5412
18:10
22 May 2020

Sərhədlərin açılması ilə bağlı xüsusi plan hazırlanır - Qərargah

“Karantin müəssisələri həftəlik 200-500 nəfər qəbul edə bilir. Bu sayı keçsək, müayinə və müalicə prosesində problemlər ola bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, hazırda karantində olan 1139 nəfərin arasında Rusiyadan və hava nəqliyyatı ilə xarici ölkələrdən gələnlər var.


TƏBİB sədri qeyd edib ki, 31 maydan sonra sərhədlərin açılması gündəmdə deyil: “Sərhədlərin açılması asandır. Amma gələn vətəndaşların necə təcrid olunması, karantin rejiminin necə qorunması da müzakirə olunur”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiya-Azərbaycan sərhədində toplaşanların olduğunu bildirib: “Mayın 19-da 120 nəfər Azərbaycana gətirilib. Amma bu, karantin zonalarının imkanlarından asılıdır. Bununla belə, “Evə gedirəm” portalı üzrə Moskvadan Azərbaycana aviareys gözlənir. Ona görə də Rusiyadakı vətəndaşlarımızı “Evə gedirəm” portalı üzərindən ölkəyə gəlməyə çağırırıq. Xüsusən Dağıstanda kütləvi toplaşmalar onların sağlamlığı üçün təhlükə törədir. Təsadüfi deyil ki, bundan əvvəl Rusiyadan gələnlər arasında yoluxma 30 faizə yaxın olub”.

İ. Məmmədov qeyd edib ki, beynəlxalq uçuşların bərpası və sərhədlərin açılması ilə bağlı xüsusi plan hazırlanır: “Bu proqramda hansı ölkələrlə uçuşların olacağı öz əksini tapacaq. İlk növbədə isə Naxçıvana uçuşlar bərpa olunacaq. Proqramın hazırlanması prosesinin iyunun 15-dək uzanması gözlənilir. Bu gün axşam isə İstanbuldan 174 nəfərin olduğu təyyarə reysi gələcək və onlar karantin zonasına yerləşdiriləcəklər”.

Dİgər xəbərlər