1636
16:16
27 Yanvar 2020

Unudulmuş soydaşlarımız - noqay türkləri: Keçmişdən bu günə

Noqaylar. Son dönəmlərdə türk soylu xalqlar noqay adını Arslanbəy Sultanbəyovun məşhur “Dombra” mahnısını ifa etməsindən sonra duymaqdadırlar. Lakin bir çoxlarımız onlar haqqında bilmirik, harada yaşadıqları, nə işlə məşğul olduqları, hansı adətləri qoruyub saxladıqları, hansı dildə danışdıqları barədə xəbərsizik. Kimdir noqaylar? Onları bizimlə nələr bağlayır?

Noqaylar kimlərdir?

Qızıl Orda xanı Toxtamış xanın ölümündən (1405) sonra dövlətdə başlanan taxt münaqişələri sonunda bir çox dövlət xadimləri və əmirlərin ayrılaraq xanlıqlar yaratmaları haqqında silsilə yazılar təqdim etmişdik. O kiçik dövlətlər ayrılıb “xanlıq” adlanarkən, bir də “ulus” və ya “orda” dövləti adı ilə tarixə keçən bir dövlət görməkdəyik. Bu dövlət Noqay Ulusu və ya Noqay Ordası adlanırdı. V.V.Trepavlov “Noqay Ordası Tarixi” əsərində noqayların niyə digərləri kimi xanlıq adlanmadığını belə izah edir:

“Noqaylar Manqıt nəslindən idilər. Manqıtlar Monqol qəbilələri arasında xeyli hörmət bəslənilən və Börütegin soyunun bir qolu sayılırdılar. Çingiz Xan da Börütegin soyundan olduğu üçün onlar eyni qol idilər və zamanla Manqıt adı unudulmuşdu. Manqıtlar Cuci ulusu torpaqlarında ən təmiz və qarışmamış soy hesab olunurdular. Onlar Çingizxan soyundan gəldiklərini bilirdilər və buna görə də Orda dövlətindən ayrılıb xanədan qurduqda özlərinə Manqıt Xanədanı deməkdən də çəkinmədilər”.

R.X.Kepeytov da “Noqaylar” əsərində təxminən eyni fikri bildirmiş və noqayların yaşadıqları əraziləri daha dəqiq tədqiq etmişdir.

Noqay ulus dövləti XV əsrdə elə yaşadıqları bölgədə, İdil (Volqa) çayının sahilində Saracük (Saraycıq) adlanan şəhərdə yarandı. Yayıq və Emba çaylarından Sırdəryaya kimi uzandı. Kurat yazır ki, ilk vaxtlar noqaylara bütün soylar qoşuldular, dəstək verdilər. Onlar mənbələrdə “Yetmiş min kazqan” adlanan Noqay-Manqıtlar kimi yazılıblar. “Yetmiş min kazqan” - 7 tümən Noqay deməkdir. Hər tümən 10 min nəfər idi. Bəzi tarixçilər Manqıtların Noqaylara aidiyyatı olmayan başqa tayfa olduğunu və monqollarla birləşərək yeni bir soy əmələ gətirdiklərini yazsalar da, Hudyakov bu iddianı yalanlayır. O, yazır: “1495-ci ilə aid məktubun əsasında illərlə manqıt soyunun izinə düşdük. Onlar tam bir Noqay ulusudur”.

Noqay adının kökəni

Noqay ulusunun adı bu gün də mübahisə mövzusudur. Rusiyalı tarixçi-türkoloq V.Bartold yazır: “Noqay ulusunun özü Çingiz soyuna bağlıdır. Lakin onların adı şərq mənbələrində Manqıt olaraq keçməkdədir. Bu ulus özünü Qızıl Orda dövlətinin zəiflədiyi bir vaxtda Noqay adlandırdı. Ulus dövlətini yaradan şəxsin adı Qara Noqay xan idi və o, öz adını daha əvvəllər Bərkə xanın dövründə baş vermiş Terek çayı sahilindəki döyüş zamanı qəhrəmanlıq göstərmiş babası Tümən bəyi Əmir Noqayın adından götürmüşdü”.

Noqayları araşdıran və geniş təhlil edən digər araşdırmaçı isə Zəki Vəlidi Toğandır. O, “Türk eli və yaxın tarixi” əsərində noqayların adının Əmir Noqayla deyil, Qara Noqayla başladığını yazır. Onun yazdığına görə, Əmir Noqayın yerləşdiyi ərazi Krım yarımadasının qərbi, Qara Noqayın yaratdığı ulus dövləti isə İdil çayının şərqində Əmir Noqayın yaşadığı dövrdən yüz il sonra ortaya çıxmışdır. Lakin Bartoldun yazdığını tarixçilər daha məntiqli hesab edirlər.

Noqayların həyat tərzi

Noqaylar da digər monqol ulusları kimi, əsasən əkinçilik, köçəri maldarlıq və atçılıqla məşğul idilər. Hərb prinsipi bütün məsələlərdən öndə idi. Hər noqay gənci orduda xidmət etməli idi. Onların öz mədəniyyətləri, məişət formaları vardı. Kımız və keçi ətindən qovurma süfrənin şahı idi və ən hörmətli qonaqlara hazırlanardı. Böyük əksəriyyətin dini baxışları Tenqriçilik idi. Qızıl Orda dövlətində islam dini rəsmən qəbul edilsə də, bir çox qəbilələr, tayfalar qəbul etməmişdilər ki, onlardan biri də Noqaylar idilər.

Noqay-rus münasibətləri

Rusiya çarlığı yarandığı gündən əsas məqsədi Qızıl Ordadan ayrılmış bütün xanlıqları öz ərazisinə qatmaq idi. Artıq XVI əsrin sonlarında noqayların dövləti dağılmış, ulusun bir hissəsi Krım, digər hissəsi isə Həştərxan və Kazan xanlığına sığınmışdılar. Artıq qılınc-qalxan dövrü bitmişdi və top-tüfəngli rus ordusuna qarşı olduqca zəif idilər. XVII yüzillik də noqaylar üçün basqı və zülmlə davam etmişdir. Noqayların ən ağır dönəmi isə 1711-ci ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanan “Prut” müqaviləsindən sonra başladı. Noqayların yaşadıqları bir çox ərazilər rusların tabeçiliyinə keçdi. Onlardan biri də sağsahil Kuban idi ki, ruslar 1712-ci ildə buraya böyük yürüş təşkil etdilər. Noqay evləri top atəşilə dağıdıldı, kütləvi qətliam baş verdi. İkinci Kuban yürüşü 1736-cı ildə baş vermişdir. Bu zaman Krım xanlığını son qala bilərək qorumaq istəyən noqaylar rusların qarşısında özlərini sipər etmişdilər. Lakin ruslar silah gücü ilə onları məğlub edərək, növbəti qətliamı törətmişdilər. 1737-ci ildə noqaylara qarşı Ataman İvan Frolovun komandanlığında daha bir yürüş təşkil edildi. Bu yürüşdə Don kazakları,Terek kazakları və rusların himayəsində olan Kalmıkiya əmiri də iştirak etmişdir. Bu böyük yürüşdə noqaylara qarşı dəhşətli soyqırım törədilmiş, 10 mindən çox qadın və uşaq əsir alınmış, onların bir qismi müqavimət göstərdikləri üçün Kuban çayında boğdurulmuşdular.

1770-ci il avqustun 6-da noqay murzalarının (aristokrat təbəqə) imperatorluğun xarici işlər nazirliyinə yazdıqları məktubda rusların himayəsini deyil, müddətli müqavilə ilə müvəqqəti atəşkəs istədiklərini bildirmişdilər. Noqaylar bununla vaxt qazanıb, son qala Krım xanlığının qorunmasını təmin etmək niyyətində idilər. Lakin 1774-cü ildə Osmanlı ilə Rusiya arasında baş tutan “Kiçik Qaynarca” sülhündən sonra Krım, Kuban, Bucaq və s. ərazilər də Osmanlının əlindən tamamilə çıxdı. Daxildə ruslara, onların qarnizonlarına qarşı türk hərəkatları genişlənmişdi. Hərəkatların başında noqay sərkərdələri dururdular. Ruspərəst Şahin Gireyin hakimiyyətə gətirilməsinə xalq narazı idi. Lakin Suvorov imperatorluğa bir az səbirli olub, Yemelyan Puqaçov üsyanından (1773-1775) sonra boşalacaq ərazilərə noqayların köçürülməsini tövsiyə edirdi. 1783-cü ildə Krımın tamamilə Rusiya imperatorluğuna ilhaq edilməsi baş tutdu. Ümidsiz qalan noqaylar kütləvi qətliama məruz qalmamaq üçün müxtəlif ərazilərə səpələndilər. Onların bir qismi 7 gün rus qarnizonunun keşik çəkən əsgərlərinə sui-qəsdlər təşkil edərək Osmanlı tərəfə keçdilər. Bir qismi Suvorovun əmri ilə Sibirə, Uralətrafı ərazilərə sürgün edildilər. Buralarda da sakit həyat sürməyən və onlara olan mənfi münasibətdən narazı qalan noqaylar XIX əsr boyunca da susmadılar. Yerləşdikləri bölgələrdə ruslara qarşı daim mübarizə aparırdılar.

Noqay xalqı XX əsrdə

XX əsrin əvvəllərində Rusiyada baş verən inqilablar, çevrilişlər imperiyanın daxilində yaşayan bütün xalqlar kimi noqaylarda da birləşmək, özünə dönmək, müstəqil olmaq ruhu yaratmışdı. Q.A.Alikbarov “Dağıstan xalqlarının qələbəsi” kitabında yazır ki, 1917-ci ildə Şimali Qafqaz xalqlarının da iştirakı ilə “Birinci Dağlı qurultayı” təşkil edildi. 1918-ci ildə qurulan Dağlı Cümhuriyyətində noqaylar da təmsil olundular. Onlar əsasən Terek vilayətinə nəzarət edəcəkdilər. Lakin 1923-cü ildən SSRİ onları yenidən parçalamağa başladı. Cənubi Qafqazda bəy, ağa və qolçomaqlara qarşı aparılan təmizləmə siyasəti Şimali Qafqazda da aparıldı. Noqay murzaları bir sinif olaraq yox edilmişdilər. 30-cu illərdə sovet idarəçiliyi noqayları yenidən parçalayaraq müxtəlif bölgələrə yerləşdirmişdir. Stravropol, Çeçenistan və İnquşetiya da onların yaşadıqları ərazilərdən idi. Lakin noqayların birlik halında yaşadığı Noqay-Abazin vilayəti Çərkəz Respublikasına verilmişdir.

Sovetlər birliyinin dağılması ərəfəsində noqaylar yenidən azadlıq mübarizəsinə qalxdılar. 1990-cı ildə noqay və Terek qazaxlarının birgə qurultayı keçirildi. Qurultayda digər azsaylı xalqlar kimi, noqaylar da Rusiya sərhədləri daxilində muxtariyyət tələb etdilər. Lakin Moskva bu tələbi rədd etdi.

Noqay xalqı XXI əsrdə

2000-ci illərdə Dağıstan idarəçiliyi və Stravropol əyalət şurası Rusiya hökumətinə müraciət edərək, noqayların federasiyaya bağlı bir şəhərdə birləşməsi istəklərini bildirmişdilər. 2005-ci ildə Qaraçay-Çərkəz Respublikasının tərkibində etnik kimliyə görə bir rayon yaradılması qərara alındı. 2007-ci ildə Adıgey-Habl rayonunun 30% torpağı ayrılaraq, noqaylar üçün rayon salındı. Sibir, Dağıstan, Çeçenistan, Stravropol, Qaraçay-Çərkəz Respublikasında dağınıq halda yaşayan noqaylar buraya köçürüldülər. Rayonun adı Tərəkli-Məktəb qoyuldu. 2011-ci ildə burada Noqay qurultayı keçirildi. Qurultayda birlik, bərabərlik andı içilərək gələcəkdə Rusiya Federasiyası daxilində muxtariyyətə nail olmaq üçün çalışacaqları qərara alındı. Hazırda dövlət dili rusca olsa da, yaşadıqları rayonda öz türk dillərində danışırlar. Onların dili Türk-qıpcaq dil qrupuna aiddir.

Nəticə:

Beləliklə, bir vaxtlar qüdrət sahibi olan noqay ulusunun uzunmüddətli müharibə və qətliamlardan sonra bu gün bir rayonda birləşməsi, yaşaması, varlıqlarını qoruması, yenə də böyüməyə can atmaları unudulmuş xalqdan böyük xalqlara bir örnəkdir, mesajdır. Hazırda azsaylı noqayların bir qismi müsəlman, bir qismi isə Tenqriçidir. Soyuna sayğısı olan, geni qarışmayan bu toplum bu gün özünü Macarıstanda keçirilən Turan Qurultayında da isbatlamaqdadır. Bütün məhrumiyyətlərə rəğmən, bir bayraqları mövcuddur. Bayraq mavi rəngdədir və üzərində qanadlı Bozqurd simgəsi əks olunub. Noqaylar milli mətbəx və mədəniyyətlərini də qoruyub saxlayıblar. Zamanında Osmanlıya keçən noqaylar bu gün Türkiyə Cümhuriyyəti vətəndaşları olsalar da, onlar da birlik-bərabərlik üçün bəzən el bayramlarında Şimali Qafqaza qonaq gedirlər.

Noqay soydaşlarımıza möhkəmlik və əzmkarlıq arzu edirik. Bir gün Türküstanda qovuşmaq ümidi ilə...