Lerik meşələrinə qənim kəsilən kimlərdir? – “Onlar yenidən iş başındadırlar” - FOTO - VİDEO
01 aprel 2020 14:46 (UTC +04:00)

Lerik meşələrinə qənim kəsilən kimlərdir? – “Onlar yenidən iş başındadırlar” - FOTO - VİDEO

Lerik rayonun Vov kəndi ərazisində meşələr kütləvi şəkildə məhv edilir. Kənd sakinləri Lent.az-ın redaksiyasına müraciət edərək, meşədə kəsilən ağacların foto və videolarını təqdim ediblər. Onların sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq, problem həll olunmamış qalıb və bu hal üç ildir ki, davam edir. 

Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii sərvətlər Nazirliyinin katibi İradə İbrahimova Lent.az-a bildirib ki, həmin ərazidə olan kütləvi kəsilmə indi deyil, bir neçə ay öncə qeydə alınıb:

“Lerik rayonunda Rezvana band 20 Saylı Meşə dolayında olan meşədə ağacların qırılması faktı barədə bizə də məlumat daxil olub. Nazirliyin əməkdaşları məsələ ilə bağlı həmin ərazidə olub, polisə məlumat verilib, cinayət işi açılıb. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.” 

Nazirliyin Meşələrin inkişafı departamentinin Lənkəran regional meşə təsərrüfatı mərkəzinin Rezvana band meşəliyinin meşəbəyi Qəribov Tərlanın sözlərinə görə hadisə bir neçə ay bundan öncə baş verib: “Naməlum şəxslər tərəfindən ağaclar kəsilib. Meşə gözətçilərinin məlumatı ilə şöbənin əməkdaşları həmin əraziyə baxış keçirdi və kəsilmiş ağaclar aktlaşdırıldı. Hazırda polis həmin şəxs və ya şəxslərin tapılması istiqamətində işlər aparır. Son dövrlərdə isə belə hal müşahidə olunmayıb. Yanvar ayında güclü qar və külək nəticəsində aşan ağaclar var. Sakinlərin bildirdiyi kimi kütləvi kəsilmə yoxdur”. 

Lakin Lerik rayonunun Vov kəndinin sakinləri Lent.az-ın əməkdaşı ilə söhbətlərində israrla ağacların kütləvi şəkildə, özü də bu günlərdə kəsildiyini bəyan ediblər: ”Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və adıçəkilən meşənin meşəbəyisi Tərlan Qəribovun açıqlamalarından xəbərdarıq. Lakin həqiqət onların dediyi kimi deyil. Bir neçə ay öncə də kütləvi ağac kəsilməsi barədə müvafiq orqanlara şikayət etmişdik. Lakin o zaman təqsirkarlar şübhəli şəkildə tapılmadı. Bu isə ona səbəb oldu ki, məsuliyyətdən yaxa qurtara bilən həmin şəxslər, ağacların qənimləri yenidən meşələri “soyqırımına” məruz qoydular. Hazırda da Vov kəndində ağacların məhv edilməsi həyata keçirilir. Dünyanın hazırkı vəziyyətində, pandemiyanın tüğyan etdiyi bir vaxtda, təbiətin “ağ ciyəri” olan meşələrin insafsızcasına qırılmasına göz yuma bilmərik və buna öz etirazımızı bildiririk. Meşəyə divan tutan, ağacları kəsən şəxslər bu işdə o qədər peşəkarlaşıblar ki, kəsilən ağacları dərhal aparmırlar, bir müddət ağaclar elə kəsilmiş vəziyyətdə qalır, quruyur, kəsilmə yeri rəngini dəyişir. Bundan sonra isə həmin şəxslər kəsdikləri ağacları “qurumuş, təbiət hadisələri nəticəsində qırılmış” kimi təqdim edib, ərazidən uzaqlaşdırırlar. Həmin şəxslər Lerik meşələrinin qəniminə çevriliblər. Onları durduran olmasa, adı dillər əzbəri olan meşələrimizdən əsər-əlamət belə qalmayacaq”.

Turan Şakir

Şikayətçilərin göndərdiyi videoları təqdim edirik:

 

 

# 2176
avatar

Oxşar yazılar