5995
writer1

Səbuhi Məmmədli

Məqalə sayı : 296

13:47 04 Avqust 2020

Dənizə lağ edənlər

Budur, SMS icazə ləğv edildi, çimərliklərin fəaliyyətinə icazə verildi. Toy mərasimləri, metro, ticarət və əyləncə mərkəzləri...bunlar da olacaq.

Tədricən yumşalma gedəcək, həyat öz axarına qayıdacaq. Buna qətiyyən şübhəniz olmasın.

İndilikdə isə sizə dənizdən danışmaq istəyirəm. Hə, o dənizdən, Xəzərdən. Aylardı üzünə həsrət qaldığımız Xəzərdən. Buyurun, istəkləriniz nəzərə alındı, çimərliklərə getməyə şərait yaradıldı. Özü də tam təhlükəsiz şəraitdə. Belə heç vaxt olmamışdı. Təsəvvür edin, vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün cimerlik.az saytı da istifadəyə verilib. “ASAN xidmət” pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübə, onların çimərlik üzrə tətbiq etdiyi qayda və şərtləri araşdırıb. Artıq bir neçə ölkədə bu təcrübə tətbiq edilirdi. Çimərlikləri olan ölkə kimi karantin müddətində bizim ölkədə də bunun olması müsbət haldır.

Dəniz istəyirdiniz, buyurun. Səhər saat 8-dən axşam 21-ə kimi Xəzərin sahilindəki 120 çimərlik külli ixtiyarınızdadı. Aylardı çimərlik arzusunu dilə gətirənlər indi də bu mövzunu lağa qoyurlar. Biz rayonlara getmək istəyirik deyirlər. Sizi inandırıram, əgər dünən Operativ Qərargah rayonlara gediş-gəlişlə bağlı yumşalmaya getsəydi, türklər demiş, konu bu olacaqdı: Bizə dəniz verin!

Siz yəqin Sabir Abdinov adlı şair eşitməmisiniz. Amma bəstəkar Nadir Əzimov və Eyyub Yaqubovu mütləqa tanıyırsınız. Hə, düz başa düşdünüz. O məşhur mahnını, “Mənə dəniz verin”i ərsəyə gətirənlər. Necə deyilirdi orda?

- Mənə dəniz verin, o, tənha qalıb,

O, məni axtarır, məni gözləyir,

Gözləmə də bitdi. Aylardır dəniz sözü sosial şəbəkələrdə dilinizdən, statusunuzdan düşmürdü. Təhlükəsiz şəraitdə istirahətinizi təmin etmək üçün çimərlikləri açırlar, indi də lağ edirsiz, ya da deyirsiz, çimərlikləri nə edirik? Axı özünüz də gözəl bilirsiniz, çimərliklərə buraxılması üçün qısa zamanda hansı hazırlıqlar aparılıb. Əslində, bir növ böyük bir iş ortalığa qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib.

Bəziləri də başlayıb ki, çimərliklə niyə sərində, avqustda açıldı. Əvvəla, avqust ilin ən isti ayıdır. İki gündü sərin olmasına baxmayın. Qarşıda bizi istilər gözləyir. Yəni dənizin keyfini çıxarmaq üçün hələ oktyabracan belə vaxt var. Bu müddətdə dəniz də isinəcək. Şair də nahaq yerə deməyib ki:

- Mənə dəniz verin, isinim bir az,

Onun gözlərinə qarışam bəlkə.

Məsələnin digər tərəfi isə ümumiyyətlə, pandemiyanı ciddiyə almayıb, Operativ Qərargahın qərarlarına lağ edilməsidir. Hər ağızdan bir avaz çıxır. Pandemiya sözünün mənasını bilməyənlər, bu sözü düz-əməlli yaza bilməyənlər bu gün ağlı öyrətməkdən yanadır.

Olmur belə, olmur. İnanın, dəniz-dəniz deyib dil boğaza qoymayanların çoxu heç oralara getməyəcək adamlardı. Sadəcə, mız qoyub, dil qəfəsə qoymayanlar ən ciddi işlərə baş qoşmaq həvəsinə düşüblər.

Hə, dənizə qadağa götürüldü. Sabah rayonlara gedişə icazə veriləcək. Biri gün Mollar və restoranlar açılacaq. Daha sonra toylar. Və bir gün bu günləri çox pis yuxu kimi xatırlayacağıq.

- Səhər açılanda, gecə düşəndə,

Mənə dəniz verin, qoy darıxmayım.

...Darıxmayın, vallah, az qalıb.