6298
13:33
05 İyun 2020

Ləkələrdən belə qurtulun - 8 QIZIL QAYDA

Çətin çıxan ləkələr qadınları narahat edən başlıca problemlərdən biridir. Nəzərə alsaq ki, gündəlik həyatımızda, evdə, işdə tez-tez geyimlərimizin ləkələnməsi ilə rastlaşırıq o zaman həllini tapmağa da çalışmalıyıq. Təmizlənməsi mümkünsüz kimi görünən ləkələrə ev şəraitində, sadə yollarla çarə tapmaq olar. Amma ilk olaraq onu bilməlisiniz ki, ləkələrə nə qədər tez müdaxilə etsəniz o qədər yaxşı olar.

Yaxşı, bəs geyimlərimizdəki ləkələri necə təmizləyək? Bunun üçün tövsiyyə olunan sadə yollar hansılardır?

Beləliklə, Lent.az gündəlik həyatınızda qarşılaşa bildiyiniz ləkələri və onları sadə yollarla təmizləməyin qaydalarını təqdim edir:

Yağ ləkəsi

Yemək bişirərkən və ya avtomobilinizi təmir edərkən yağ sizə sıçrayırsa, aşağıdakı praktik fikirlər sizin üçündür:

1 Üstünüzə sıçrayan yağ ləkəsini çıxarmaq üçün diş fırçasına maye sabun vurun və ləkəni fırçalayın. Yaxaladıqdan sonra ləkə izləri qalmayacaq. Bunu xüsusilə ağ və pambıq parçalarda sınaya bilərsiniz.

2 Sintetik parçalarda kərə yağı ləkəsini çıxarmaq üçün ləkəni sabunlu su ilə yumaq olar.

3 Pambıq və ağ parçalardan kərə yağı ləkəsini çıxarmaq üçün ləkəyə quru sabun sürtərək yuyun.

Xlor ləkəsi

Xlor rəngli paltarlarınıza sıçrayanda ,o ağ ləkəni gizlətmək üçün bir möcüzə olsun istəyirsiniz, elə deyilmi? Təəssüf edirik ki, bu ləkə çıxması mümkün olmayan bir iz qoyur. Amma bu ləkəni tamamilə aradan qaldıra bilmənin yolları var.

1 Ləkə üzərində parça rənginə uyğun bir naxış və muncuqlu bəzək düzəldə bilərsiniz.

2 Şalvar, köynək kənarı və ətək kimi paltarlarınızı kəsərək ləkədən qurtula bilərsiniz.

3 Ləkə üzərində yamaq edə bilərsiniz.

4 Paltarınızı parça boyası ilə rəngləyə bilərsiniz.

Mürəkkəb ləkəsi

"Mürəkkəb ləkəsi çıxmaz" demədən əvvəl tövsiyə etdiyimiz üsulları sınamağı məsləhət görürük. Ağ pambıq paltarındakı mürəkkəb ləkələrini silmək üçün tövsiyələr:

1 Mürəkkəbin üstünə bol duz səpin və isti sabunlu su ilə yuyun. Mümkünsə, paltaryuyan maşında yuyun.

2 cParçanı südlə dolu bir qabda isladın və 5 dəqiqədən sonra sıxın. Parçanı isti sabunlu su ilə yuyun.

3 Uzun müddət əvvəl mürəkkəb ləkəsinə bulaşan ağ parçanın üzərinə çox az miqdarda xlor səpin və yaxalayın.

Qan ləkəsi

Qan ləkəsinin qurumasını gözləməzsəniz, ləkə çıxarmaq daha asan olar. Qan ləkələrini çıxarmaq üçün heç vaxt isti su istifadə etməyin. Çünki qan istilikdə daha çox hopur və ləkəni çıxarmaq çətinləşir. Qan ləkəsini çıxarmağın ən doğru üsulu:

Qan ləkəsini rəngli bir parçadan çıxararkən rəngini itirməmək vacibdir. 1 çay qaşığı nişastanı bir az su ilə qarışdıraraq xəmir halına gətirin. Xəmiri ləkə üzərinə yayın və qurudun. Sonra fırça ilə təmizləyin.

Çay ləkəsi

Hər gün ən çox rast gəldiyiniz elə çay ləkəsidir. Çay ləkəsini çıxararkən paltarınıza sərt basmamalısınız. Çay ləkəsini çıxarmaq üçün aşağıdakı tövsiyələri tətbiq edə bilərsiniz:

1 Rəngli parçalardakı çay ləkəsini yumurta sarısı ilə qarışdırılmış su ilə silməklə aradan qaldıra bilərsiniz.

2 Ağ pambıq parçalardan çay ləkəsini çıxarmaq üçün ləkəni limon suyu ilə silin. Parçanı soyuq su ilə yuyun.

Qəhvə ləkəsi

Üstünə qəhvə tökdün? Elə isə ləkəni qurutmadan aşağıdakını edin:

Dərhal təzə ləkənin üzərinə duz və ya soda tökün. Bir müddət gözlədikdən sonra bol su ilə yuyun.

Ot ləkəsi

Ot ləkəsi uzun müddət qaldıqda, çıxarılması çətin çətin hala çevrilə bilər. Uşağınızın köynək və şalvarında ot ləkəsini çıxarmaq üçün aşağıdakını edə bilərsiniz:

Uzun müddət əvvəl bulaşmış ot ləkəsini ağ sirkə ilə silə bilərsiniz. Ləkələnmiş parçanı üzərinə ağ sirkə tökdüyünüz pambıqla silin. Yumadığınız halda ləkənin getdiyinə şahid olacaqsınız.

Tonal krem ləkəsi

Makiyaj etdikdən sonra geyim geyinərkən paltarınızın tonal kremə bulaşma ehtimalı olduqca yüksəkdir. Onu da deyək ki, bu ləkənin təmizlənməsi olduqca çətindir. İndi isə tonal krem ləkəsini çıxarmaq üçün bir neçə tövsiyyələrimiz olacaq:

1 Pambığın üzərinə ağ sirkə tökərək ləkələnmiş hissəni silin və sabunu su ilə yuyun.

2 Ləkələnmiş hissəni dərhal isti və bol köpüklü su ilə yusanız, geyiminiz əvvəlki kimi olacaq.

Beləliklə, son olaraq onu da deyək ki, əgər evdə düzgün məhsullardan istifadə etsəniz, ən çətin ləkələr asanlıqla təmizləyə bilərsiniz. Amma parçanın keyfiyyətini korlamamaq üçün onun rənginə və növünə uyğun yuyucu vasitələrdən də istifadə etməlisiniz.