"Qız mənə düşmən kimi baxdı" - Həkim yazır
05 iyul 2020 09:01 (UTC +04:00)

"Qız mənə düşmən kimi baxdı" - Həkim yazır

Nevroloq, Uzman həkim Nərgiz Ağayeva  e-tibb.az üçün yazdı:

Sanki hamı-ağıllı, ağılsız hamı gözləyir ki, kimsə ölkəni koronavirusdan qurtaracaq. Ağılsız “Korona yoxdur”, zəif olan “Mənə nə?”, ağıllı isə “Düzələn deyillər, öz çarəmə baxım”, deyir. Amma “düzələməyənlərin” sizin, yaxınlarınızın qatili olacağını xatırlatmaq istəyirəm!

Oxuyan insanların əksərinin cəmiyətimizin ziyalı, ağıllı insanları olduğunu düşünərək sizlərlə məsləhətləşmək istəyirəm. Ağıllı, üstəgəl cəsarətli olaraq ancaq bir iş görə bilərik. Cəsarətimizi öz sahələrimizdə göstərək. Təklif edirem ki, “Maska tax, məsafəni xatırlat” və başqa bu kimi bənzər şüarlarla özümüz nələrsə etməyə çalışaq və bu düşüncəni koronavirusdan daha güclü bir şəkildə bir-birimizə “yoluxduraq”. Bütün insanları buna sövq edək, özümüz ictimai qınağı maksimum gücləndirək. Polisi görən kimi maskanı taxıb, onlar gedən kimi çənəyə salmaqla olmayacaq bu iş. Məsafəni hər ictimai yerdə tələb edək, hər kəsə xatırladaq. Öz polisimiz özümüz olaq. O qədər cəsarətli olmayanlar üçün də “qaynar xətt” yaradılması və ora zəng edib deyilməsi variantı da ola bilər. Amma ən gözəli bunu- maskanı, məsafəni xatırlatmağı topluma "yoluxdurmaq" lazımdır. Özü də 1-2 dəfə etdim, bitdi yox, sona qədər bunu davam etdirmək vacibdir. Madam ki, özümüzü ağıllı sayırıq onda digərlərinə də yol göstərməkdən çəkinməməliyik.

Günü bu gün də insanlar ən böyük marketlərdə, apteklərdə və s. yerlərdə maskasız gəzir, xismət göstərir, məsafə gözləmirlər. Aptekdə-xəstələrin, xəstə yaxınlarının olduğu bir yerdə - maskanı çənəsinin altına salan satıcıya “maskanızı düzəldə bilərsinizmi” dedim, qız mənə düşmən kimi baxdı. Düzəltdi, amma 10 saniyə sonra təkrar çənəsinin altına saldı.

Şüşə arakəsmə də yox idi. Orda olduğum müddətdə ən azı beş maskasız təmasın şahidi oldum... Özümüz özümüzü idarə edək. Hər birimiz dostlarımıza, ətrafdakılara, xidmət göstərənlərə, hər kəsə qarşı bunu tələb etməsək, virusun yayılmasında, baş verən hər ölümdə bizim də payımız vardır, unutmayaq...

 

# 7924
avatar

Oxşar yazılar