3716
09:32
04 Fevral 2020

Bakıda koronavirus şübhəsilə bağlı 5 nəfər xəstəxanaya yerləşdirildi - Nazirlik

İstanbuldan və Moskvadan gələn 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Resbublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, bu gün üçün KTM-in yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.

Çində təhsil alan 27 yaşlı Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 28 yaşlı Azərbaycan vətəndaşı, 27 yaşlı həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Çində təhsil alan 22 yaşlı Azərbaycan vətəndaşının sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

Çində təhsil alan 22 yaşlı Azərbaycan vətəndaşının da hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 23 yaşlı Azərbaycan vətəndaşının (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.