Azadlığından, övladından və canından keçən istiqlal carçısı – Şəhid ziyalı
22 iyun 2020 10:21 (UTC +04:00)

Azadlığından, övladından və canından keçən istiqlal carçısı – Şəhid ziyalı

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

 

Sən demə, azadlıq aymış, günəşmiş...

O aya, o günə həsrət qalmışam.

 

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız… 

 

…payızın çiskinində dünyaya gəlmişdi, oktyabrın 21-də. Salyanda oktyabr ayı belə çiskin, boz hava olmamışdı. 1932-ci ilin 21 oktyabrından başqa.

 

O gün ailənin ilk övladı doğulmuşdu.  Rza ilə Xanımın sonradan böyüyəcək ailəsinin ilk övladı Xəlil. Onun ardınca daha yeddi uşaq doğulacaqdı - 5 qardaş 3 bacı olacaqdılar.  

 

Ata xırda ticarətlə məşğul olurdu, ana evdar qadın. 8 uşağa baxan qadın zatən işləyə bilməzdi. Savadlı qadın idi Xanım. Uşaqlarını laylalarla, nağıllarla, şeirlə böyüdərdi. Bəzən özü danışdığı nağıldan, əzbər dediyi şeirdən doluxsunub ağlamağı vardı. Belə böyüyən uşaq damarlarına, qanına, iliyinə qədər o ananın mənsub olduğu millətə, onun dilinə, tarixinə, folkloruna - soyuna bağlı olar. Heç ayrıla bilməz, heç xəyanət etməz.

Belə böyüdü Xəlil. Xəlil Rza Ulutürk.

 

Uşaqlığından oxuduğu məktəbdə ədəbiyyat dərnəyinə gedərdi, şeir yazardı. Heç hələ məktəbə getməmiş qarşısına keçən hündürlüklərə çıxıb ordan şeir deyərdi, anasının dilindən əzbərlədiyi şeirləri. Kitabxanada üzv olduğu ədəbiyyat dərnəyində ilk dəfə öz şeirini demişdi əzbərdən, “Abşeron” şeirini.

Məktəbdə də, rayonda da hamı bilirdi ki, Xəlil jurnalist olacaq. Başqa cür mümkün olmazdı. Rayonda, oxuduğu məktəbdə  keçirilən tədbirlərdə Xəlilin iştirakı olmasa, o tədbir xoşa gəlməzdi. Gərək orda bütün tədbiri çəkib arxasınca apara bilən lokomotiv – Xəlil olaydı.

 

Orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olunur. 

 

Tələbəlik illərində - 1949-1954-cü illərdə də varlığını hamıya göstərə bilmişdi. Elə bir yer olmazdı ki, orda Xəlil ola, amma kimsə onun varlığından xəbərsiz qala.

 

1957-ci ildə “Bahar gəlir” adlı ilk şerlər toplusu nəşr olunan şair həmin il Moskvaya, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində olan iki illik Ali Ədəbiyyat kurslarına göndərilir. Xəlil Rza İnstitutda rus ədəbiyyatının sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənirdi. Bu mühit ona dünya ədəbiyyatı ilə yaxından tanışlığa da şərait yaratdı. Moskvada təhsil illərində rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairə çox bilgilər vermişdi.

 

1959-cu ildə vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib və filologiya elmləri namizədi dərəcəsini alıb.

 

1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu işıq üzü görüb. Bir il sonra “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülür.

 

Xəlil Xəlilov imzası ilə yazardı sovet vaxtı. Yuxarıda sadaladığım kimi, istədiyi, arzusunda olduğu zirvələrə çatmışdı o dövrlərdə.

 

Hamı sevirdi Xəlil Rzanı. Bu illər ərzində, tələbəlik illərində sevdiyi qızın da sevgisini qazana bilmişdi. Firəngiz tarix fakültəsində oxuyurdu: “Yoluma qığılcım kimi çaxdı, alov kimi püskürdü. Gözlərimin ondan başqasını görməyə də ixtiyarı olmadı. Keçdi şantaj yoluna, əvvəl qorxumdan görüşünə razılıq verirdim ki, təki küçəmizə gəlməsin, yan-yörəmdə görünməsin. Kitab verirdi oxumağa, sonra onu alıb başqasını vermək üçün yenidən məni çağırırdı universitetin başqa fakültəsinə. Onun hər addımımda yoluma çıxmasına o qədər alışdım, bir gün hiss etdim ki, görməsəm darıxaram. Başladı mənim də gözlərim onu axtarmağa. Bilmirdim sevgi idi, yoxsa nə, axır ki, ondan başqasını görmək istəmədim. Qovuşmağımıza maneələr çox idi, anam məni rayona vermək istəmirdi, qohum-əqrəba razı deyildi. Bir varlı qohumumuz vardı, məni ona vermək istəyirdilər, anam deyirdi lütün birini neynəyirsən, gərək əlimiz üstündə olsun, amma bu birinə getsən gəlinlik xələtin neft buruqları olacaq. Atam dedi, kimi istəsən, ona gedəcəksən”.

 

Firəngizin anası haqsız deyildi. Xəlil Rzanın alovlu ürəyindən başqa nəyi vardı ki... Evliliklərinin ilk illəri doğrudan da çox ağır olub. Evsiz-eşiksiz, kirayələrdə qalıblar.

 

Xəlil Rza Moskvada olanda Firəngiz xanım onunla birgə Moskvada oxuyan  Nəriman Həsənzadənin xanımı ilə sözü bir yerə qoyub, yollanıblar onların arxasınca. Hər iki sədaqətli kişinin iki qəhrəman qadını. Firəngiz xanım danışır ki, əvvəl düşünürdüm ki, Xəlilin acığı tutacaq, amma əksinə, çox seviniblər. Siz bizdən qəhrəmansız, biz fikirləşincə siz özünüz gəldiniz – deyiblər.

 

7 il Xəlil Rza ilə Firəngiz xanımın övladları olmayıb: “Qaynanam söz atırdı -  deyirdi buzovumuz bu illərdə inək olub balaladı”.

 

Xəlil Rza qdın üçün çox ağır olan o dönəmlərdə Firəngizə mənəvi dayaq olub. “Mənim övladlarım əsərlərimdir, darıxma, bizi birləşdirən tellər var”-deyirmiş.

 

60-cı illərdə azadlıq ruhlu şeirləinə görə sovet rejiminin “diqqət”ini çəkirdi. Gəgin dönəmlər yaşayırdı. Onun yaradıcılığında əslində heç bir maneə yaratmayan bir rejimin mahiyyətini anladıqca xalqına, millətinə, mədəniyyətinə, dilinə olunan təcavüzləri görür, susmaq çətin olurdu. Şeirlərində, yaradıcılığında bu üsyan püskürürdü, şair qələmi ürəkdən qidalanır, ürəkdən keçən qələmdən süzülüb vərəqlərə dağılır. Xəlil Rza  azadlıqla, müstəqilliklə, ana dilin müdafiəsi ilə bağlı çıxışlarına, yazılarına görə təqib olunurdu artıq.  “Şübhəli şəxs” olmuşdu.

 

Evliliklərinin 7-ci ili Təbrizin dünyaya gəlməsi ictimai həyatın sirayət etdiyi gərginlikdən bir az qurtulmuş kimi oldu ailə.

 

1988-ci ildə Qarabağ ətrafında başlayan münaqişə, sonradan müharibə Xəlil Rzanı yenidən üsyankara çevirdi. Tez-tez Qarabağa, cəbhə bölgələrinə gedir, sakinlrlə, əsgərlərlə görüşlər keçirirdi. Bakıda Azadlıq meydanında çıxışları ilə xalqın yanında idi Xəlil Rza. Ona qarşı məhəbbət sonsuz idi.

 

Nə qədər ki, istedadı addım-addım pusanlar var,

Xalq dərdini hayqırmağın əvəzinə

Nə qədər ki, iş başında bunca kütbaş,

Kəmsavad var.

Düz üçyüz min didərgindən heç nə yazmaz

mətbuat var,

Nə qədər ki, başçı olur başsız canlar,

bir millətin mənliyini talam-talam talayanlar,

Nə qədər ki, mənə əxlaq dərsi verir

Fərarilər, boşqab dibi yalayanlar.

 

Nə qədər ki, “Demokratiya!”, “Aşkarlama!” deyə-deyə boğaz yırtır

Bu züyçülər, zırnaçılar, şeypurçular,

Nə qədər ki, cəzasızdır

Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar

Davam edir 37

Daha kəskin, daha ciddi

 

- deyə Azadlıq meydanını coşdururdu. Bir kəlməsiylə meydan yığışanlar Qarabağa əliyalın gedərdilər.

 

Təbii ki, sovet rejiminə bu izdiham, lider sərf etmirdi.

 

1990-cı ilin yanvarında sovet tanklarının Bakıda xalqının üstünə yeridilməsindən qəzəbini saxlamayıb müsahibələrində, çıxışlarında rejimin rəhbərini ittiham etdiyinə görə həbs edilib Moskvadakı Lefortovo həbsxanasına göndərilir.  

 

8 ay 13 gün zindanda qalan və öz mübarizəsini burada da davam etdirən şair “Lefortovo gündəliyi”ndə 200-dən çox şeir və poema qələmə alıb. Həmin şeirlər Bkıda əl-əl gəzirdi, hamı əzbərdən deyirdi o şeirləri. 

Firəngiz xanım danışır: “9 ayda düz 18 dəfə görüşünə getdim. Deyirdi, gəlmə, əziyyət olur sənə, yolda erməniyə rast gələrsən. Deyirdim, nə danışırsan, bir görüşdən gedib o biri görüşə qədər ancaq yaşayıram. İlk vaxtlar görüşə əlləri qandallı çıxırdı, ən dəhşətli günlərim idi o günlər. Onu hər əlləri qandallı görəndə o dünyanı görüb qayıdırdım. Apardığım yeməkləri elə acgözlüklə yeyirdi ki, ürəyim parçalanırdı, amma mənə deyirdi elə bil yaradıcılıq ezamiyyətindəyəm, Puşkini, Lermontovu tərcümə edirəm. Orda yazmışdı:

 

And olsun vətənimin qarsalanmış daşına

Yüz-yüz general dəyməz sənin bir göz yaşına.

Bahar kimi gəlmişəm, günəş kimi qarşıla

Camalından utansın ruhu keçəl, beyni daz,

Canavarlar önündə, gülüm, ağlamaq olmaz.

 

Burda qəzetlər onun azadlığı üçün materiallar çap etdirir, məqalələr yazırdılar. Görüşəndə bilmirdim otaqda qurulan kameraların gözündən yayındırıb o qəzetləri ona necə verim. Bir dəfə apardığım yeməkləri həmin qəzetlərə bükdüm, orda da qəzeti açıb xörəkləri üstündə qoydum. İndi söhbət edə-edə barmaqlarımı materialın üstünə döyəcləyirəm. Xəlil də ikranı görüb unudub hər şeyi, nəhayət material gözünə sataşdı, çox kövrəldi. Bildi ki, onu burda dəstəkləyirlər, tələb edir, gözləyirlər”.

 

1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır.

 

1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülüb. 

 

Qiymətləndirilir, dəyər verilir, sevilir, amma yenə rahatlıq yoxdur. Təmsil etdiyi xalq azad deyil, imperiyann caynağından çıxa bilmir, indi də Qarabağ qarmağına keçiriblər.

 

Müharibənin qızğın vaxtlarında yeganə oğlu Təbriz deyib ki, könüllü cəbhəyə gedirəm. Əslində özü gedib artıq məsələni həll edib, evə əzizlərilə vidalaşmağa gəlib, icazə almağa yox. Bilirdi ki, atası ona yox deyə bilməyəcək. Elə yetişmişdi artıq Xəlil Rzanın, Firəngiz xanımın tərbiyəsi ilə. Xəlil Rza yalnız - uğur olsun, oğul - deyir.

 

Bir gün səhər qəzetləri köşkdən alıb gətirib evdə vərəqləyən şair şəhid olanların siyahısında Təbrizin adına rast gəlir. “Can bala, sən mənim əqidəmin, yolumun qurbanı odun” – deyə fəryadı ərşə çıxır atanın.

 

Özünü ələ alıb şəhid oğlunun dəfnində xanımını təbrik edən bir atadan, xalq şairindən danışırıq. Oğlu ilə vida sözündə “Firəngizi təbrik edirəm, oğlun şəhidliyə ucaldı, vətən uğrunda getdi, bu hər anaya qismət olmur”- deyən atadan.  Günahı olsa belə bu bir cümlə ilə xalqı qarşısında saflaşan, durulan şairdən.

 

Oğlundan sonra çox yaşamadı, yaşaya bilmədi, əslində o az müddəti əridi damla-damla...

 

1994-cü il iyunun 22-də Bakıda gözlərini əbədi yumub oğluna qovuşdu. Fəxri xiyabanda məzarı üstündə, bir də qəlbimizdə heykəlləşib.

 

Türk dünyasının görkəmli şairi Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə, ölümündən sonra “İstiqlal” ordeni ilə təltif edilib.

 

Sağlığında 28, özündən sonra 40 kitabı çap edilib. Firəngiz xanım onun yolunu, əmllrini gələcək nəsillərə çatdırmaq üçün çalışır. Örnəkdir - deyir...

 

Sən demə, azadlıq aymış, günəşmiş...

O aya, o günə həsrət qalmışam.

 

# 18295
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar