489
16:18
17 Yanvar 2020

"Depressiya qadınlar arasında daha çox müşahidə edilir" - Mərkəz direktoru

"Depressiya xəstələrində ürək çatışmazlığı və ürək problemləri riski ümumi populyasiyadan demək olar ki, 10 dəfə çox olur".

APA xəbər verir ki, bunu "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi" mövzusuna həsr olunan elmi-praktiki konfransda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, kardioloji problemləri olan insanlarda normal sağlamlığı olan insanlara nisbətən həm depressiya, həm təşvişli pozuntular, həm də stresslə bağlı pozuntular daha çox olur:

"Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Depressiyanın çox aydın şəkildə özünü göstərən əlamətləri var. Depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir. Əgər insanda bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz. Depressiya hissi olan insanlarda maraq, zövq hissi azalır, enerjisi tükənir. Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyillilik ola bilər".

F.İsmayılov bildirib ki, iştahın artması və ya azalması, ümumi aktivliyin artması və ya azalması ola bilər: "Belə insanların intihar etməklə bağlı fikirləri də olur. Depressiya çox ciddi xəstəlikdir. Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkələrində olduğu kimidir. Bütün dünyada olduğu kimi Azərbaycanda da depressiyadan əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün vacib olan şərt pozitiv düşüncənin olması, insanlarla müsbət səmimi münasibətlərin qurulması və həkimə vaxtında müraciət edilməsidir".

Direktor qeyd edib ki, depressiya qadınlar arasında daha çox müşahidə edilir və bu, qadınların daha emosional, həssas olması, kişilərə nisbətən qadınların daha məsuliyyətli olması ilə bağlıdır: "Digər tərəfdən, qadınlar kişilərə nisbətən daha çox zorakılığa məruz qalırlar. Məsələn, ailə dağıldıqda kişi bunu faciə kimi qəbul etmir, amma bu qadın üçün çox çətin olur".