"Heç bir dərman, eləcə də "Aspirin" COVID-dən qorumur"- Məşhur kardioloqdan ÇAĞIRIŞ
07 iyul 2020 17:42 (UTC +04:00)

"Heç bir dərman, eləcə də "Aspirin" COVID-dən qorumur"- Məşhur kardioloqdan ÇAĞIRIŞ

COVID-dən ölüm hallarının bir çoxunun sırf virusun ürək-damar sistemində yaratdığı fəsadlarla, ürək damarlarında yaranan tıxanma, trombla bağlı olduğu bildirilir. Bəzi həkimlər də sosial şəbəkələrdə bununla bağlı məlumatlar paylaşır. Hesab olunur ki, COVID-in ağırlaşması nəticəsində yaranan pnevmoniyadan bu qədər ölüm halı baş verə bilməz və bütün bunlar virusun ürəkdə yaratdığı fəsadlardan qaynaqlanır. Belə bir məqamda ağırlaşmanın qarşısını almaq üçün “Aspirin” tövsiyə edilir...

COVID-in ürək-damar sistemi xəstələri üçün hansı riskləri var? Virus ürək-damar sistemində nə kimi ağırlaşmalar yarada bilir? "Aspirin" və başqa qan durulaşdırıcı dərmanlar virusun ağırlaşmalarının qarşısını ala bilərmi?  Tanınmış kardioloq, Respublika Müalicə-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Abbasəli Abbasəliyev e-tibb.az-a bildirib ki, koronovirusa-COVID-19-a yoluxduqda ağciyərlə birlikdə bütün orqanlar zərər görə bilir. Onun sözlərinə görə, ölümlərin çoxu ağciyər çatışmazlığı ilə bağlı olur: "Ancaq böyrək, qaraciyır çatışmazlığı, ürək əzələsinin viral zədələnməsi (miokardit), infarkt, insult kimi səbəblərdən də ölümlər baş verir”.

Kardioloq deyib ki, çünki bu xəstələrdə həqiqətən də qanama, laxtalanma sistemində problem olur: “Bu da virus məlum olandan qısa müddət sonra bütün dünyada bilinir. Orta və ağır olan bütün xəstələrə qan durulaşdırıcı verilir. Bu halda “Aspirin” verilmir (əgər xəstə başqa səbəbdən “Aspirin” içirsə ona davam edilir), “Aspirin” bu xəstələrdə tromblaşmanın qabağını ala bilmir. “Aspirin”in təsir mexanizmi elədir ki, bunu edə bilmir. Bu səbəbdən bu xəstələrə “Endoxaparin” (Clexan) və ya Noac dediyimiz antikoaqulantlar (Məsələn, rivaroxaban, apiksaban) verilir. Bu, yalnız orta və ağır xəstələrdə olur. “Aspirin”lə çoxlu sayda insanın koronavirus xəstəliyindən sağalması haqda deyilənlər sadəcə, hekayədir. İndi hər kəs başa düşdüyü şəkildə bu məsələləri şərh edir”.

A.Abbasəliyev deyib ki, xəstələrdə trombun əmələ gəlməsi və ölümə səbəb olması əsas səbəb deyil, COVID-in nəticəsidir: “COVID-ə yoluxma olmasa, bunlar da olmaz. “Aspirin” (“Kardiomagnil”də “Aspirin”dir) qəbul etmək insanı COVID-ə yoluxmaqdan qorumaz, bu səbəbdən sağlam insanın qorunmaq üçün bunu qəbul etməsinin heç bir faydası yoxdur”.

Kardioloq deyib ki, tam əksinə bu halda mədədə qanaxma riski yaranır. “Aspirin” də daxil olmaqla yoluxmadan qoruyan heç bir dərman yoxdur, qoruyan tək şey təmasda olmamaq, yoluxmamaqdır: “Bu mərhələdə edəcəyimiz tək şey yoluxmamaqdır, yoluxduqdan sonra artıq zəncirvari reaksiya başlayır və insan hər fəsadla üzləşə bilər. Qan durulaşdırıcı verilsə belə, yenə tromblaşma yarana bilər. Bu virusa yoluxan bəzi xəstələrdə də tam tərsinə şiddətli qanaxma yaranır, buna görə laxtalanma sistemi iflas edə bilər. Orta  və ağır xəstələrə qan durulaşdırıcı dərman vermək o demək deyil ki, diğər dərmanlara ehtiyac yoxdur. Ümumiyyətlə, bizdə müalicədə bir yenilik olan kimi hamı bunu tətbiq etmək istəyir, heç kim baxmır ki, bunu hansı hallarda etmək lazımdır. “Dexametazon” çıxdı, indi baxırsan göstəriş oldu-olmadı hamı bunu istifadə edir, halbuki bu, immun sistemini zəiflədən dərmandır və xüsusi hllarda verilməlidir. Bəzi insanlar eyni vaxtda bir neçə antivirus dərmanı içir, halbuki bunların çoxu bir yerdə olmaz, ciddi fəsadlar yarada bilir.

Təbii ki, mənasız yerə “Aspirin” içməyə başlansa, mədə qanaxmaları artacaq. Məlumatları, yenilikləri bütöv olaraq dəyərləndirmək lazımdır, məsələn, bir paraqrafı ümumi mətndən çıxarıb ona görə şərh etmək çox yanlışdır. COVID-19 olmazdan əvvəl bütün yaşlı, şəkərli, təziqli insanlar hamısı qısa müddətdə ölmürdü ki. Hər kəsin ailəsində, qohumları arasında minlərlə bu xroniki xəstəliklərlə illərcə yaşayan insanlar var. Həyatını itirənlər də virusa yoluxmasaydı illərlə yaşayacaqdı yəqin ki. İndi insanlar xroniki xəstəlikdən deyil, COVID-dən ölür. Qısacası, COVID əsas səbəbdir, tromblaşma daxil bütün diğər fəsadlar isə bir nəticədir”.

# 10006
avatar

Oxşar yazılar