11:50
03 İyun 2020

Qubada alternativ enerji ilə işləyən “ağıllı bağ” yaradılıb - VİDEO

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə “ağıllı bağ” yaradılır.

Lent.az -ın xəbərinə görə, 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri avtomatlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb. “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.

Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri də quraşdırılıb. “Provitaz” şirkətinin icraçı direktoru Emin Məmmədovun sözlərinə görə, ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq: “Hazırda gördüyünüz kimi 126 ədəd günəş paneli qurulub və bu panellər 30 kvadratlıq su nasosunu elektrik enerjisi ilə təmin edəcək. Suvarma sistemi sırf günəş panellərindən gələn elektrik enerjisi ilə təmin olunacaq. Bildiyiniz kimi son illər Azərbaycanda kənd təsərrüfatı çox inkişaf edib və bu sahədə elektrik enerjisi çox vacibdir. Bu enerjinin əldə etməyin 3 yolu var. Ya ənənəvi, ya generatorlarla və ya alternativ enerji. Generatorların və ənənəvi elektrik xətlərinin çəkiliş xərcləri çox olduğuna görə fermerlər artıq alternativ enerjiyə üstünlük verirlər. Burda külək də ola bilər, günəş panelləri də ola bilər”.

Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşı Asif Kərimov deyir ki, “Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq: “Bu gördüyünüz örtük sistemi bağı doludan, yağışdan, müəyyən mənada küləkdən qorumaq üçündür. Çünki bildiyiniz kimi biz də yaz aylarında dolu düşə bilər və onun qarşısını almaq üçün biz bundan istifadə etmişik. Bəzi meyvə ağacları var ki, birbaşa günəş şüaları onlara ziyandır. Onun üçün də bu örtükdən istifadə olunur. Bu bağda yüksək gərginliklə elektrik xətlərinin çəkilməsi ənənəsindən istifadə olunmur. Biz bu bağın idarə olunması üçün lazım olan enerjini tamamilə həmin panellərdən alacağıq”.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.

“Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürüləcək. Bundan başqa sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.

Daha bir yenilik isə ondan ibarətdir ki, “ağıllı bağ”da alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.

“Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması may ayının sonuna kimi başa çatdırılacaq.

Dİgər xəbərlər