“Teatrda ən zəhləm gedən adam üçün də darıxmışam” - Xalq artisti Ramiz Novruz
17 aprel 2020 11:14 (UTC +04:00)

“Teatrda ən zəhləm gedən adam üçün də darıxmışam” - Xalq artisti Ramiz Novruz

 Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Bu dəfəki müsahibimiz Xalq artisti Ramiz Novruzdur.

"Ramiz müəllim, neyniyirsiniz evdə, necə keçir karantin günləri, Ramiz müəllim" sualına aktyor "həyat yoldaşımla ikimiz oturmuşuq evdə" - deyə cavab verdi: “İlk günlər daha fəal idiksə, oturmaqla bir az tənbəlləşmişik. Xırda-xuruş yazılarım vardı, onları tamamladım. Bəzən iş görməyə adamın əli də qalxmır, gözləyirəm yoluxma sayı daha da düşsün, bir az ruhumuz ayarlansın”.

Xalq artisti deyir ki, Mirzə Cəlili yenidən oxuyur: “Evdə oturanda adam məşğuliyyət də tapır. Saxta arayışlar düzəldib, hər vəclə çıxıb harasa getmək istəyənlərə yaman hirslənirəm. Biz otururuq evdə ki, bu üzücü dönəm tez bitsin. Bunlar çıxıb bizim haqqımızı əlimizdən alırlar, bunlara görə bizim də evdə oturma vaxtımız uzana bilər, bitməz bu virus. Demək istəyirəm ki, qardaşım, bəlkə ömründə savab qazanmamısan, indi əlinə fürsən düşüb evdə otur, savab qazan. 50 adamı yoluxdurmanın qarşısını alar sənin evdə oturmağın, bu da savaba yazılar. Milləti, xalqı kənarda tanıtdırmaq dövrüdür. Qoy, desinlər ki, necə nizam-intizamlı xalqdır. İtkimiz az olsun, onsuz da çox deyilik.

Bəziləri “Bəyin oğurlanması” filmindəki kişi kimi dirəşiblər ki, niyə o əjdahadan İspaniyada, Amerikada, İtaliyada, Fransada var, bizdə yoxdur? Çıxırlar o əjdahanı axtarmağa. Bir az çətin dolanarsan, amma canın sağ olar”.

Bununla belə, Ramiz Novruz optimist olduğunu xüsusi vurğulayıb: “Optimistəm, elə bilirəm ayın 20-dən sonra stabilliyə doğru gedərik. Əslində, hər kəs kimi mən də dirənmişəm. Tamaşaçılar üçün çox darıxıram. Teatrda hətta ən zəhləm gedən adam üçün darıxmışam. Tezliklə işə çıxmaq istəyirəm.

Tam səmimi deyirəm, düşündüm ki, Mehriban xanımın o cür çıxışından sonra heç kim küçəyə çıxmaz. O qədər səmimi müraciət etmişdi. Axırda da sizin Mehriban demişdi. Vitse-prezident yox ha, dövlət adamı kimi deyil, məhz sizin Mehriban. Bu qədər səmimi müraciətdən sonra da küçəyə çıxan, qaydaları pozan tapıldı. Daha kim müraciət etməlidir sizə - din xadimi, sənətçi, idmançı, vitse-prezident, prezident. Özü də sizə sizin canınızı qorumaq üçün müraciət edilir.

Yox, qurban verməli canınız varsa, bu pandemiya bitsin, gedək Qarabağ uğrunda, torpaq uğrunda qurban verək, daha mikroba, Uhandan gəlmiş xoxana yox”.

Xalq artsti müxtəlif  vəziyyətdə qaydaları pozanlara da münasibətini bildirdi: “Özümüzə Babək deyirik, Koroğlu deyirik, adam özünə necə sığışdırıb maşının baqajına girər harasa getmək üçün. Kimi, hansı şəhəri, ölkəni xilas etməyə gedirsən qardaş, başqa yolun qalmayıb, baqajda gedirsən qəhrəmanlığa? Bilirsiniz, nə üçün eləyir onu. Gedib çatdığı yerdə soruşacaqlar necə keçdin? O da sinəsini qabağa verib deyəcəkdi ki, bacaran oğullar var da... Sırf bunun üçün baqaja girib”.

Sonda sənətkar hamıya səbr və qayda-qanuna riayət etməyi arzuladı.

# 4148
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar