Azərbaycanda bank kartlarımızı kimlər və necə istifadə edə bilər? - Ekspert bütün yolları AÇIQLADI
24 aprel 2020 18:10 (UTC +04:00)

Azərbaycanda bank kartlarımızı kimlər və necə istifadə edə bilər? - Ekspert bütün yolları AÇIQLADI

Azərbaycanda bank sektoruna ziyan vermək istəyən və bankomatlara müdaxilə edərək vətəndaşların vəsaitlərini oğurlayan Bolqarıstan vətəndaşlarının saxlanılması barədə məlumat vermişdik. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər kartların bankomata daxil olan hissəsinə xüsusi qurğu yerləşdirərək daxil olan kartın bütün məlumatlarını oğurlamaq istəyiblər.

Bəs görək, ölkədə bankomatların mühafizəsi nə yerdədir? Aşkar olunan dələduzluq üsuluna qarşı tətbiq olunan vasitə varmı?

Lent.az-ın bu suallarına maliyyə-bank məsələləri üzrə ekspert, Elman Sadıqov cavablandırıb. Onun sözlərinə görə, Azərbaycanda hər bir bankomat qeyd olunan qurğudan mühafizə olunub:

“Dələduzlar bankomatların kart daxil edilən yerinə “skimminq” aparatı qoyurlar. Balaca qurğu olan həmin “skimminq” aparatı hər dəfə kart daxil olduqda kartdakı məlumatları oxuyur. Başqa bir aparat da var ki, həmin məlumatlar sayəsində dublkart yaradırlar və məlumatları oğurlanmış kart başqa yerlərdə istifadə olunur. Bundan qorunmaq üçün bankomatların kart oxunan hissəsinə “antiskimminq” aparatları qoyulur. Bu zaman isə dələduzlar həmin hissəyə “skimminq” qurğusunu yerləşdirə bilmirlər. Azərbaycanda nadir bankomat tapılar ki, onda “antiskimminq” qurğusu olmasın”.

Həmsöhbətimiz təhlükəsizlik baxımdan digər pozuntuları da dilə gətirib və bankomatların necə mühaifzə olunmasından söz açıb:

“Təhlükəsizlik üçün tətbiq olunan vasitələrdən biri də kameralardır ki, onlar bankomatların içərisində də, onun yaxınlığında da qoyula bilir. Bununla da bankomatdan istifadə edən hər kəs qeydə alınır. Əsas təhlükəsizlik məsələləri bunlardır. Digər məsələlərə bankomatın proqram təminatı, antiviruslar, kənar müdaxilələrdən qorunma və.s daxildir. Bütün bu sadaladıqlarımıza da giriş məsələsi mümkünsüzdür, indiyə qədər bu mümkün olmayıb. Olsa belə müdaxilələrin mənfəəti də olmaz.

Bunlardan əlavə, bir də bankomatların dağıdılıb pulların aparılması məsələləri var. Adətən bankomatlar bankların filial və ya ofislərində yerləşdirilir. Həmin yerlərdə də istər kamera, istərsə də mühafizəçilərin olması bu kimi hadisələri minimuma endirir. Filial və ofislərdən kənarda olan bankomatlar da qeyd etdiyimiz kimi, həm aparatın içində olan kamera, həm də kənardan onu izləyən kamera ilə mühafizə olunur. Ona görə də, dağıdıb pul aparmaq kimi hadisə baş versə onun tapılması 99 faiz təşkil edir”. 

# 6432
avatar

Mehman Nəbiyev

Oxşar yazılar