və s. Amma Azərbaycan əsgəri o mənhus “Ohanyan xətti”ni 40 dəqiqə ərzində darmadağın olundu. İndi də Tovuzda bu hadisəni törətməklə siyasi hakimiyyəti, həm də ordusunu düşdüyü ağır mənəvi-psixoloji vəziyyətdən çıxarmaq istəyirdi. Eyni zamanda, Rusiyanı, KTMT-ni bu prosesə cəlb etməklə, cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq istəyirdilər. Ermənistan qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi”.

 

Ekspertin fikrincə, rəsmi İrəvan böhran durumundadır və məqsədlərinə çata bilmədikləri üçün qəzəblidir: “Paşinyan hakimiyyətə gələndə bildirmişdi ki, Qarabağ məsələsini həll edəcək, Ermənistanı qərbə doğru aparacaq və işsizliyi aradan qaldıracaq. Heç bir məsələni həll edə bilmədi və pandemiya dövründə gərginlik yarandı. Ona görə də Tovuz istiqamətində təxribata əl atdılar. Ancaq bu dəfə aprel hadisələrindən daha böyük zərbə aldılar. Bir müddətdən sonra bunun nəticələrini açıq  görəcəyik. KTMT açıq şəkildə bildirdi ki, Ermənistana görə Azərbaycanla müharibə etməyəcək. Qazaxıstan, Qırğızıstan, Belarus Azərbaycanı dəstəklədi və Rusiya da öz fikrini bildirdi. İlk dəfə Amerika tarixində ermənilərin əleyhinə o cür qətnamə qəbul olunaraq, Azərbaycanın ərazi bütövlüyü tanındı və Ermənistanın birbaşa təcavüzkar olduğu bildirildi”.

 

Müsahibimiz hesab edir ki, bu zərbədən sonra Ermənistan Müdafiə Nazirliyində istefalar və dəyişikliklər, həmçinin siyasi hakimiyyət və dövlət böhranı labüddür: “Ermənistanın bir çıxış yolu var - torpaqları boşaldıb Türkiyə və Azərbaycanla normal münasibət qursun. Əks halda, Azərbaycanın işğal olunmuş əraziləri məsələsi həll olunmasa, Ermənistanda stabil dövlət və hakimiyyət olmayacaq. O səbəbdən, biz bundan sonra hələ tez-tez Ermənistandakı çevrilişlərə şahid olacağıq və ölkədəki proseslər idarəolunmaz hala gəlib çıxacaq. Ermənilər özləri açıq bəyan edirlər ki, biz istəmirik övladlarımız Azərbaycan torpaqları uğrunda ölsün. Ermənistan heç bir hüquqi addım ata bilmədiyinə görə, bu, əhalidə qıcıq yaradır. Orda əsgərlər tələf olanda deyirlər niyə old,u amma Azərbaycan şəhid verəndə hər kəs qəbul edir ki, haqlı müharibə aparırıq və öz torpaqlarımız uğrunda ya şəhid, ya qazi olmağa hazırıq!”

 

 

# 2593
avatar

Oxşar yazılar