487
12:41
17 Yanvar 2020

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyi var - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, H.Hacıyev bildirib ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə əlaqədar ardıcıl mövqe nümayiş etdirməsi təqdirəlayiqdir.

H. Hacıyev deyib ki, bundan əvvəl “Şərq tərəfdaşlığı” ilə əlaqədar Brüssel sammitinin yekun sənədlərində, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında hazırlanmış tərəfdaşlıq prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var: “Bu xəttin davamı olaraq Avropa Parlamenti tərəfindən Avropa İttifaqının xarici və müdafiə siyasətinin həyata keçirilməsinə dair olan sənəddə Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən də Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətdə ifadə olunan bu mövqeni yüksək qiymətləndirir və təqdir edirik. Bunu da xüsusi vurğulamaq istərdik ki, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar tərəfindən də mövcud olan münaqişələrə münasibətdə Helsinki Yekun Aktının prinsipləri birmənalı əsasda və qəti surətdə ifadə olunmalıdır”.