Mahir Emreli: “Qurban Qurbanov arxayınlaşmamağı tapşırdı” - MÜSAHİBƏ
16 fevral 2020 13:09 (UTC +04:00)

Mahir Emreli: “Qurban Qurbanov arxayınlaşmamağı tapşırdı” - MÜSAHİBƏ

"Qarabağ"ın forvardı Mahir Emrelinin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın son turunda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdiz. Hesab özünüz üçün də gözlənilməz oldu?
- Əslində, özümüz də bu cür hesab olacağını gözləmirdik. Sadəcə futbolda belə "günlər" olur. Hardasa bəxtimiz gətirir, rəqibin oyunu alınmır. "Zirə" ikinci yarıda qırmızı vərəqə də aldı və bu da hardasa təsirsiz ötüşmədi. Bu oyunla bağlı özəl bir şey demək doğru deyil. Biz çox güclü, “Zirə” zəif oynadı desək, düzgün deyil, sadəcə bizim günümüz idi.

- 15 dəqiqəyə üç qol vurduqda sonra "Zirə" ümumiyyətlə, meydanda heç nə etmədi. Erkən qolların rəqibi sındırdığını demək olar?
- Sanki vurduğumuz zərbə qol olurdu. Bu da rəqibi bir az həvəsdən saldı. Lakin bizim bunu sona kimi qoruyub-saxlamağımız önəmli idi. Futbolçular rahatlaşmadılar, oyun intizamını sona qədər saxladıq.  

 

- Qışdan fasiləsindən sonra "Qarabağ" oyununu tədricən tapmağa başlayır. Necə fikirləşirsiz, pik nöqtəsinə çatmısızmı?
- Qurban Qurbanov "Zirə" ilə oyunun fasiləsində arxayınlaşmamağı tapşırdı. Çünki öz oyunumuzu hələ “oturtmadığımızı” bildirdi. Hər qarşılaşmada hesaba baxmayaraq, daha da artırıb, verilən tapşırıqları yerinə yetirməliyik. Düşünürəm ki, zaman keçdikcə oyunumuz daha gözəl olacaq. Nəticələr bizi aldatmamalıdır.

- "Neftçi"ni səkkiz xal qabaqlayırsınız. Bu mövsüm də çempion olacağınızı artıq demək mümkündür? 
- Nə vaxtsa düşünsək ki, artıq çempionuq, axsamalar olar. Biz heç vaxt rahatlaşmırıq. "Artıq “çempionuq" düşüncəsilə yaşamırıq. Hər oyunda nəticələr qazanmalıyıq. Məhz buna köklənməliyik.

- Dani Kintananı fərqli yola saldınız. Amma ondan da əvvəl Riçard Almeydanın gedişi səssiz alındı. Bu nə ilə bağlıdır?
- Kintana özü gəlib, bizlə vidalaşdı. Almeydanı isə ilin əvvəlində görmədik. Əgər onunla da görüşə bilsəydik, onu da elə yola salardıq. Dani gəldi, komandanın önündə dayandı, başladı sağollaşmağa, amma sonradan kövrəldiyinə görə davamını gətirə bilmədi. Hamımız da pis olduq. Daninin ürəyimizdə yeri başqa cür olacaq. 

- Adınız "Sevilya", "Fənərbaxça" və bir çox klublarla hallanırdı. Mövsüm sonunda xaricə yollanmaq etimalınız nə qədərdir? 
- Hələ ki, ikinci dövrənin oyunları təzə başlayıb, heç nə bilmirəm. "Fənərbaxça" məsələsinə gəldikdə, nə vaxt təklif almışam, mediaya bunu demişəm. "Sevilya" və AEK-dən rəsmi dəvətlər vardı. Olmayan şeylər haqda isə nəsə danışmıram. Bilirsiz, haqqımda "özünü yalandan reklam edir" fikrini formalaşdırmaq istəmirəm. Açıqsözlüyəm. 

- Milli komandanın baş məşqçi postu hələ də boş qalıb. Bu vəzifədə yerli, yoxsa xarici mütəxəssis görmək istərdiz? 
- Bu rəhbərliyin verəcəyi qərardır. Amma yerli mütəxəssisin olmasını istəyərdim. Xaricilərdən Robert Prosineçki daha yaxşı idi. Amma o, Türkiyə klubu ilə işlədiyindən artıq Azərbaycana gəlməsi mümkün deyil.

# 2203
avatar

Oxşar yazılar