17:08
28 İyul 2020

Cinayət törədib Rusiyada gizlənənlər Azərbaycana təhvil verildi

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilmələri barədə sorğu edilib.

Baş Prokurorluqdan Lent.az -a daxil olan məlumata görə, Şirxan Abdullayevin 2015-cil martın 15-də Gəncə şəhərində aralarında baş vermiş münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına, Elvin Cəfərovun 2017-ci il aprelin 3-də Bakı şəhərində sifariş əsasında qabaqcadan əlbir olan bir qrup şəxslə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə adam oğurluğuna cəhd etməsinə, Fuad Abbasovun 2019-cu il iyunun 22-də Bakı şəhərində aralarında yaranmış mübahisə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına, Mehdi Şükürovun 2016-2019-cu illər ərzində bir qrup Azərbaycan vətəndaşları ilə cinayət əlaqəsinə girərək İran və Suriya ərazilərində qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin Rusiya Federasiyasının ərazisində yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusu təmin edilməklə qeyd edilən şəxslər cari il 23 və 27 iyul tarixlərində Azərbaycan Respublikasına ekstradisiya ediliblər.

Dİgər xəbərlər