1398
16:40
11 Aprel 2020

“Bu tədbir dünyanın digər təşkilatlarına örnəkdir” – Şərh

Aprelin 10-da Azərbaycan prezidentinin təşəbbüsü ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının videokonfransı təşkil olundu. Görüşdə dövlət başçısı çıxış edərək, ölkədə koronavirusa qarşı mübarizə tədbirlərindən, əhalinin məşğulluq problemlərinin həllindən söz açıb.

Baş tutan görüşlə bağlı politoloq, millət vəkili Elman Nəsirov Lent.az -a münasibət bildirib. Onun sözlərinə görə, videokonfrans iştirakçı ölkələrdə virusla mübarizə tədbirlərini müzakirə etmək məqsədi daşıyıb:

“Koronavirus pandemiyası bütün dünyanı lərzəyə salsa da, bu məsələ heç vaxt prezidentlər səviyyəsində müzakirə olunmamışdı. Yalnız dünən ilk dəfə Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə türkdilli dövlət başçılarının onlayn zirvə görüşü keçirildi. Bu çox əlamətdar hadisə və tarixi addımdır. Görüşün keçirilmə məqsədi dövlətlərin koronavirusa qarşı görülən tədbirlərlə bağlı təcrübə mübadiləsi idi. Hansı dövlət hansı addımları atıb, hansı dövlət hansı addımları ata bilməyib. İkincisi, bu mövcud şəraitdə türkdilli ölkələr bir-birinə dəstək olsunlar. İstənilən anda bir-birinə yardım edə bilsinlər. Üçüncü mühüm məsələ isə bu görüş həmin ölkələrin xalqları arasında həmrəyliyi daha da gücləndirən bir addımdır”.

Elman Nəsirov görüşdə Azərbaycanın səhiyyə müəssisələrinin fəaliyyətindən də bəhs edildiyini bildirib:

“Dövlət başçısı çıxış edərək, ölkədə koronavirusla mübarizə çərçivəsində görülən profilaktik, ardıcıl, sistemli və önləyici işlər, məhdudlaşdırıcı və primitiv tədbirlər barədə məlumat verdi. Cənab prezident qeyd etdi ki, martın 3-dən ölkədə tədrisin fəaliyyəti dayandırılıb, martın 14-dən izolyasiya tədbirləri həyata keçirilir, martın 24-dən karantin rejimi tətbiq olunub və aprelin 5-dən isə hərəkətdə məhdudiyyətlər həyata keçirilib. Məqsəd isə Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini qorumaqdır. Bütün bunlardan əlavə, cənab prezident qeyd etdi ki, son illər ərzində Azərbaycanda 750 yeni səhiyyə müəssisəsi tikilib, koronavirusa yoluxanların müalicəsi isə ən son tikilən yeni klinikada aparılır. Həmçinin ölkədə 10 modul tipli xəstəxananın tikilməsi qərara alınıb ki, bunun da 6-ı dövlət, 4-ü sahibkarlar tərəfindən tikiləcək”.

Həmsöhbətimiz bundan əlavə, prezidentin hazırkı vəziyyətlə əlaqədar yaranan sosial-iqtisadi problemlərin həlli üçün görülən işlər barədə çıxışına da münasibət bildirib:

“Həmçinin indiki dövrdə insanların sosial, məşğulluq və maliyyə problemləri, iqtisadiyyatda sabitlik, maliyyə məsələləri ortaya çıxır. Bu baxımdan da ölkə prezidenti qeyd etdi ki, əsas məsələlərdən biri məşğulluq məsələsidir. 900 mindən artıq dövlət işçisinin əməkhaqqı dövlət tərəfindən ödənilir ki, onların da mütləq əksəriyyəti hazırda işləmirlər. Bundan əlavə, 300 mindən çox insan sahibkarlıq subyektlərində muzdlu işləyir ki, onların da sosial və dolanışıq problemləri həllini tapması üçün 215 milyon manat vəsait ayrılıb. Həmçinin mikrosahibkarlıq sahələrində çalışan 292 min insan var ki, onların da maliyyə problemlərinin həlli üçün 80 milyon manat dövlət büdcəsindən ayrılıb. Cənab prezident bununla yanaşı ölkədə işsizlik probleminin həlli üçün 50 min iş yeri açıldığını da çıxışı zamanı səsləndirib. Həmçinin ölkə prezidenti karantinlə əlaqədar işsiz qalanlara verilən birdəfəlik ödənişlərdən, kommunal vergilərdəki güzəştlərdən də danışıb. Beləliklə, aprelin 10-da baş tutan videokonfrans Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının beynəlxalq aləmdə nüfuzunu daha da artmasına gətirib çıxaracaq. Bu zirvə görüşünün isə məhz Azərbaycanın şuraya sədrliyi dövründə həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunun artması mənafeyini güdür”.

Keçirilən görüşlə bağlı Lent.az -a münasibət bildirən politoloq Elxan Şahinoğlu isə baş tutan videokonfransın dünyanın digər təşkilatlarına örnək olduğunu qeyd edib:

“Azərbaycanın sədrliyi və ölkə prezidentinin təşəbbüsü ilə keçirilən görüş çox vacib idi. Əvvəla ona görə vacib idi ki, dünyanı koronavirus lərzəyə saldığı dönəmdə əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Görüşdə də pandemiya ilə mübarizə məsələləri müzakirə olundu ki, Azərbaycan hətta bu məsələlərdə örnək rolunu oynaya bilər. Çünki ölkəmiz virusla mübarizə çərçivəsində önləyici tədbirlərə tam vaxtında başladı. Martın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycana səfər etmişdilər. Biz inkişaf etmiş qərb ölkələrinin səhvlərini təkrarlamadıq. Halbuki indi onlarda vəziyyət çox ağırdır. İkinci məqam iqtisadi əməkdaşlıq və regional layihələr məsələsi idi, o da müzakirə olunub. Azərbaycan prezidentinin dediyi kimi, türkdilli ölkələr arasında yükdaşımalar artıb. Həmçinin Türkiyə prezidenti də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin mərkəzi Asiyaya qədər uzadılmasını gündəmə gətirib ki, buda məncə həll olunacaq. Hazırkı vəziyyətdə digər təşkilatlar “gələcəkdə nə ilə qarşılaşacağıq”, “bizi nə gözləyir” dedikləri halda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu vəziyyətdə də əməkdaşlıq etmək olar deyə, dünyaya örnək oldu. Dünyanın əksər nəhəng ölkələrində isə vəziyyət get-gedə gərginləşir. Hətta bir-birilərinin maska və digər tibbi ləvazimatlarını da oğurlayır. Bütün bu səbəblərə görə, dünən baş tutan videokonfrans əhəmiyyətli idi”.