13:28
21 İyul 2020

İstirahətə gələnlər yaxa qurtarmaq üçün belə bəhanə gətirdilər - FOTO

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməkliyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində gəldikləri məlum olub.

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Bundan başqa, polis əməkdaşları bəzi iaşə obyektlərinin karantin rejiminin tələblərini açıq-aşkar pozduqlarını, müştərilər arasında sosial məsafənin gözlənilmədiyini və həmçinin xidmət personallarının əksəriyyətinin tibbi maska və əlcəkdən istifadə etmədiyini də müəyyən ediblər ki, həmin şəxslər barəsində də qanunamüvafiq təbir görülüb.

Dİgər xəbərlər