415
11:21
26 Fevral 2020

Bakıda ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib.

İdarədən Lent.az -a verilən məlumata görə, “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib, onların hazırladıqları fotostendlər və guşələr nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagird kollektivinin soyqırım şahidləri ilə görüşləri və “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.