4285
16:22
17 İyul 2020

Məleykə Abbaszadə: "Bizim abituriyentlər psixoloji cəhətdən buna hazır deyillər"

“Onlayn sınaq imtahanları təkcə pandemiya dövründə keçirilməyib, əvvəllər də olub. Təəssüf ki, onlayn sınaq imtahanlarına çox az adam yazılır”.

APA-nın məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, pandemiya dövründə onlayn sınaq imtahanları pulsuz təşkil edilib: “Həmin imtahanlarda 130 mindən çox şəxs yararlanıb".

M.Abbaszadə qeyd edib ki, pandemiya dövründə yeni növ imtahan da keçirilməyə başlanıb: “Bunlar DİM mütəxəssisləri tərəfindən işlənən proctor, yəni müşahidəçi ilə olan imtahanlardır. Bu, o deməkdir ki, imtahanlarda iştirak edən şəxs xüsusi proqramı kompüterinə yükləməlidir. Onun imtahan verdiyi prosesi ayrıca kimsə müşahidə edir. Bir müşahidəçi təxminən 10 abituriyenti müşahidə edir. Rs, ingilis bölmələrində oxuyan şagirdlər üçün Azərbaycan dili üzrə dövlət dili imtahanını təşkil etmişdik. Bu imtahanların nəticəsi onu göstərdi ki, imtahana yazılanlarla iştirak edənlərin sayı arasında çox böyük fərq var. Məsələn, 500 nəfər üçün yer elan edirdik, yarım saata 500 nəfər yazılırdı. Amma imtahanda 200-300 nəfər iştirak edirdi.

Başa düşmürlər ki, iştirak etməyənlər kiminsə yerini tutub, iştirak etmək istəyən kimsə iştirak edə bilməyib. Qoşulanların bir qismi açıb proqrama baxıb sonra bağlayırdılar. Proctorlar həmin şəxslərə proqramın kompüterə yazılması, kameranın müvafiq qurulmasına nəzarət edirdi, həmin proses zamanı otaqda başqa heç kimin olmaması qaydasına çox az adam riayət edirdi, imtahan zamanı kiminləsə danışırdı, biz də bunu görürdük. Bunlar sınaq imtahanı idi. Amma sınaq imtahanı da olsa, bu, onu göstərir ki, cəmiyyətimizdə onlayn imtahan vərdişi hələ tam formalaşmayıb. Biz bu cür imtahanları keçirə bilirik. Amma gərək hamı kompüterlə, internetlə, kamera ilə təchiz olunsun, proqramı yükləməyi bilsin.

Ən əsası da imtahan prosesi zamanı müəyyən sürətə malik fasiləsiz internet lazımdır. Bu şərtləri neçə faiz abituriyent, ailələr təmin edə bilər? Hesab edirik ki, gələcəkdə onlayn imtahan təşkil etmədən əvvəl offlayn imtahanlar təşkil edək. Müxtəlif məktəblərdə, ictimai binalarda, gənclər evlərində, Heydər Əliyev Mərkəzlərində kompüter zalları var. Belə zalların ümumi texniki baxışını keçirib həmin kompüter yerlərini müəyyən etməklə evində kompüteri, interneti olmayanlar üçün offlayn imtahanlar təşkil etmək olar. Abituriyentlər, şagirdlər üçün müxtəlif variantları işləyirik. Amma bizim əlimizdə belə bir imtahan var və işləyir. Əmin olsaq ki, hər bir prosesdə iştirak edən şəxs özü üçün kompüter, kamera, fasiləsiz internet təmin edir və proses zamanı qayda-qanuna əməl edəcək , onda bu imtahanları keçirmək olar. Həm də proctor o adamı görür, əgər görsə ki, imtahan zamanı kimsə ona kömək edir, onda onun imtahanı bağlanır və nəticəsi ləğv edilir. Bizim abituriyentlər psixoloji cəhətdən buna hazır deyillər. Bunlar sadə proseslər deyil, ona görə düşünürəm ki, ilk növbədə offlayn imtahanlar keçirmək daha aktualdır”.