12:04
05 Fevral 2020

Sınaq imtahanları üçün pulu necə ödəməli? – TÖVSİYƏ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da 2020-ci ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanına qeydiyyat fevralın 10-da saat 11:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək olar.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanda iştirak etmək istəyənlər 40 manat ödəniş etməlidirlər. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Lent.az DİM-in sınaq imtahanı üçün məbləğin ödənilməsi ilə bağlı tövsiyələrini təqdim edir: “Dövlət İmtahan Mərkəzinin ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün istifadəçilər, ilk növbədə ekabinet.dim.gov.az saytında öz “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

Vətəndaşların “Şəxsi kabinet” yaratdıqdan sonra ödəmə həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var:

  1. Vətəndaş bank kartı vasitəsilə online şəkildə “AsanPay” (təhsil ödənişləri->DİM) və “Hesab.az”(təhsil->DİM), “Hökumət ödəniş portalı” (bütün ödənişlər->təhsil->DİM) və ya bu elektron ödəniş sistemlərinin şəbəkələrinə qoşulmuş ödəniş terminalları vasitəsi ilə apara bilərlər.
  2. Bank kartı olmayanlar “Şəxsi kabinet” yaratdıqdan sonra ödənişi həyata keçirmək üçün “Hökumət ödəniş infrastrukturu”na qoşulan bütün banklar, bankların filialları, şöbələri, həmçinin “Azərpoçt”un filial və şöbələrində şəxsiyyət vəsiqəsi və ya “Şəxsi kabinet”inin nömrəsini əməliyyatçıya təqdim etməklə ödəməni həyata keçirə bilərlər. (əməliyyatçıya “Hökumət ödəniş portalı” vasitəsilə “Şəxsi kabinetimə” imtahanda iştirak etmək üçün vəsait qoymaq istəyirəm demək kifayətdir).
  3. Banklara məxsus ödəniş terminalları (məsələn “Ekspresspay” (təhsil->DİM) və poçt şöbələrində olan e-GovPay ödəniş terminalları vasitəsilə də nağd şəkildə “Şəxsi kabinet”inizin hesabına vəsait əlavə edə bilərsiniz.
  4. Bundan əlavə, bank kartı olmayanlar portmanat.az mikro ödənişlər sistemi ilə də Portmanat kod əldə etməklə lazımi vəsaiti hesablarına yükləyə bilərlər. Portmanat kod MilliÖN, eManat, Easypay, Expresspay ödəmə terminalları vasitəsi ilə əldə edilə bilər. Kodun əldə edilməsi üçün ardıcıllıq aşağıdakı kimidir:

Ödəmə kartları -> Portmanat Code -> Mobil nömrə daxil edilir -> Məbləğ daxil edilir. Əməliyyatın sonunda daxil edilən mobil nömrəyə 9889 qısa nömrəsindən Portmanat kodu SMS vasitəsi ile göndərilir, eyni zamanda qəbzin üzərində də çap olunur. Portmanat kodla DİM-ə ödəniş etmək üçün portmanat.az saytına və ya mobil tətbiqinə daxil olduqdan sonra "Qeydiyyatsız ödənişlər" bölməsindən "Dövlət ödənişləri" bölməsinə daxil olmalısınız. Daha sonra "DİM" seçilir. 2 seçim imkanı var: DİM (Kabinet nömrəsi ilə) və DİM (Şəxsiyyət vəsiqəsi ilə). Seçimlərdən hər hansı birini seçərək ödəniş qəbzindəki pin kodu daxil etməklə ödəniş edilir”.

Ekspert vurğulayıb ki, onlayn və ya digər əməliyyatlar zamanı təqdim olunan ödəniş qəbzləri müvafiq vəsaitin hesaba köçürülməsinə əmin olana qədər saxlanılmalıdır.

Dİgər xəbərlər