756
19:40
07 Fevral 2020

FHN-ə press-tur təşkil olunub - FOTOLENT - VİDEO


Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsi tərəfindən nazirliyin fəaliyyətinin ölkə mətbuatında işıqlandırılması və müvafiq qurumlarının axtarış-xilasetmə işlərinə, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinə hazırlıq səviyyəsinin media nümayəndələri üçün nümayiş olunması məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) inzibati binasına jurnalistlərin press-turu təşkil olunub.

APA-nın məlumatına görə, press-tur çərçivəsində XRXX-nin Avtonəqliyyat şöbəsinin rəisi, mayor Elçin Məmmədov mətbuat nümayəndələrinə xidmətin iri miqyaslı fövqəladə hallar zamanı istifadə olunan qərargah avtomobilləri, çevik xilasedicilərinin döyüş hazırlığı, çevik xilasetmə idarəsinin motosikletləri və xüsusi təyinatlı xilasetmə avtomobili, təcili tibbi yardım personalı və avtomobili, kinoloji taborun təlimatçı kinoloqlarının fəaliyyəti və xüsusi təlim keçmiş itlər barədə məlumat verib.

O qeyd edib ki, çevik xilasetmə idarəsinin motosikletləri dünyanın çox az ölkəsində istifadə olunur: “Fövqəladə Hallar naziri general-polkovnik cənab Kəmaləddin Heydərovun təklifi ilə bu motosikletlər alınıb və tətbiq olunmağa başlayıb. Kanada istehsalı olan “Argo” isə bütün yolsuzluq şəraitində, kiçik həcmli göllərdə, qamışlıqda, dağlarda qar uçqunları zamanı xilasetmə qrupunu hadisə yerinə çatdırır və zərərçəkmişlərin təxliyə edilməsi üçün nəzərdə tutulub. Dağda qar uçqununa düşən 3 alpinistin tapılması zamanı bu texnikanın böyük köməyi olub. Elə bir şərait yoxdur ki, bu texnika orada istifadə olunmasın”.

Xüsusi təlim keçmiş itlər barədə də məlumat verilib və qeyd edilib ki, bu itlər insan, partlayıcı maddə və cəsədlərin axtarışında istifadə olunur. Təcili tibbi yardım avtomobili isə zərərçəkənləri çətin yerlərdən aparmaq üçün nəzərdə tutulub. Başqa maşınların gedə bilməyəcəyi yerlərə həmin təcili tibbi yardım personalı bu maşınlarla gedir. Həmin təcili yardım maşınında 10 litr həcmi olan və 3-4 saat işləyə bilən oksigen balonu, zərərçəkəni daşımaq üçün xərək, elektrik aspiratorlar və s. var.

Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexnik və İstehkam Hazırlığı şöbəsinin baş zabiti baş leytenant Süleyman Heydərov minalardan təmizləmə üzrə çevik qrupun şəxsi heyətinin döyüş hazırlığı və təchizatında olan texniki vasitələr barədə məlumat verib. O qeyd edib ki, XRXX-nin strukturuna daxil olan hərbi hissələrdə istehkam və pirotexnik tağımlarının şəxsi heyətində minalardan təmizləmə üzrə çevik qrup formalaşdırılıb: “Qrupun fəaliyyəti ərazi və obyektlərdə aşkar olunan partlayış təhlükəli əşyaların evakuasiyası, zərərsizləşdirilməsi, məhv edilməsi və ərazilərin minalardan təmizlənməsi fəaliyyətini yerinə yetirir. O cümlədən ərazidə olan obyektlərdə aşkar edilən şübhəli əşyaların, şübhəli və sahibsiz çantaların texniki müayinəsi, müayinənin nəticəsində əməliyyatın digər xüsusları həyata keçirilir. Qrupun şəxsi heyəti Azərbaycanda və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərində aidiyyəti kurslarda iştirak edib və sertifikatlarla təmin ediliblər. Qrupun təchizatında ən müasir və son texnologiyalar yer almaqdadır. Qrupun heyəti ümumilikdə 1 komandir olmaqla qrup rəhbəri və 5 nəfər heyətdən ibarət ekipajdır. Ekipaj ümumi fəaliyyəti ərzində 2016-cı ildə Şirvan şəhərində “Üfüq” İstehsalat Birliyinin “Araz” zavodunda baş vermiş partlayış zamanı 31 gün əraziyə səpələnmiş sursatların məhv edilməsində və 2017-ci ildə Xızıda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sursat anbarının partlaması nəticəsində əraziyə səpələnmiş partlayış təhlükəli əşyaların, sursatların təmizlənməsində 5 ay 15 gün fəaliyyət göstəriblər”.

XRXX-nin Radiasiya və kimyəvi zəhərlənmədən mühafizə şöbəsinin rəisinin köməkçisi, leytenant Aydın Nurəhmədov isə kimyəvi zəhərlənmələr zamanı deqazasiya duş kabinəsində zərərçəkmişlərin və xilasedicilərin zərərli maddələrdən təmizlənməsi prosesi, eyni zamanda A, B və C səviyyəli geyim dəstləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş hazırlığı idarəsinin dalğıc hazırlığı şöbəsinin baş zabiti Fariz Qəmbərov isə su hövzələrində əməliyyat həyata keçirən xüsusi riskli xilasetmə taborunun şəxsi heyətinin döyüş hazırlığı və istifadələrində olan avadanlıqlar barədə media nümayəndələrinə ətraflı məlumat verib.

Bundan başqa, xidmətin təlim meydançasında praktiki qəza-xilasetmə təlimi keçirilib. Praktiki təlimlər zamanı dağıntılar altından xüsusi təlim görmüş it vasitəsilə zərərçəkmişin çıxarılması, kimyəvi zəhərlənmələr zamanı şəxsi heyətin deqazasiya olunması, alpinist və desantların alpinist qülləsindən enmələri, yol qəzası zamanı suda batmış avtomobilin və şəxsin dalğıclar vasitəsilə xilas olunması, nəqliyyat vasitəsinin çıxarılması və təcili tibbi yardım avtomobilinə təhvil verilməsi, minalardan təmizləmə üzrə çevik qrup tərəfindən naməlum əşyanın müəyyən olunması, əşyalara rentgen aparatında baxış keçirilməsi və su topu vasitəsilə zərərsizləşdirilməsi nümayiş olunub.

Tədbirin sonunda xidmət rəhbərliyi ilə jurnalistlərin görüşü olub.

Xidmət rəisi general-mayor Şahmar Paşayev media nümayəndələrinə kollektiv adından minnətdarlığını bildirib. Ş. Paşayev qeyd edib ki, şəxsi heyətin sayı 2300 nəfərə yaxındır: “Bakının hər rayonunda, eyni zamanda Azərbaycanın regionlarında - Gəncə, Mingəçevir, Şəmkir, Sumqayıt, Xaçmaz, Lənkəranda ayrı-ayrı xidmətlərimiz fəaliyyət göstərir. Həmişə çalışırıq ki, qarşımızda qoyulan hər bir işin öhdəsindən gələk. Hər gün ən azı 10-15 çağırış gəlir və xilasedicilərimiz hava şəraitindən asılı olmayaraq bütün çağırışların öhdəsindən layiqincə gəlirlər. Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir. Çalışırıq ki, həmişə dövlətin qarşımıza qoyduğu çətin vəzifənin öhdəsindən gələk, dövlətimizə, xalqımıza xidmət edək. Bu yaxınlarda İmişlidə iki adamı öldürüb avtomobillə birgə çaya atmışdılar. Xilasedicilərimiz bu əməliyyatda çox əziyyət çəkdilər, hətta əməkdaşlarımızdan birinin boğulma təhlükəsi oldu. Buna baxmayaraq, avtomobil çaydan çıxarıldı. Bu avtomobil mütləq lazım idi, çünki maddi sübut kimi lazım idi. Mən özüm və rəhbərliyin adından bütün şəxsi heyətə təşəkkür edirəm ki, gecə-gündüz bu cür əziyyət çəkirlər. Bildiyiniz kimi, bir müddət öncə ard-arda yanğınlar baş verdi. Nizami rayonunda ticarət mərkəzi, Dərnəgüldə baş verən yanğın, eyni zamanda tikinti materialları mağazasının yanması və s. Bəzən elə bilirlər ki, hadisə baş verəndə hər şey asan həll edilir. Burada insanların hadisə yerindən çıxarılması, yanğının ətrafa yayılmaması, ətrafdakı insanların təhlükəsizliyi və s. bütün bunlar böyük məsələdir. İnsanın əmlakı yana bilər, ancaq insan itkisinə yol vermək olmaz. Cənab nazirin də göstərişi var ki, hadisə baş verən zaman ilk olaraq hadisənin qarşısı alınmalı, insanlar sağ-salamat təhlükəsiz yerə çıxarılmalıdır. Hündür mərtəbəli binalarda yanğın olur, oradan insanların çıxarılması bizim xidmətin sayəsində olur. Özü də bizdə təkcə kişilər yox, həm də qadınlar çalışır. İki xanım əməkdaşımız Qubada alpinistlərin axtarışı zamanı bir aydan çox orada qaldılar. Xidmətin əməkdaşları Azərbaycanla bərabər, xarici dövlətlərdə təhsillərini davam etdirirlər. Bunun üçün dövlətimizə təşəkkür edirəm. Xüsusən bu məsələdə bizə daha çox Türkiyə kömək edir. Xilasedicilərimiz xaricdə kurslarda bir neçə ay iştirak edib lisenziya alırlar və şəxsi heyətin daha yaxşı çalışması üçün öyrəndiklərini tətbiq edirlər”.

Xidmət rəisinin birinci müavini, qərargah rəisi, general-mayor Məhərrəm Həsənov xidmət əməkdaşlarının müxtəlif illərdə çətin şəraitdə ölkədə və ölkə kənarında həyata keçirdiyi uğurlu axtarış-xilasetmə əməliyyatları barədə geniş məlumat verib: “Bunların içərisində yadda qalan bir neçə vacib xilasetmə əməliyyatı var. Bunlardan biri 2010-cu il yanvarın 5-də Şamaxı və Pirallahı yolunda qar çovğunu zamanı olmuşdu. Bu zaman qarın altında avtomobillər qalmışdı. Bu, ən təhlükəli, riskli əməliyyatlardan biri olmuşdu. O əməliyyat zamanı insanları maşınların içərisindən çıxarıb yaxınlıqdakı kəndlərə və müəssisələrə apardıq. Yenə həmin ilin yayında Şirvanda və Sabirabadda subasmaları oldu. O zaman 1 ay müddətində aparıcı mütəxəssislərimiz tərəfindən xilasetmə əməliyyatı, bəndlərin bərkidilməsi həyata keçirildi. Digər tərəfdən 2011-ci ildə baş verən Van zəlzələsini xatırlatmaq istərdim. Vanda 120-yə yaxın xilasedicimiz xilasetmə əməliyyatlarını həyata keçirdi. Xilasetmə əməliyyatları zamanı 12 nəfərə yaxın insan dağıntılar altından sağ çıxarıldı. Eyni zamanda dağıntılar altında 60-a yaxın cəsəd tərəfimizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verildi. Zəlzələdən 104 saat sonra bizim kinoloqlarımız insanı sağ-salamat çıxara bilmişdilər. Eyni zamanda qeyd edim ki, 2018-ci ildə Qubada 3 alpinistin 3 ay müddətində rəis başda olmaqla axtarışını apardıq. Orada bir gün belə axtarışı dayandırmadıq. Nəticədə alpinistlərimiz 6 metr dərinlikdən çıxarıldı. 2019-cu ildə isə bizim peşəkar dalğıclarımızın sayəsində MİQ-29-un axtarışında iştirak etdik. Orada SOCAR və Müdafiə Nazirliyi ilə birgə bizim dalğıclarımız 25 gün axtarış apardı. Orada 25-30 metr dərinlikdə işləmək lazım idi. Bu əməliyyat çox yüksək qiymətləndirildi. Xilasedicilərimizin bu səviyyədə işləyə bilməsi üçün təbii ki, maddi-texniki baza lazımdır. Əlimizdən gələni edirik ki, xilasedicilərimizin peşəkarlıq səviyyəsini saxlayaq”.

Tədbirdə media nümayəndələri ilə əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi və fövqəladə hallarda təhlükəsiz davranış qaydalarının aşılanması istiqamətində fikir mübadiləsi aparılıb.

Müxtəlif vaxtlarda FHN tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarını əks etdirən videoçarx nümayiş olunub.