13:31
24 Aprel 2020

"Krediti olanlar da kirayə mənzilə sahib olmalıdır" - Deputatdan TƏKLİF

"Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsində bəzi şərtlər və prosedur qaydalar çoxlu sayda vətəndaşın bu imkandan yararlanmasında ciddi problemlər yaradır".

Lent.az xəbər verir ki, bu sözləri milli Məclisin bu gün keçirilən plenar iclasında Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib. Onun sözlərinə görə, vətəndaşın kirayə haqqını ödəmək qabiliyyəti olduğu halda kredit borcuna görə bu hüquqdan məhrum olmamalıdır:

"Şərtlərə əsasən kirayə mənzil əldə etmək istəyən şəxsin bank öhdəliyi olmamalıdır. Yəni, deyək ki, adamın 500 manatlıq krediti var və o buna görə kirayə mənzili üçün müraciət edə bilməz. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, o bankdan götürdüyü məbləğindən asılı olmayan hər hansı bir kreditə görə kirayə mənzil əldə etmək hüququndan məhrum olmamalıdır.

Mən hesab edirəm ki, bu çox ağır şərtdir və bu şərti aradan qaldırmaq lazımdır. Çünki, söhbət aztəminatlı ailələrdən gedirsə, onların çoxunda bu və ya digər formada bank öhdəliyi var. Əgər bu tələb mənzilin kirayə haqqının ödənilməsində mümkün problemləri və ya riskləri önləmək məqsədi daşıyırsa, onsuzda digər şərtlər bu məsələni tənzimləyir, yəni ödəniş olmadığı təqdirdə müvafiq qaydalar işə düşür və hətta vətəndaşın mənzilə olan mülkiyyət hüququ itirilir".

Millət vəkili həmçinin kirayə mənzil əldə etmək istəyən məhkumluğu olan şəxslərə məhudiyyət qoyulmasını da qınayıb:

"2-ci məhdudiyyət isə kirayə mənzil almaq istəyən şəxsin məhkumluğu olmaması haqqında tələbdir. Bunu ümumiyyətlə anlamaq çətindir. Bilirsiniz ki, törədilən cinayətin ağırlıq dərəcəsindən asılı olaraq şəxsin məhkumluq müddəti bir ildən 8 ilə qədər müəyyən edilə bilər. Belə çıxır ki, vətəndaş kirayə mənzil almaq üçün məhkumluğun olması səbəbindən 8 ilə qədər gözləməlidir. Məncə bu tələbə ehtiyac yoxdur. Çünki bu şəxs nə seçkili orqanlarda iştirak edir, nə də yüksək dövlət vəzifəsinə təyin olunmur ki, onun məhkumluğu nəzərə alınsın.

Digər tərəfdən şəxsin sosial problemlərinin həlli yolunda məhkumluğun əsas baryera kimi saxlanılması penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun ruhuna da tamamilə ziddir. Əksinə bu cür insanların sosial problemləri daha tez həll olunmalıdır ki, onların təkrar cinayət törətməmələri üçün əlavə stimulları olsun. Ona görə də bu tələbin də şərtlər toplusundan çıxarılmasını vacib hesab edirəm. Ümid edirəm ki, müvafiq dövlət qurumu bu məsələni nəzərə alacaq".

Dİgər xəbərlər