Yerin yaxınlığından keçəcək asteroid – Dünyanı gözləyən DAHA BİR TƏHLÜKƏ
03 iyun 2020 15:34 (UTC +04:00)

Yerin yaxınlığından keçəcək asteroid – Dünyanı gözləyən DAHA BİR TƏHLÜKƏ

NASA iyunun 6-da “Potensial təhlükə” kateqoriyasına aid asteroidin Yer planetinə yaxınlaşacağını açıqlayıb.

163348 (2002 NN4) adı verilən asteroidin diametri 250-570 metrdir. O, saniyədə 11,1 kilometr sürətlə planetimizdən 5,1 milyon kilometr məsafədən keçəcək.

Astronomlar indiyədək yerətrafı fəzada, yəni 0,05 astronomik vahid daxilində və ya 7 milyon kilometr məsafədə ölçüləri 140 metrdən çox olan 8 minə yaxın asteroid aşkarlayıb. NASA mütəxəssislərinin qiymətləndirməsinə əsasən, bu göy cisimləri “potensial təhlükə” kateqoriyasına aiddir. Yerətrafı orbitdə iri asteroidlərin ümumi sayı isə 25 minə yaxındır.

Bəs bu asteroid planetimiz üçün nə qədər təhlükəlidir? Onun Yerlə toqquşma və hər hansı zərər vermə ehtimalı varmı?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Lent.az-a bildirib ki, NASA-nın mövcud olan süni peykləri asteroidlərin trayektoriyalarını dəqiq hesablamağa imkan verir: “NASA lap uzaqdan Yer kürəsinə tərəf gələn cisimlərin trayektoriyalarını və onun Yür kürəsinin trayektoriyası ilə kəsişmə ehtimalını hesablayır. Ancaq bu kəsişmə hələ toqquşma demək deyil. Trayektoriyalar kəsişssə də, kəsişmə anında Yer trayektoriyanın tam əks tərəfində olacaq. Ona görə Yer üçün potensial təhlükə olsa da, faktiki təhlükə yoxdur”.

Direktorun sözlərinə görə, faktiki təhlükə yaradan cisimlərə qarşı Yerin müdafiəsi məqsədilə süni peyklərdə quraşdırılımış lazer cihazlar və digər metodlardan istifadə olunur: “Lazer cihazlar və digər metodların tətbiqi ilə yad cisimləri Yerə çatana kimi parçalamaq planları var. Ona görə də asteroidin Yer planetinə yaxınlaşmasının  elə bir təhlükəsi yoxdur”.

N.Cəlilov onu da bildirib ki, NASA Yerə gələn yad cisimlərdən planeti qorumağa hazır vəziyyətdə olsa da, bu günə kimi faktiki hansısa cismin Yerlə toqquşması təhlükəsindən dolayı asteroidlərin parcalanması hadisəsi olmayıb: “Yer kürəsi-biz planeti yad cisimlərdən qorumağa hər zaman hazır olmalıyıq. Çünki yad cisimlər Yerin orbitindən keçən zaman Yer həmin nöqtədə ola bilər ki, o zaman da real təhlükə ola bilər”.       

# 25048
avatar

Aygün İbrahimli

Oxşar yazılar