“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsi elan olundu
07 aprel 2020 15:05 (UTC +04:00)

“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsi elan olundu

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəsm müsabiqəsi elan edilib.

Lent.az xəbər verir ki, rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılanmaq məqsədi daşıyan müsabiqə  “Minnətdarıq” adı altında respublika səviyyəsində keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc rəssamların www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq” afişasına toxunmaları və ya (http://xsm.az/site/minnetdariq) linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaları tələb olunur.

Qeydiyyat mayın 15-dək aparılacaq. Seçim 3 yaş kateqoriyası üzrə (5- 12, 12-17, və 17-30 yaş) aparılacaq və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək. Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan edilərək Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq.

İlk üç yerin qalibi ilə yanaşı, hər yaş kateqoriyasında həvəsləndirici mükafatlar da nəzərdə tutulub.

# 1929
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar