700
18:20
30 Yanvar 2020

Məhəmməd Əmin Rəsulzadə irsi ilə bağlı beynəlxalq konfrans keçirildi


Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunan "Məhəmməd Əmin Rəsulzadə irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

APA-nın məlumatına görə, “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadə ev muzeyi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən iki günlük beynəlxalq konfransda 10-a yaxın ölkənin araşdırmaçı alimləri iştirak edir. Konfransla bağlı jurnalistlərə açıqlama verən tədbirin Təşkilat komitəsinin üzvü, tanınmış telejurnalist Qulu Məhərrəmli bildirib ki, son illərdə Azərbaycan cəmiyyətində Məhəmməd Əmin Rəsulzadənin irsinə, şəxsiyyətinə, siyasi baxışlarına maraq daha da artıb: “Çünki son illər görkəmli alimlər, tədqiqatçılar Rəsulzadənin irsini geniş araşdırırlar. Bunun nəticəsində qiymətli kitablar, elmi araşdırmalar təqdim olunur. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncamından sonra cəmiyyət tərəfindən həm AXC-yə, həm də onun qurucularının irsinə böyük maraq yaranıb”.

Tədbirdə çıxış edən təşkilat komitəsinin üzvü, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova Rəsulzadənin həyat və yaradıcılığı barədə məlumat verib: “Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə keçirilən bu beynəlxalq konfrans böyük əhəmiyyət daşıyır. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi səhifəsi var və bu səhifəyə xaricdən də bütün soydaşlarımız daxil olurlar. Soydaşlarımız da Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılmasını arzu edirlər. Cümhuriyyət dövründə Rəsulzadə Azərbaycanı bütün dünyaya tanıdıb. 30 ildir müstəqilik, amma biz hələ də Cümhuriyyət qurucuları qarşımızı borcumuzu ödəməmişik. Bu gün Cümhuriyyət qurucuları, xüsusilə də Rəsulzadə qarşısında borcumuzu qaytarmaq üçün yığışmışıq”.

“Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram da Rəsulzadənin böyük şəxsiyyət, siyasətçi deyil, fikir adamı olmasından, Türkiyədəki fəaliyyətindən bəhs edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, türk dövlətlərindən biri çətinliyə düşəndə digəri ona əl uzadıb, qardaşlıq edib, bu, bundan sonra da belə davam edəcək: “XX əsrin ilk yarısında yaşadığımız hadisələr bizim üçün böyük dərsdir. Bu dərsi almağımızda Məhəmməd Əmin Rəsulzadənin çox böyük yeri var. O, Azərbaycan dövlətinin qurulmasında əməyi keçənlər arasında ilk sıralarda yer alanlardan biridir. Biz Rəsulzadə və çağdaşlarının etdiklərinin nəticəsində bu günlərə gəlib çıxa bilmişik. 1918-ci ildə müstəqil Azərbaycanın keçdiyi yolu Qurtuluş savaşından, Cümhuriyyətin elanından başlayaraq Türkiyə də getməyə başladı. Bu gün Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin olması onun müstəqil Azərbaycandakı yerini, ona verilən qiyməti göstərmək baxımından çox önəmlidir. O dövrün qurucuları qarşısında onların heykəllərinin qoyulması borcumuz var. Biz Türkiyə Cümhuriyyəti olaraq Məhəmməd Əmin Rəsulzadənin qəbrinə ev sahibliyi edirik. Eyni zamanda onların ortaya qoyduğu dəyərlərə də ev sahibliyi edirik. Biz, Rəsulzadə, Nuru Paşa, Əliağa Şıxlinski kimi bütün qurucuları hər zaman rəhmətlə anırıq”.

Səfir bildirib ki, Rəsulzadənin tarixə yazılmış çox vacib bir sözü var: “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Bu, həqiqətən də belə olub. 1918-ci ildə yüksələn Azərbaycan bayrağı, əmin olun ki, 1990-cı ilə qədər əslində bir daha heç vaxt enməyib. Təbii ki, o bayrağın yüksəklərdə tutulmasından bəhs edərkən mütləq anmalı olduğumuz daha bir ad var. O ad Sovetlər Birliyi dövründə Azərbaycanın bayrağını Naxçıvanın bayrağı edib Naxçıvan Ali Sovetinin adını Naxçıvan Ali Məclisi olaraq dəyişdirən Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanın müstəqilliyini heç bir vaxt unutmayıb, müstəqilliyin elan olunmasından sonra təkrar yox olma təhlükəsi ilə qarşılaşan Azərbaycanı birləşdirib və bu günlərə gəlməyinin səbəbi olub. Bizim bu insanlar qarşısında bir borcumuz var. Bu borc həm keçmişdəkilərə, həm də bizdən sonra gələcək nəsillərə olan borcumuzdur”.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı, Fransa, Türkiyə, Polşa, İran və Gürcüstandan bir çox tanınmış alimlər iştirak edir. Sabah konfrans öz işini Azərbaycan Tarix Muzeyində elmi məruzələrlə davam etdirəcək.