9688
writer1

Cavidan Mirzəzadə

Məqalə sayı : 1

14:56 22 İyul 2020

Ədəbiyyatı şou-biznesə çevirənlər

Kulis.az Cavidan Mirzəzadənin “Savadsız yazıçılarımız” yazısını təqdim edir.

Müasir ədəbi mühitimizdəki insanlar və oxucularda belə bir fikir formalaşıb: “Əgər yazıçı ədəbiyyatı bilirsə, çoxlu bədii əsər oxuyubsa, savadlıdır”. Bir dəfə müasir yazarlarımız barədə danışarkən tanınmış jurnalist olan iş yoldaşım demişdi: “Kəraməti yaxından tanıyıram, savadlı adamdır, ədəbiyyatı əla bilir”.

Müasir yazarlarımız nəhayət başa düşməlidilər ki, ədəbiyyatı yaxşı bilmək insanı sadəcə savadlı ədəbiyyatçı, yaxşı tənqidçi edir, amma yazıçı etmir, heç intellektual insan da etmir. İntellektual insan bütün elm sahələrindən az da olsa məlumatı olan insandır. Bizim toplumda ən yaxşı ədəbiyyatçı, ssenarist, rejissor belə, ortabab bir iqtisadçıya, fizikə, tarixçiyə ümumi dünyagörüşündə uduzar. Həm İncəsənət Universitetində oxumuş, həm də digər sahələrdə çalışmış biri olaraq bunu özüm üçün dəqiqləşdirmişəm.

Qustav Le Bon özünün “Kütlə psixologiyası” kitabında yazır: “Bilmək hər şeyi əzbərləmək deyil, səbəb və nəticə arasındakı əlaqəni qurmağı bacarmaqdır”.

Bizim yazarlar isə özlərini “bilgi zibilliyinə” çevirirlər, saysız-hesabsız yazıçı, şair adları tanıyırlar, tanımaqla kifayətlənməyib ilahiləşdirirlər də. Hərdən sosial şəbəkələrdə, məqalələrdə elə yazıçı adları çəkirlər ki, heç öz ölkəsində o yazıçını xatırlayan yoxdur.

Burada primitiv də olsa futboldan bir misal çəkməli oluram: Yaxşı futbolçu olmaq üçün başqa liqaları izləmək, futbol matçlarını izləmək və hesabları, statistikaları əzbərləmək nə dərəcədə önəmlidir? Saydıqlarım futbolçunun yox, futbol şərhçilərinin, məşqçilərin işidir. Ədəbiyyatda da həmçinin belədir.

Demək istədiyim o deyil ki, yazıçı ədəbiyyatı bilməməlidir, bədii əsər oxumamalıdır. Amma yazıçının digər elmlərdən də məlumatı olmalıdır.

Düşünə bilərsiz ki, bəs yazıçı nə oxusun, yazıçının nəyinə gərəkdir başqa elmlər? Buna cavab vermək üçün də bir misal gətirim. Bir müddət əvvəl “Facebook”da Zahid Sarıtorpağın bir şeiri qarşıma çıxdı:

…aradan neçə işıq ili ötdü görən
üzü işıqlığa çıxanacan adamın
neçə sərgərdan işıq ili qoparıldı
onun Can Təqvimindən…

Göründüyü kimi müəllif burada “işıq ili” terminini zaman vahidi kimi işlədib. Amma müəllifin təbiət elmlərindən azacıq məlumatı olsa, işıq ilinin zaman yox, məsafə vahidi olduğunu bilərdi. (Bir işıq ili – işığın bir il ərzində qət etdiyi məsafədir. Məs: 5 işıq ili uzaqlıqdakı ulduza çatmaq üçün 5 il işıq sürəti ilə hərəkət etməlisiz).

Qısası, ədəbiyyatı yaxşı bilməyiniz hələ sizin intellektual, savadlı insan olduğunuz anlamına gəlmir. Ədəbiyyatı bilmək ədəbiyyat tarixçisinin, ədəbi tənqidçinin işidir. Yazıçı olmaq üçün isə geniş dünyagörüşü lazımdır.

Axı yazıçının predmeti insan, insan taleləridir. Belə olan halda psixologiya, sosiologiya, sosial tarix kimi elmlərə bələd olmayan biri necə keyfiyyətli əsər yaza bilər? Təəssüf ki, bu gün vikipediyadan oxuduğu məlumatlarla köşə yazıları, məqalələr yazan yazan yazıçılarımız var.

Bu gün ədəbiyyat saytlarında və sosial şəbəkələrdə bir dənə biologiya, fizika, astronomiya kitabı oxumamış insanları yaradılışdan danışır, “Allahı axtarırlar”. Adını çəkə biləcəyi 2 sosioloq olmadığı halda cəmiyyətə ağıl verir, cəmiyyətdəki qüsurları təhlil edirlər.

Düzdür, dünyagörüşü və savad yaxşı bədii əsərin yazılması üçün mütləq əsas şərt deyil, amma şərtlərdən biridir. (Məsələn, Maksim Qorkinin mükəmməl təhsil və mütaliəsi yox idi, əvəzində məharətli müşahidəçi idi).

Yaradıclıq da yuxu kimidir. İnsan real həyatda görmədiyi bir görüntünü yuxuda görə bilməz, eşitmədiyi bir səsi yuxuda eşidə bilməz. Ona görə də, bu gün ədəbiyyatımızda yazılan mətnlərin hamısı bəsit mövzulardan bəhs edir. Çünki onu yazan beyinlər də bəsitdir.

Nəzərə alsaq ki, yazarlarımızın əksəriyyəti sosial şəbəkələrdə aktivdirlər, inanmıram onların bu elmləri oxumağa, ən azından zəruri, təməl elm sahələrinə aid təməl kitabları oxumağa zamanları qalsın. Ümumiyyətlə bu gün özünü yazar adlandıran və ortalıqda heç bir ciddi mətni olmayan “yazarlar” “Tik-Tok”da səviyyəsiz videolar çəkənlərin bir üst versiyasıdılar. Hansı ki, onlar ancaq “Facebook”da məşhurdular, bir növ sosial şəbəkə fenomenidilər, yazıçı, şair deyillər.

Bəs niyə bu “yazarlar” gündəmə gələr bilirlər? Axı onların tək etdiyi şey bütün gün sosial şəbəkələrə anlamsız statuslar yazıb, saytlara heç bir mənası olmayan yazılar paylamaqdır, kimdir axı bu adamlar? Çünki cəmiyyətin intellektual səviyyəsi aşağıdır. Onlar bu savadla gedib Yaponiyada, Almaniyada gündəmdə qala bilərlərmi? Bir atalar sözündə deyildiyi kimi: “Bir yerdə ki, kiçik insanların böyük kölgələri görünür, demək o yerdə günəş batır”.

Son illərdə isə ədəbiyyat mühitində “şou-biznes”dən oğurlanma bir tendensiya müşahidə edilir: Bir-biri ilə şəxsi həyatda münasibəti olan bu dırnaqarası yazarlardan biri digərini tənqid edir. (Yenə ortada tənqid olunası ciddi mətn olsa, dərd yarı…). Sonra digəri bu yazıya bir yazı yazır, sonra da digərləri qoşulur. Beləcə gündəm olub öz içlərindəki boşluğu doldururlar. Müasir insanın ən böyük xəstəliklərindən biri də budur: Daim diqqət mərkəzində olum, məndən danışsınlar, statuslarıma rəy yazıb, bəyənsinlər. Sosial şəbəkələrin prinsipi də bunun üzərində qurulub.

“Niyə bu toplumdan ciddi bir yazıçı çıxmır?” sualının təhsil və savadla bağlı cavablarını sadalamağa çalışdım. Amma təbii ki, tək səbəb savadsızlıq deyil. Bu məsələdə toplumun xarakteri, iqtisadi amil, cəmiyyətin ümumi psixologiyası, həyat tərzi və yetişdiyimiz mühit də rol oynayır. Dərd bir olsa, ağlamağa nə var ki?