Azərbaycanlılar pandemiyada ən çox nə oxudular?
30 may 2020 11:20 (UTC +04:00)

Azərbaycanlılar pandemiyada ən çox nə oxudular?

Dünya koronavirusa görə karantinə bağlandığı bir dövrdə insanlar vaxt çoxluğundan özlərinə müxtəlif məşğuliyyətlər tapıb bununla başlarını qatmağa çalışdılar. Belə şəraitdə günləri əyləncəli keçirmək hər kəsin öz əlindədir. Araşdırmalar göstərir ki, geridə qoyduğumuz karantin günlərində insanlar daha çox film izləyir, kitab oxuyur, və ya mətbəxdə öz qabiliyyətlərini göstərməklə vaxtlarını keçirirlər.

 Bəs görəsən, Azərbaycan oxucusu bu günlərdə hansı kitabları oxuyub? Ümumiyyətlə, karantin rejimi ölkədə kitab satışına necə təsir edib?

 Lent.az-ın əməkdaşı bu mövzuyla bağlı maraqlı məqamlarla rastlaşıb. Sosial şəbəkələrdə apardığımız sorğudan məlum olub ki, gənclər daha çox elmi, araşdırma tipli kitablara üstünlük veriblər. Məktəblilərin “online dərs” keçdiyini nəzərə alsaq, bu müddətdə onların bir o qədər də asudə vaxtının olmadığını deyə bilərik. Amma məktəblilər arasında da vaxtına qənaət edib müxtəlif kitabları oxuyanlar olub. Orta yaşlılar isə karantin müddətini daha çox motivasiya tipli kitablar oxuyaraq keçiriblər.

 Kitab satışıyla məşğul olan Tariyel Əliyev Lent.az-a karantin müddətində alıcılarının artdığını söylədi:

 “Düzü, kitaba müraciət çoxaldı. Onu qeyd edim ki, əsasən məktəblilər daha çox "Məktəbli kitabxanası" seriyasından çap olunan kitabları alırlar. Digər yaş qrupları isə fərdi inkişaf, detektiv və klassik ədəbiyyatlarına müraciət edirlər”.

 "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə bizimlə söhbətində daha çox oxucularının yaş qrupundakı dəyişiklikdən danışdı:

 “Bunu mütləq qeyd edim ki, karantin günlərində kitab oxuyanlar çoxaldı. Daha doğrusu, evə sifariş edənlər əvvəlki günlərlə müqayisədə çox oldu. Daha çox sifariş motivasiya kitabları və romanlar olur. Əvvəllər əksər oxucularımız gənc nəslin nümayəndələri idi. Karantin vaxtı isə orta və yaşlı nəsil arasında sifarişçilər də aktivlik göstərirlər”.

 Bu günlərdə kitab oxumaq və daha çox məlumat əldə etmək üçün əla fürsətdir. Odur ki, vaxtınızı yaxşı dəyərləndirmək üçün oxumadığınız kitabdan birini səhifələməklə keçirə bilərsiniz.

# 5083
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar