1216
10:52
16 İyun 2020

Britaniya koronavirusla mübarizədə Azərbaycana yardım etdi

“Ənənəvi olaraq, ilin bu vaxtında sizi Ülyahəzrət Kraliça II Elizabetin rəsmi doğum günü şərəfinə təşkil edilən qəbulda salamlayırıq. Biz yalnız Britaniya tarixində ən uzun hökmranlığı deyil, həm də Böyük Britaniya ilə Azərbaycan arasındakı güclü və dostluq münasibətlərini qeyd edirik. Ancaq bu il COVID-19-un bu çətin günlərində hamının təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün böyük bir ziyafət təşkil etməmək qərarına gəldik”.

APA-nın xəbərinə görə, bu, Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin rəsmi doğum günü münasibətilə səfir Ceyms Şarpın mesajında yer alıb.

“Biz Ülyahəzrət Kraliçanın doğum günü ziyafəti üçün nəzərdə tutulmuş maliyyənin xərclənmədiyini və Böyük Britaniyanın COVID-19-la mübarizədə qlobal səviyyədə aparılan koordinasiya işlərində aparıcı rolunu nəzərə alaraq, bu məbləği Azərbaycanda həyata keçirilən tibbi xidmətlərinin dəstəyinə ayırmaq qərarına gəldik. Buradakı həkimlər və tibb bacıları son bir neçə ayda öz həyatlarını riskə ataraq COVID-19-la yorulmadan mübarizə aparırlar, bir çox insanın həyatını xilas edirlər. Onlar tərifimizə və dəstəyimizə layiqdirlər. Fürsətdən istifadə edərək, tibbi maskalardan istifadə etməyi, əllərinizi tez-tez yumağı və sosial məsafəni qorumağı unutmamağı yadınıza salmaq istərdim. Unutmayın biz birlikdə güclüyük və biz birlikdə virusa qalib gələcəyik”, - qeyd olunub.