Dövlət hakimiyyətində təmsilçilik və tarazlıq fəlsəfəsi - Parlamentçilik
27 yanvar 2020 11:41 (UTC +04:00)

Dövlət hakimiyyətində təmsilçilik və tarazlıq fəlsəfəsi - Parlamentçilik

 

Dövlət dəyər simvolu olduğundan, təmsilçilik də dəyər verən, dəyərlərin mübadiləsini həyata keçirən ümumməcmu bir prosesdir. Təmsilçilik dövlətçilik məfkurəsini özündə daşıyan, bu baxımdan da dövlətə və xalqa xidmətləri özündə ehtiva edən  fenomenoloji bir prosesdir. Təmsilçilik məhz xidmət amilinə görə dəyərləri özündə cəmləşdirir. Bu xidmət də tənzimləmədən, idarəçilikdən, sözçülükdən, vəkalətdən irəli gələn amildir.

Təmsilçilik dövlətin və xalqın dəyərlərini ortaq koordinatlarda cəmləşdirən vəzifədir, ali xidmətdir. Təmsilçilik əxlaqi və estetik elementləri özündə ehtiva edir. Belə ki, dövlət əxlaq, şərəf, nüfuz, şəxsiyyət  simvoludur. Eləcə də gözəlliklər və sadəliklərlə doludur. Təmsilçilik nüfuzu və nümayişi, eləcə də  vəzifə təqdimatının  özü elə bir gözəllikdir, görünüşdür. Burada təmsil edən şəxs dövlət hakimiyyəti ilə təmsil etdiyi tərəf arasında körpü və bağlantı yaradır. Təmsil etdiyi tərəfi üzv əks tərəfə üzv kimi qəbul edir.   Tərəflərin mahiyyətini bir-birinə çatdırır. Koordinator rolunu oynayır. Bununla da ictimai-mədəni və sosial-hüquqi status daşıyır. Seçici özünü vasitəçi, təmsilçi yolu ilə dövlətdə və onun idarəçiliyində görə bilir. Əyani şəkildə vasitəçisi ilə təmsil oluna bilir. 

Təmsilçilik dövlət hakimiyyəti ilə təmsil olunan tərəf arasında zəmanətçi rolunu da oynaya bilir. Arxayınlıqla xalqı dövlətə, dövləti də xalqa bağlayır. Təmsilçi dövlət hakimiyyəti ilə cəmiyyət arasında barışdırıcı rolu oynayır. Təmsilçilik dəyərləri cəmiyyətdən dövlətə, dövlətdən də cəmiyyətə ötürür. Bununla da ictimai-siyasi prosesləri eyniləşdirir və paralelləşdirir. Təmsilçilik dövləti öz tərkibi ilə cəmiyyətə bağlayır, onun forma və məzmununa immanent edir. Xalqı dövlət idarəçiliyinin obyektinə və subyektinə çevirir. Təmsilçilik vətəndaşla dövlət arasında bütövlük, üzvi vəhdət  yaradır. Dövlət hakimiyyətinin hüquq və vəzifələri onda iştirak edən şəxslərin hüquq və vəzifələrini, səlahiyyətlərini meydana gətirir. Təmsilçilik siyasi hakimiyyətin mahiyyətini formalaşdırır, siyasi hakimiyyətin fəlsəfəsini formalaşdırır. Təmsilçinin vəzifə və funksiyaları dövlət hakimiyyətinin vəzifə və funksiyaları ilə eyniləşir, tamamlanır. Təmsil edən şəxs təmsil etdiyi tərəfin maraq və mənafelərini özündə daşıyır və məcmu, mexanizm həyata keçirən  aparat rolunu oynayır, dövlət hakimiyyətinin fəaliyyətinin istiqamətləndirilməsini təmin edir.

Təmsilçilik dövlətçiliyin yaşaması üçün hüquq normaları sisteminin formalaşmasında əsas rolu oynayır. Dövlətin qanunvericilik aktlarının uyğunlaşmasında və sosial maraqlara cavab verməsində uyğunlaşdırıcı, əlaqələndirici, bağlayıcı funksiyanı kəsb edir. Təmsilçilik özündə dövlətçilik məfhumunun bütün elementlərini dərk etmək funksiyasını, istedad və qabiliyyətini əks etdirir. Təmsilçilik insan hüquqlarını dövlət qurumlarında tərənnüm edən tərəf kimi əhəmiyyət kəsb edir. Bununla da xalqın öz dövlət hakimiyyətində iştirak etmək hüququnu əldə edir. Təmsilçilik xalqın hüquqlarının qanunlara və digər qanunvericilik aktlarına çevrilməsində, hüquqların normalara salnımasında mexanizm və vasitə, subyekt rolunu oynayır. Kollektiv təmsilçilik (parlamentdə təmsil olunma) xalqın ayrı-ayrı tərkibinin bütövləşməsini və bununla da vahid dövlətçilik ideyalarının yaranmasını özündə daşıyan ali bütövləşdirici məzmun və forma alır. Kollektiv təmsilçilik ayrı-ayrı məsələlərin birgə müzakirəsini və qərarların birgə  qəbulunu özündə daşıyan bütövləşdirici məzmunu və formanı ifadə edir. Bu təmsilçilikdə tərkib hissələr vahidliyə çevrilir, bütövləşir.

Təmsilçilik ideya xətti kimi dövlətçilik ideoloji xətti-sxemində qərarlaşır. Bu baxımdan da təmsil edən şəxsin hüquqi-siyasi və ictimai təfəkkürünün mövcudluğu mühüm şərtə çevrilir. Təmsilçilik hüququ dövlətçilik və dövləti təşkil etmək hüququndan törəyir. Dövlət insan hüququnun tərkibi və nəticəsi  olduğundan təmsilçilik də insanların siyasi hüquqlarının əsaslarını təşkil edir. Təmsilçilik hüququ öz daxilində vəzifələri və funksiyaları cəmləşdirir. Təmsil edən şəxs öz fəaliyyəti ilə hüquqlarını sübuta yetirir, dövlətin hüquqlarını ifadə edir. Dövlət rəhbəri xalqın əsas təmsilçisidir və bu baxımdan da xalqın və dövlətin hüquqlarını daşıyır.  Hüquqların məcmusunu özündə ifadə edir, cəmləşdirir. Təmsilçilik hüquq və vəzifələr daşımaqla təsiredici tərəfə çevrilir. Bu baxımdan da təmsilçilər dövlət hakimiyyətində xalqın nüfuzlu nümayəndələri kimi çıxış edirlər. Xalq öz təmsilçilərinə siyasi vəkalət verir. Bu vəkalət etimadnamələri, etibarı  özündə daşıyır. Xalq öz təmsilçisinə  sözünü çatdırmaq üçün etibarnamə verir, onu dövlət hakimiyyətində səlahiyyətli tərəfə çevirir. Təmsilçilik sözçülükdür. Təmsilçiliyə xarici ölkələrdə və təşkilatlarda akkreditə olunan diplomatlar da aid edilir. Ölkənin qanunverici qurumunda təmsilçilik ölkənin daxili və xarici siyasətində vətəndaşların vasitəli iştirakını özündə ehtiva edən fəlsəfi bir prosesdir.

Təmsilçilik dövlət hakimiyyətində məsuliyyət yaradan bir prosesdir. Dövlətin xidmət məsələsində vəzifə və funksiyalarını müəyyən edir. Təmsilçilik xalqa məxsus olan hakimiyyəti onun özünə təqdim edən vasitəçilik missiyasından ibarət olur. Xalqın sözünü tapşırıqlar, göstərişlər və tövsiyələr formasında dövlət hakimiyyətinə çatdırır.

Dövlət hakimiyyəti bir-birini tamamlayan, vəzifə və funksiyalarda əvəzləyən və sistemli fəaliyyət göstərən bir vəhdətdir. Dövlət hakimiyyəti xalqın siyasi iradəsini əks etdirən formadır. Xalq öz hakimiyyətində təmsil olunma yolu ilə özünü idarə edir, hüquqlarını müəyyən edir, vəzifələrini sistemləşdirir. Xalq dövlət hakimiyyətini formalaşdırmaqla özünü daxildə və beynəlxalq aləmdə siyasi parametrlər üzrə təmsil edir. Təmsilçilik yolu ilə dövlətin daxili və xarici fəaliyyəti müəyyən olunur. Dövlət hakimiyyətinin qurumları xalqın maraq sferalarının zənginliyini özündə ehtiva edir. Təmsilçilər maraq sferalarının müəyyən olunmasında və aktlaşmada mühüm rola malik olurlar. Sahələr üzrə maraqların tənzimlənməsi məhz siyasi hakimiyyət vasitəsilə yerinə yetirilir. Dövlət hakimiyyətində təmsil olunma xalqın nümayəndələrini birbaşa seçməsi yolu ilə və  vasitəli olaraq (seçdiklərinin seçimləri ilə) seçki üsulu ilə həyata keçirilir. Dövlət hakimiyyətində təmsil olunma həm də təyinat yolu ilə müəyyən olunur.  Xalqın seçdiyi ali nümayəndə dövlət hakimiyyətində öz nümayəndələrini təyin edir. Bu təyinat başlıca olaraq xalqın təmsil etdiyi şəxsə verdiyi səlahiyyətlərdən irəli gəlir. Xalq qanunvericilik yolu ilə təyinat həyata keçirə biləcək şəxslərin sistemini, dövlət vəzifələrini müəyyən edir. Bu baxımdan da piramidal (yuxarıdan aşağıya doğru) təyinat sistemi meydana gəlir.  Xalqın seçdiyi nümayəndələr (məsələn, dövlət rəhbəri) xalqın və dövlətin adından dövlət vəzifələrinə şəxslər təyin edirlər. Onlar bu təyinatda ali vəzifələr üzrə xalqın seçdiyi kollektiv qurumdan, yəni parlamentdən razılıq əldə edirlər. Digər tərəfdən parlament də dövlət hakimiyyətində təmsil olunmaq üçün nümayəndələr, səlahiyyətli şəxslər seçə və təyin edə bilir.

Seçki və təyinat xalqın milli hakimiyyətini ona doğmalaşdırır. Xalq özünün təşkil etdiyi hakimiyyətindən tələblər edir. Çoxluğun seçimi ilə meydana gələn hakimiyyət, idarə edən qrup  öz idarəetmə obyektini elə özünə də yönəldir. Xalq hakimiyyətinin fəaliyyəti ilə nizamlanır. Yəni sahələr üzrə əlaqələri və münasibətlərini meydana gətirir. Vasitələr üzərində təsir imkanları əldə edir.  Xalqla dövlət hakimiyyəti arasında yaşanan tarazlı əlaqələr və siyasi mühitin tarazlaşdırılması məsələləri həm də çoxfunksiyalı təmsilçilikdən yaranır. Ədalətli hakimiyyət də təmsilçilikdən meydana gəlir.

Təmsilçilik hüquqi-siyasi vəkalət fəaliyyətidir. Xalq tərəfindən etibar olunan şəxslər onu ayrı-ayrı siyasət institutlarında, hakimiyyət qollarında təmsil edirlər. Təmsilçilik bir hüquqi-siyasi və ictimai statusdur. Toxunulmazlığı özündə ifadə edir. Bu toxunulmazlıq özündə həm də imtiyazları yaradır.  Təmsilçilik təmsil olunan tərəfin şərəf və ləyaqətinin ifadə olunmasını və qorunmasını özündə ehtiva edən bir prosesdir. Təmsilçilikdə olan  statusu xalq öz ana qanun və qanunvericilik aktları məcmusu ilə formalaşdırır. Bu baxımdan təmsilçilik bir hüquqdur və səlahiyyətdir. Ona görə də  vəzifələr daşıyır. Müəyyən məqsədlərə çatmağı qarşısına qoyur.

Təmsilçilik dövlətdə olmaqla - ali, mərkəzi, yerli və özünüidarəetmə formasında olur. Xalqın nümayəndələrinin dövlət hakimiyyətində (ali, mərkəzi və yerli qurumlarında) təmsil olunmaları və yerli bələdiyyə-özünüidarəetmə,  qurumlarında təmsilçiliklə iştirak etmələri formaları mövcud olur. Bu təmsilçilik xalqı öz nümayəndələri vasitəsilə dolayı olaraq,  vasitəçi yolu ilə dövlətə və onun hakimiyyətinə bağlayır. Bu yöndə təmsilçilik dövlətin maraqları ilə xalqın maraqlarını müəyyən koordinatlarda birləşdirir və uzlaşdırır. Təmsilçilik tarazlıq yaradan mərkəzi element, mərkəzi subyekt rolunda çıxış edir. 

Dövlət hakimiyyətində təmsil olunmaq dövlət və dövlətçilik məfhumlarından və anlayışlarından meydana gəlir. Dövlətçilik özlüyündə dövlət qurumundan törəyən ideyadır və dövlətin saxlanılmasına və inkişafına xidmət edir. Nümayəndə ilə təmsil olunmaq da dövlətçilik ideyalarının hakimiyyət qurumlarında ifadə olunmasına səbəb verir. Təmsilçilik dövlətin canlanmasını özündə ifadə edən ümumməcmu bir prosesə çevrilir.

Təmsilçilik bir fəlsəfi prosesdir. Belə ki, ümumiləşmiş maraqlar təmsil edəndə cəmləşir. O, çoxlu sayda elementlər (ictimai, mədəni, siyasi, sosial elementlər)  daşıyıcısına çevrilir. Təmsil edən təmsil etdiyi şəxslərin keyfiyyətlərini özündə daşımaq iqtidarında olur. Təmsilçinin geniş və əhatəli xidməti məhz kompleks dəyərləri ehtiva edir və bütövlük yaradır. Təmsil edən özündə təmsil etdiyi qrupun mənafeyini daşıyır. O, hər zaman təmsil etdiyi qrupun istək və arzularını, problemlərini təmsil olunduğu qurumda təqdim etməyə hazır olur və ona qadir olur. Təmsilçilik cəmiyyətin xarakterini və aurasını özündə daşıyan fəlsəfi məzmunlu aktlar məcmusudur.

Beləliklə, təmsilçilik nədir:

- təmsilçilik hüquq və səlahiyyət  verən vəkalətdir;

- təmsilçilik hüquq və vəzifələrin təmsil olunan qurumda təqdim olunmasıdır;

- təmsilçilik təmsil olunan tərəfin xassəsini özündə daşıyan bağlayıcı bir prosesdir;

- təmsilçilik siyasi sistemlə bağlantı yaradan ictimai-siyasi aktlar prosesidir;

- təmsilçilik təmsil olunan tərəfin istəklərini təmsil etdiyi tərəfə çatdıran hüquqi-siyasi vasitəçilik prosesidir;

- təmsilçilik dövlət fəlsəfəsini mücərrəd düşüncələrdən konkret real təcəssümə çevirən sübutlayıcı proseslər cəmidir;

- təmsilçilik təmsil olunan tərəfin əlamətlərini, elementlərini özündə daşıyaraq təmsil olunan tərəfə təqdim edən vasitəçilik peşəsidir;

- təmsilçilik dövlət hakimiyyətinin siyasi fəaliyyətinin məğzini təmsil etdiyi tərəfə çatdıran bağlayıcı vasitədir;

- təmsilçilik dövlətlə vətəndaşların maraqlarını ortaq sferada məcmulaşdıran və yönləndirən aktlar məcmusudur;

- təmsilçilik dövlət hakimiyyətini və dövləti daxildə və xaricdə sübuta yetirən, ona haqlar qazandıran aktlar məcmusudur;

- təmsilçilik etik-estetik dəyərləri özündə daşıyan yüksək-mənəvi dəyərlər məcmusudur.

Parlament digər hakimiyyət qurumlarına nisbətən daha çox ictimai məzmunlu dövlət orqanıdır. Hakimiyyətlərin formalaşması mənbələridir. Xüsusilə icra hakimiyyətinin əsas formalaşması mənbələridir. Parlament dövlətin daxili və xarici siyasətinin formalaşdığı başlıca məcmudur. Bu qurumda dövlətin hüquq və onu normalara salan qanunlar sistemi meydana gəlir. Burada çoxluğun səsi ilə hakimiyyətin və dövlət rəhbərinin siyasi kursuna qiymət verilir. Parlament xalqın təmsilçilərinin toplaşdığı ən mühüm qurumdur. İctimai, siyasi təmsilçiliyin ən geniş yayılmış olduğu orqandır. Təmsilçi bu qurumda xalqın sözçüsü kimi iştirak etməklə özünü siyasi və ictimai fiqura çevirmiş olur. Parlamentdə iştirakçılıq fərdin şəxsiyyətə çevrilməsini və tamamlanmasını təmin edir. Təmsilçi həm də dövləti təmsil edən şəxs rolunu oynayır. O, özündə həm dövlətin, həm də xalqın dəyərlərini cəmləşdirir. 

Dövlət hakimiyyətində, parlamentdə  təmsil olunmaq yolu ilə təmsil edən təmsil etdiyi dairənin xassələrini, elementlərini özü ilə daşıyır.  Təmsil etdiyi tərəfin ruhunu hakimiyyətə çatdırır. Təmsilçilər cəm halda xalqın xüsusiyyətlərini parlamentdə əks etdirirlər. Bu yolla parlamentin xarakteri xalqın xarakterinə uyğunlaşdırılır. Təmsilçilər ictimai statuslu, eləcə də siyasi və hüquqi statuslu şəxslər olaraq sosial məsələlərin, hərbi, iqtisadi və digər məsələlərin  hüquq normaları ilə tənzimlənməsi mexanizmini formalaşdırırlar. Bununla da sahələr üzərində tənzimləyici sistem yaradırlar. Sahələri dövləti idarəetmə obyektlərinə çevirirlər. Parlamentdə xalqı təmsil edən nümayəndələr ictimai rəyin formalaşmasında iştirak edirlər, eləcə də ictimai rəylə dövlət siyasətinin həmahəngləşməsində iştirak edirlər.

Dövlət hakimiyyətində təmsil olunma cəmiyyətlə, ictimai təbəqə ilə, eləcə də ümumilikdə xalqla dövlət arasında tellər yaradan proses olduğundan tarazlı funksiya kəsb edir. Təmsilçilik dövlətin sifarişini, istəyini cəmiyyətə, cəmiyyətin, xalqın istəyini, sifarişini isə dövlət çatdırır. Bu proseslərdə ötürücü koordinator rolunu oynayır. Bu baxımdan da parlament mərkəzləşdirici orqan kimi mühüm əhəmiyyət kəsb edir. Parlament kollektiv təmsilçiliyin aynası və ictimai, siyasi platforması, efiri rolunu oynayır. Təmsilçilik qurumuları tarazlı funksiya yerinə yetirən mərkəzləşdirici institutlar rollarını oynayırlar.

Parlament dövlət hakimiyyəti orqanı olaraq məxsusi funksiya kəsb edən ali hakimiyyət, ali institutlaşmış siyasət kompleksidir. Parlament xalqın iradəsinin mahiyyətini  onun nümayəndələri vasitəsilə dövlətə, ali hakimiyyətə çatdıran əsas qurumdur. Burada xalqın seçdiyi nümayəndələrin toplumu mövcud olur. Xalqın ayrı-ayrı hissəsinin istək və arzuları parlamentdə cəm halda ifadə olunur. Parlament xalqın ayrı-ayrı hissələrindən axan fikir cərəyanlarının bir arada mərkəzləşməsini təmin edən ali qanunverici qurumdur. Burada xətlər mərkəz üzrə tarazlaşır. Parlament cəmiyyətin döyünən nəbzini tutur və dövlətə bu barədə məlumat verir. Parlament xalqın öz nümayəndələri vasitəsilə dövlət hakimiyyətində iştirakını təmin edən ictimai-siyasi qurum rolunu oynayır.

Parlament qanunvericilik təşəbbüsü funksiyasını daşıyır. Cəmiyyətin problemlərinin həll olunması üçün müvafiq norma və qaydaların sistemləşməsini, qanuniləşməsini təmin edir. Bu baxımdan da parlament yolu ilə dövlətin siyasəti qanunların qəbulu, dəyişdirilməsi və ləğv olunması proseslərindən ibarət olur.  Parlamentdə xalqla dövləti tarazlı formada  sıx şəkildə bir-birinə bağlayan hüquq və onu normaya salan qanunvericilik  sistemi formalaşdırılır. Parlament qanunverici hakimiyyət qurumu olaraq icra və məhkəmə hakimiyyəti üzərində nəzarət mexanizmləri əldə edir. Hər iki hakimiyyətin formalaşmasında mühüm vəzifə və öhdəliklərə malik olur. Parlament öz seçkili nümayəndələri ilə dövlət rəhbəri ilə xalq arasında tarazlı bağlılıq yaradan vasitə rolunu ifadə edir. Məsələn, dövlət rəhbərinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə qanun layihəsi təqdim etməsi və parlamentdə layihənin müzakirə olunması dövlət rəhbəri ilə xalq arasında ictimai, siyasi və hüquqi bağlantının yaradılması demək olur. Parlamentin digər mühüm konstitusion funksiyaları bu qurumun digər hakimiyyət qurumları ilə üzvi bağlılığını əks etdirir. Parlament vasitəsilə sosial təkliflər, ideyalar, təşəbbüslər qanun formasını alır. Bu üsulla da xalq öz nümayəndələri ilə siyasətin formalaşmasında iştirak edir. Parlamentdə vətəndaşlar qanunvericilik təşəbbüsü qaydasında qanun layihələri təqdim edə bilirlər. Bu metodla onlar təşəbbüs qrupu yaratmaqla qanunların yaranmasında nümayəndələri olmadan da iştirak edə bilirlər.

Parlament ölkənin taleyüklü məsələsini həll edir. Dövlət rəhbəri ilə birlikdə siyasətin formalaşmasında iştirak edir. Parlamentdə dövlət rəhbəri seçilir, həmçinin hökumət formalaşdırılır. Dövlət rəhbərinin icra hakimiyyəti funksiyasında parlament iştirak edə bilir. Parlament dövlətin əhatələnmiş (mərkəzi və yerli) siyasi sisteminin formalaşmasında iştirak edir. Parlamentə deputat seçilmək özündə dərin bilikləri, dövlətçilik məfkurəsini, xalqın mədəni-ictimai və siyasi düşüncələrini ehtiva edən xassələr cəmini ifadə etmək deməkdir.

 

Elşən Nəsibov

Siyasətşünas-alim, yazıçı-publisist

# 2003
avatar

Oxşar yazılar