Pediatr uşaqları bu xəstəliklərdən əziyyət çəkən valideynlərə səsləndi
29 mart 2020 13:49 (UTC +04:00)

Pediatr uşaqları bu xəstəliklərdən əziyyət çəkən valideynlərə səsləndi

Son zamanlar dünyanın gündəlik həyatını zəbt edən koronavirus uşaqlara necə təsir edir? Valideynlərin tez-tez təlaşla verdikləri  əsas suallardan biri də budur. Ən çox soruşulan isə “Uşaqlar da yoluxa bilərmi” sualıdır.

Lent.az xəbər verir ki, tanınmış pediatr, allerqoloq Sevinc Abdullayeva mövzu ilə bağlı e-tibb.az-açıqlama verib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı məlumatlandırır ki, bu virus daha çox yaşı 65-dən çox olanlar üçün təhlükəli olsa da, bütün dünyada hər yaşda virusa yoluxanlar  mövcuddur:

“Sadəcə, bu məlumatları araşdıranda uşaqların yaşlı insanlara və böyüklərə nisbətən daha az yoluxduğu məlum olur. Sevindiricisi də odur ki, digər yaş qruplarına nisbətən uşaqlar bu virusu daha yüngül keçirirlər. Böyüklərdə olduğu kimi, bəzi yanaşı xəstəlikləri - qaraciyər, ürək və böyrək çatışmazlığı, ağır ağciyər xəstəlikləri olan, leykoz və limfoma kimi immun sistemini zəiflədən xəstəlikləri olan uşaqlar bu virusu daha ağır keçirirlər”.

Pediatr, daha çox uşaqları allergik xəstəlikləri olan valideynlərin narahat olduğunu qeyd edib. Sevinc Abdullayeva onların “Koronavirus əlamətlərini necə tanıyaq?”, “Allergik uşaqlar risk qrupundadırmı?” kimi suallarına belə aydınlıq gətirib:

“Əvvəlcə onu deyim ki, ağır astma xətəliyi olan uşaqlardan başqa digər allergik uşaqlar risk qrupunda deyillər. Əgər uşaqlarda inadcı temperatur, halsızlıq, öskürək və nəfəs darlığı varsa, təyin olunmuş mərkəzlərdən və ya “103” xidmətindən koronavirusun yoxlanması üçün kömək istəyə bilərsiz. Lakin unutmaq olmaz ki, bu virus uşaqlarda qarın ağrısı, qusma və ishal kimi əlamətlərlə də də başlaya bilər”.

O həmçinin uşaqların bu xəstəliyə necə yoluxduğunu vurğulayaraq, necə qorunmalı olduqlarına dair bir sıra tövsiyələr edib:

“Digər yaş qrupları kimi virus uşaqlara da xəstə və ya daşıcı insanlardan asqırma və öskürmə yolu ilə səthlərə hoparaq, oradan da əllərin göz, üz, burun və ağıza təmas edilməsi ilə yoluxur.
Uşaqların “KOVİD-19”dan qorunması üçün maska taxmalarına ehtiyac yoxdur, çünki qorumur. İnsanların çox olduğu yerlərdə olmamaq, ümumi nəqliyyat vasitələrindən istifadə etməmək, xəstəlik ehtimalı olan insanlardan uzaq durmaq, əlləri tez-tez, 20-30 saniyə sabunlamaq ən vacib addımlardandır.

Unutmayaq ki, bu virus dünyada yenidir, cox aqressiv yayılır. Virusla bağlı hələ araşdırmalar aparılır və təəssüf ki, bu yöndə biliklər hələ çox azdır, xüsusi müalicəsi və peyvənd yoxdur. Ən təsirli yol virusa tutulmamaqdır. Bu isə izolyasiya ilə mümkündür. Bu həm uşaqları, həm də təmas quracağımız insanları qorumaq deməkdir. Həm sevdiklərimizi, həm də gələcəyimiz olan uşaqları qorumaq üçün evdə qalın!”. 

# 456
avatar

Oxşar yazılar