“Virus barədə eşidəndə həm kədərləndim, həm də sevindim...” - Cavanşir Quliyev
08 aprel 2020 11:10 (UTC +04:00)

“Virus barədə eşidəndə həm kədərləndim, həm də sevindim...” - Cavanşir Quliyev

Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Növbəti müsahibimiz Şimali Kiprdə yaşayan tanınmış bəstəkar Cavanşir Quliyevdir. Onunla bugünkü durum, yaşadığı şəhərin vəziyyəti və yaradıcılığı barədə söhbət etdik.

- Yəqin ki, evdəsiniz, necədir vəziyyət, darıxmırsınız?

- Desəm ki, ömrüm boyu bunu arzulamışam, deyəcəksən ki, elə də arzu olar? Mənim işim elədir ki, evdə oturmağı arzulayıram həmişə,  yaradıcılığımla mütəmadi məşğul ola bilim deyə. Bu həmişə alınmır. Belə bir virus peyda oalnda kədərləndim, amma bir tərəfdən də sevindim. Təbii, xəstəlik yaxşı deyil, amma mən oturub evdə yaradıcılığımla məşğul olmağa başladım. Heç sıxılmağa vaxtım olmadı. Əminəm ki, yaradıcılıqla məşğul olmağı istəyən adamların əlinə fürsət verdi bu virus. Oturub evlərində yaradıcılıqla məşğul oldular.

"Özümü necə hiss edirəm" sualına cavabım normaldır. Mən, zatən həmişə evə can atmışam ki, işimi görüm. Mənim əsas işim çöldəki deyil, evdəkidir.

Xoşbəxtlikdən yaşadığım ölkənin hökuməti çox erkən tədbirlər gördü. Ölkəni qapadı. Bura həm də ada olduğu üçün bunu etmək də asandır. Bir girişi, bir çıxışı var. 300-400 min  nəfər əhalisi var, Bakının bir mikrorayonu qədərdir. Həm də əhalinin əksəriyyəti savadlı, oxumuş, intellektual adamlardır. Hətta taksi sürücüləri də oxumuş adamlardır. Ona görə də hökumətin bütün tədbirləri tam yerinə yetirilir. Polisi ilə əhalisi arasında anlayış hökm sürür.

- Heç küçəyə çıxırsınız, axı, tək yaşayırsınız?

- Burada da 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qadağa var. Mənə də aiddir. Evimin yanında market, aptek var. Bir-iki dəfə ərzaq, dərman almağa çıxmışam. Polis kənardan müşahidə edir. Görür, adam iş üçün çıxıb dəymir.

Təxminən 30-a yaxın yoluxmuş adam var şəhərdə, iki nəfər reanimasiyadadır. Vəziyyət belədir. Dünyanın hər yerində olduğu kimi, biz də evdən onlayn dərslər veririk. Havalar burda artıq isinməyə başlayıb, yəqin ayın sonuna vəziyyət düzələr.  

- O zaman sizi Bakıda karantin dövründə yazdıqlarınızın premyerasında görərik...

- Fikrimiz odur, sağlıq olsun.

# 35067
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar