20:15
04 May 2020

“Arvadıma ilk mesajı o yazmışdı...” - SİRLİ ULDUZLAR

Müasir futbolun tələblərinə tam uyğun gələn oyunçulardandır Kevin de Bruyne. Meydanın hər yerində onu görmək mümkündür: hücumların qurulmasında da effektivdir, rəqib oyunçulardan top almaqda da. Driblinqlər, uzun və dəqiq ötürmələr, uzaq məsafədən möhtəşəm zərbələr... Bir sözlə, hərtərəfli futbolçudur. Əbəs yerə Pep Qvardiola kimi mütəxəssisin aparıcı fiqurlarından sayılmır ki...

Onun da öz həyat hekayəsi var. Şan-şöhrətli günlərə heç də asanlıqla gəlməyib. Yaxşısı budur, Lent.az -ın oxucuları onu öz dilindən eşitsin...

“Sanmışdım ki, özündənrazı, kinli biri ilə qarşılaşacağam”

“Olduqca dürüst biriyəm. Sizə bir sirr açacağam. “Mançester Siti”yə gəlməzdən öncə Rahim Sterlinqlə necə anlaşacağımı bilmirdim. Onunla tanış deyildik, amma ingilis mətbuatında oxuduqlarıma əsasən çox pis xarakterə malik olduğunu düşünürdüm. Sanmışdım ki, özündənrazı, kinli biri ilə qarşılaşacağam. Rahimlə aramızda çox güclü bağ var, çünki ikimiz də “Siti”yə təxminən eyni vaxtda gəlmişik. İkimiz barədə də mətbuatda pis şeylər yazılırdı. Mənə “Çelsi”nin artığı” deyir, Sterlinqin isə “Liverpul”dan pula görə ayrıldığını qeyd edirdilər. Nəhayət, Rahimlə tanış olduğumuz gün yetişdi. Məşqdən sonra bir az danışdıq. Bu, faktdır ki, mənim çox dostum yoxdur. İnsanlara içimi açmağım uzun çəkər. Vaxt keçdikcə Rahimlə daha da yaxın olduq. Üstəlik, oğullarımız yaxın tarixlərdə dünyaya gəldilər. Rahimi yaxından tanıdıqdan sonra onun necə ağıllı olduğunu anladım. Mətbuatda yazılanların tam əksi ilə qarşılaşmışdım. Ondan sonra dərk etdim ki, heç kimi tanımadan onun haqda fikir yürütmək düzgün deyil. Pis saydığın insanlar yaxşı çıxa bilirlər və ya əksinə.

“Heç kimlə kəlmə kəsməzdim”

“Uşaqlıqdan sakit, utancaq olmuşam. “Playstation”um yox idi, yaxın dostum çox deyildi. Özümü ancaq futbolda ifadə edə bilirdim. Meydandan kənarda isə özünə qapanan biri idim. Heç kimlə kəlmə kəsməzdim. Əvəzində meydanda atəş kimiydim”.

“Ləhcəmə görə komik vəziyyətə düşürdüm”

“14 yaşında bütün həyatımı dəyişdirəcək qərar verdim. “Genk”in futbol akademiyasına getmək şansım oldu. Mən də Belçikanın bir tərəfindən digər tərəfinə köçdüm. Problem bu idi ki, öz ölkəmdə də utancaq davranırdım. “Genk”dəki digər uşaqlardan fərqli ləhcədə danışırdım və buna görə komik vəziyyətə düşürdüm. Necə sosiallaşacağımı öyrənə bilməmişdim. Ancaq bazar günü boş olurduq, onda da ailəmin yanına qayıdırdım. Akademiyadakı ilk 2 il həyatımın, demək olar ki, ən tənha illəri idi. Bəlkə də bəziləri 14 yaşda verdiyim bu qərarı dəlilik adlandırar. Səbəbi bu idi ki, futbol oynayanda bütün problemləri unudardım, indi də eləyəm. Futbol mənim həyatımdır”.

“Evə qayıdanda gördüm ki, anam ağlayır”

“Akademiyadakı ilk ilimdə yataqxanada qalırdım. Növbəti ildə mənə qoruyucu ailə baxmağa başladı, klub isə bunun qarşılığında onlara pul verirdi. Yenə də təkliyə qapılardım. Məktəbdə hər şey qaydasında gedirdi, futbolda da. Nə dava etdim, nə də hər hansı bir problemim oldu. İlin sonunda tətil üçün evə qayıdanda anamın ağladığını gördüm. Əvvəlcə birinin öldüyünü zənn etdim. “Nə olub” deyə soruşdum. Dönməyimi istədiklərini dedi. Səbəbini soruşanda qoruyucu ailənin daha mənə baxmaq istəmədiyini bildirdi. Yenə “niyə” deyə soruşdum. Cavabı belə oldu: “Çox sakitsən. Buna görə səninlə ünsiyyət qura bilmədiklərini dedilər”. Bu cümlə sonrakı həyatıma böyük təsir göstərdi”.

“Gözümü bir nöqtəyə zilləyib qalmışdım”

“Həqiqətən, şoka düşmüşdüm. Çünki üzümə heç nə deməmişdilər. Otağıma girib tək qalırdım, heç kimi narahat etmirdim. Sən demə, bu, onların ürəyincə deyilmiş. Məni tətilə gülə-gülə yola salmışdılar. Sonra isə kluba daha məni istəmədiklərini bildirmişdilər. Bu, karyeram baxımdan böyük problem yaratmışdı. Klub rəhbərliyi problemli biri olduğumu düşündüyü üçün daha məni qoruyucu ailəyə verməyəcəkdi. Problemli uşaqların qaldığı yerə göndərəcəkdilər məni. Bunları bilən anam dayanmadan ağlayırdı. Hirsimdən topu götürüb bayıra çıxdım. Gözümü bir nöqtəyə zilləyib qalmışdım. Anamın dediyi sözləri beynimdə təkrarlayırdım. Saatlarla topu divara vurdum. Bir anda içimdən qışqırmaq gəldi. Bağıra-bağıra “hər şey yoluna düşəcək, iki ayın içində o komandada olacağam” dedim”.

“Sevincimdən dəli olacaqdım”

“Tətilin ardından “Genk”ə döndüm. Hələ heç kim idim. Amma üzərimdə o qədər çalışırdım ki... İçimdə çox böyük atəş var idi. Hər şeyin dəyişdiyi anı çox gözəl xatırlayıram. İkinci komandaya yüksəlmişdim. Oyunların birində ehtiyatda idim. İkinci hissədə məşqçi məni meydana buraxdı. Sevincimdən dəli olacaqdım. Həmin oyunda 5 qol vurdum. Bu görüşdən sonra klubdakı hər kəsin mənə qarşı münasibəti dəyişdi. Cəmi 2 ay sonra əsas komandada özümə yer etdim. Bundan sonra klub mənə yeni qoruyucu ailə tapmaq istədiyini bildirdi”.

“Özünü elə apardı ki, sanki yanlış anlaşılma olub”

“Sözünü deməyə başlayanda futbolun içindəki insanların sənə qarşı münasibətinin dəyişdiyini görmək çox komikdir. Bir gün mənə baxan qoruyucu ailə kluba gəldi. Qadın özünü elə apardı ki, sanki yanlış anlaşılma olub. Qayıtmağımı istəyirdi. Razılaşmadım. “Məni zibilliyə atdınız. İndi sözümü deməyə başladığım üçün geri qayıtmağımı istəyirdiniz” dedim. Bu hadisədən sonra mətbuatda haqqımda çox xoşagəlməz məqalələr çıxdı. İllər sonra anladım ki, həmin anda qadına sərt sözlər deməkdənsə, sadəcə təşəkkürümü bildirməliydim. Məhz o sözlərimə görə Belçika mətbuatında çox tənqid olundum. Hər şeyi içimdə saxlayıram. Düzdür, birdən “partlayıram”, amma özümdən çıxanda cəmi 5 saniyə sonra sakitləşirəm”.

“Qalırsan, komandanın bir parçası olmağını istəyirəm”

“Çelsi”yə keçəndən sonra Joze Mourinyo ilə münasibətim haqda mətbuatda çox yazıldı. Reallıq budur ki, onunla sadəcə 2 dəfə danışdım. Əvvəldən plan bir müddətə icarəyə göndərilməyim idi. 2012-ci ildə “Verder”ə yollandım və həmin mövsüm mənim üçün əla keçdi. İcarədən qayıdanda bir neçə alman klubunun marağında idim. Yurgen Klopp məni “Borussiya”da görmək istəyirdi. Həmin vaxt Dortmund klubu zövq aldığım futbolu oynayırdı. “Çelsi”nin məni buraxa biləcəyini düşünürdüm. Sonra Mourinyodan mesaj gəldi: “Qalırsan, bu komandanın bir parçası olmağını istəyirəm”. “Əla, demək ki, Mounun planlarında varam” deyə düşündüm”.

“Nədənsə gözdən düşmüşdüm”

“Mövsüm öncəsi komandaya qatılanda oradakı mühit əla idi. İlk 4 oyunun 2-də start heyətində yer aldım və həmin görüşləri yaxşı keçirdiyimi düşünürdüm. 4-cü matçdan sonra vəziyyət dəyişdi. Ehtiyatda qalmağa başladım. Ondan sonra bir də mənə şans verilmədi. Heç kim bunun səbəbini demədi. Nədənsə gözdən düşmüşdüm. Əlbəttə, mənim də səhvlərim oldu. Premyer Liqa oyunçusu kimi özümü necə aparmalı olduğumu tam dərk etmirdim, saf idim. Bir klubda gözdən düşəndə məşqlərdə əvvəlki diqqəti görmürsən. Belə şeylər indi başıma gəlsəydi, problem olmazdı. Artıq təkbaşına necə məşq etməli olduğumu çox yaxşı bilirəm. Amma 21 yaşında bunu bilmirsən. “Svindon Toun”la kubok matçında şans veriləndə isə artıq formada deyildim. Bundan sonra mənim üçün hər şey bitdi”.

“Nə demək istədiyini dərhal anladım”

“Dekabrda Joze məni ofisə çağırdı. Bu, həyatımı dəyişdirən ikinci dönüş nöqtəsi idi. Önündə kağızlar var idi. Üzərində “1 qol, 0 assist, rəqibdən 10 dəfə top almaq” yazılmışdı. Nə demək istədiyini dərhal anladım. Bundan sonra digər hücum oyunçuları - Villian, Oskar, Mata, Şürrlenin statistikalarını oxumağa başladı. Joze nəsə deməyimi gözləyəcək qədər kübar idi. “Onların hamısı 15-20 matçda iştirak etdi, mən isə 3. Yəqin ki, bundan sonra fərqli olacaq” dedim. Qəribə olsa da, yenidən icarəyə göndərilməyim haqda danışdı. Dedim ki, klub qalmağımı istəmir, ondansa məni birdəfəlik başqa komandaya satın. Yekunda “Çelsi” məni satdı. London klubu mənə ödədiyinin 2 qatını qazandı, mən də daha yaxşı şərtlərlə “Volfsburq”a yollandım”.

“Buna cəsarət edə bilmirdim”

“Bundan sonra hər şey xeyrimə dəyişdi. Təkcə futbol baxımından demirəm, həm də həyat yoldaşım yanımda idi. Xanımım bir çox məsələdə, hətta onunla tanışlığımızda da mənə yardımçı oldu. Bu, deməyə çəkindiyim, utancverici hadisədir! Amma dürüst olduğum üçün danışmaq məcburiyyətindəyəm. Əslində, həm də gülməli hadisədir...

Hər şey bir tvitlə başladı. O ərəfədə bir neçə min izləyicim var idi. Dəqiq yadımda deyil nə ilə bağlı olduğu, bir tvit paylaşdım. Bir gözəl qız tviti bəyəndi. Həmin vaxt həyatımda heç kim yox idi. Dostlarımdan biri “yaxşı, gözəl qıza oxşayır, ona mesaj göndərməlisən” dedi. “Yox, yox, yox! İnsanlar məni bəyənmirlər, bu qız da cavab verməz” deyərək razılaşmadım. Dostum telefonu əlimdən alıb sms yazmağa başladı. Yazdığı mesajı mənə göstərərək, “göndərə bilərəmmi” deyə soruşdu. Əvvəlcə “göndərmə” deyə yalvardım, sonra birdən “tamam, göndər” dedim. Bu hekayə haqqımda hər şeyi çox gözəl izah edir. Böyük futbolçu sayılsam da, hazırda həyat yoldaşım olan xanıma mesaj göndərməyə belə, cəsarət edə bilmirdim! Dostum mənim əvəzimə mesajı göndərdi və qız da cavab verdi. Bir neçə ay mesajlaşdıq, bunun sayəsində bir-birimizi tanımağa başladıq. Birini tanıyandan sonra özümü ifadə etmək mənə asan gəlir. Odur ki, sonrası çətin olmadı. Bu tanışlıq həyatımı çox dəyişdirdi”.

“Ağzımı bağlayıb, gözləməyə qərar verdim”

“Xanımım həyatımdakı ən önəmli insandır. 19 yaşında ikən xəyallarımın dalınca getməkdə mənə yardımçı olmaq üçün hər şeyi fəda etdi. Eyni yolda irəliləyirik. İnsanlarla necə ünsiyyət qurmalı olduğumu mənə başa saldı. Onun sayəsində müsbətə doğru dəyişdim.

2015-ci ilin transfer dönəmində ilk övladımıza hamilə olduğunu yenicə öyrənmişdik. “Mançester Siti”, PSJ və “Bavariya” kimi klublar mənimlə maraqlanırdılar. Çox stresli dönəm idi. Daha yeni ailə qurmuşduq və harada yaşayacağımız barədə bir fikrimiz yox idi.

“Siti”yə keçmək istəyirdim. Vensan Kompani mənə klubun layihələrindən bəhs edir, oranı sevəcəyimi deyirdi. “Mançester Siti” haqda müsbət fikirdəydim, amma “Volfsburq”a da hörmətsizlik etmək istəmirdim. Çünki orada çox yaxşı zaman keçirmişdim. Ağzımı bağlayıb gözləməyə qərar verdim”.

“Getdikcə ağrıları artdı, qanaxması başladı”

Transferimlə bağlı xəbərlər tez-tez dəyişirdi. Stress həyat yoldaşıma təsir etdi. Bir gün yuxudan oyandıq. Xanımım özünü çox pis hiss edirdi. Bunun uşaqla bağlı olduğunu düşünərək narahatlıq keçirdik. Getdikcə ağrıları artdı və qanaxması başladı. Nə baş verdiyini anlamırdıq. Tez xəstəxanaya getdik. Uşağı itirməkdən qorxduq. Həyatımın ən pis anları idi. Xəstəxanada çarəsiz halda oturub gözləyirdim. Bir anda dünyamız alt-üst ola bilərdi. Tanrıya şükürlər olsun, oğlumuzla bağlı hər şey qaydasında oldu.

Oğlum həyatımda olmasaydı, nə edərdim, bilmirəm. Futbolda yaşadığım bütün gözəlliklər həyat yoldaşım və uşaqlarımın yanında heç nədir. Bu, həyatımı dəyişdirən üçüncü an idi. Məhz onda futbolun ölüm-qalım məsələsi olmadığını anladım”.

“Səhv dediyini yox, haqlı olduğunu sübut etməliydim”

Həyatımın ilk 23 ilində futbol üzündən çox yüklənmişdim. Amma həyat yoldaşımla tanışlıqdan və oğlumuz dünyaya gələndən sonra artıq təkbaşına deyildim. “Siti”yə keçdikdən sonra həyat mənim üçün daha da gözəlləşdi, xüsusən də Pep Qvardiolanın gəlişindən sonra. Onunla zehniyyətimiz eynidir. Açığı, o, futbolu məndən daha gərgin yaşayır. Həmişə stresli olur. Futbolçulardan 2 dəfə artıq həyəcanlanır, təzyiqə məruz qalır. Çünki Qvardiola təkcə qələbə tələb etmir, mükəmməllik istəyir. Pep ilk görüşümüzdə mənə dedi: “Bax, Kevin, asanlıqla dünyanın ən yaxşı 5 futbolçusundan biri ola bilərsən”. Məəttəl qalmışdım. Amma fikrini elə inancla bildirdi ki, bütün zehniyyətimi dəyişdirdi. Həm də dahiyanə yanaşma idi: “Səhv dediyini yox, haqlı olduğunu sübut etməliydim. Pep öhdəsindən gəlinməsi çətin olan hədəflər qoyur. Bəli, o, taktika ustasıdır, buna heç kimin şübhəsi ola bilməz”.

“Alt paltarımı da köməksiz geyinə bilmirdim”

“Zədələnməkdən xoşum gəlmir. Çünki komandamın oyununu tribunadan seyr etmək mənim üçün işgəncədən betərdir. Artıq neçə ildir ki, həyat yoldaşımla birgə yaşayırıq. Heç vaxt ağladığımı görməmişdi, hətta buna görə məndə problem olduğunu düşünürdü. Hüzrlərdə də ağlamıram. Amma bir dəfə “Fulhem”lə oyunda dizimdən zədələndim, bağlarda problem yaranmışdı. Vəziyyət o qədər ciddi idi ki, alt paltarımı da köməksiz geyinə bilmirdim. Əsl kabus yaşayırdım - özü də həyat yoldaşımın 1 gün öncə ikinci oğlumuzu dünyaya gətirdiyi vaxtda”.

“Bundan sonra 3 uşağa baxmalı olacaqsan...”

“Zədəmlə bağlı xəbəri vermək üçün görüntülü zəng edəndə xanımım xəstəxanadan evə yenicə qayıtmışdı. “Uşaq necədir? Hər şey yolundadırmi” deyə soruşdum. “Hər şey yaxşıdır. Ağlayırsan?”, - dedi. Gözüm bir az yaşarıbmış. “Pis xəbərim var. Yenə dizimdən zədələndim. Bundan sonra 3 uşağa baxmalı olacaqsan” deyərək hönkür-hönkür ağlamağa başladım. Özümdən asılı deyildi. Həyat yoldaşım gözlərinə inana bilmirdi. “Toyumuzda ağlamadın, oğulların doğulanda ağlamadın” dedi. Məncə, bu cümlə həmin an hansı vəziyyətə düşdüyümü izah edir. Toylar, yaslar, doğuşlar - bunlar mənim üçün həssas məsələlər deyil, sanki qaya kimiyəm. Amma məndən futbolu aldınızsa, dayana bilmirəm”.

“Futbolu sadə oynamaq çox çətindir”

“Mançester Siti”də olmaqdan məmnunam. Əslində, futbolu sadə oynamaq çox çətindir. Bunun öhdəsindən gələndə isə həyatımdakı ən böyük zövqü alıram. Nəticədən asılı olmayaraq, bizim oynadığımız futbolu hamı təqdir etməlidir, məncə.

Hesab edirəm ki, qəribə insanam. Dediyim kimi, özümü daha çox futbol vasitəsilə ifadə edə bilirəm.

Hekayəmi danışmağa icazə verdiyiniz üçün təşəkkür edirəm”.

Dİgər xəbərlər