Sürücülərin NƏZƏRİNƏ - "Xəbərdarlıq etmədən cərimələyirlər"
16 yanvar 2020 17:34 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ - "Xəbərdarlıq etmədən cərimələyirlər"

Bundan əvvəl də paytaxt yollarının əsas problemlərindən olan uyğunsuz nişanlarla bağlı məlumat vermişdik. Bakının müxtəlif ərazilərində olan səhv nişanlara görə hər gün onlarla sürücü cərimələnir. Problemlə bağlı dəfələrlə ekspertlər irad bildirsə də, mediada məlumatlar yayılsa da, hələ ki aidiyyatı orqanlar hər hansı addımlar atmayıb. Əsas qalmaqallı nişanlar da məhz dönmə əməliyyatı zamanı dirəkdə olan nişanla yerdə çəkilən nişanın üst-üstə düşməməsidir.

“Hazırda paytaxtda standartlara uyğun gəlməyən yol nişanları var. Buna görə də Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi məsuliyyət daşıyır”.

Bunu Lent.az-a yol-nəqliyyat eksperti Eldəniz Cəfərov müəmmalı yol nişanları barədə münasibət bildirərkən deyib. Onun fikrincə, qadağanedici nişanların çox olmasına rəğmən, xəbərdaredici və məlumatlandırıcı nişanlar azdır:

“Ümumiyyətlə, ölkə üzrə yol infrastrukturu yaxşı inkişaf etməyib. Xüsusən, Bakı şəhərində yol nişanlarının çatışmazlığı və bir-birinə uyğunlaşmaması müşahidə edilir. Hazırda paytaxtda standartlara uyğun gəlməyən yol nişanları var. Buna görə də Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi məsuliyyət daşıyır. Təəssüf ki, mediada bu haqda xeyli çıxışlar etsək də, problemlər hələ də həllini tapmayıb. Məsələn, piyada keçidləri ilə bağlı nişanlar demək olar ki, yoxdur. Piyada keçidinin yaxınlığında qoyulan məlumatlandırıcı nişanlar var. Amma 100-150 metr qalmış xəbərdaredici nişanlar qoyulmayıb. Yol hərəkətini tənzimləyən nişanlara rast gəlmirik. Daha çox qadağanedici nişanlar var. Amma xəbərdaredici və məlumatlandırıcı nişanlar olduqca azdır”.

Ekspert sürücülərin cərimələnməsindən danışarkən, yol polisi əməkdaşlarının maarifləndirməni zəif apardığını da vurğulayıb:

“Nişanların qurulmasında daha çox DYP məsuliyyət daşıyır. Ona görə ki, cərimələnməni də həmin qurum həyata keçirir. İctimaiyyət, xüsusən də media bu problemi daim gündəmdə saxlamalı və yol polisinin qarşısına çıxartmalıdır ki, məsələ həllini tapsın. Çünki sürücülər xəbərdarlıqla kifayətlənməli səhvə görə, haqsız yerə cərimələnirlər. Ancaq bu barədə maarifləndirmə aparılmalıdır. Təəssüf ki, bu gün yol polislərinin çoxu öz xidmətlərini sürücüləri cərimələməkdə görürlər. Halbuki yol polisinin əsas vəzifəsi hərəkəti tənzimləmək və maarifləndirmə aparmaqdır. Ancaq indiyə qədər hansısa yol polisinin maarifləndirmə ilə məşğul olduğunu görməmişəm. Bəzən bilmədən, bəzən də səhv nişanlara görə sürücülərimiz qaydaları pozurlar. Yol polisinin ona həvalə edilən yolda hərəkəti tənzimləmək əvəzinə sürücüləri təqib etdiyinə, hər hansı cərimə olmasa belə, onları saxlayıb sənədlərini yoxlamasına da rast gəlmişik. Təəssüf ki, hələ də bunlar öz həllini tapmayıb”.

Yol nişanlarında uyğunsuzluq olan əsas küçələrin adlarını çəkən Eldəniz Cəfərov, bu problemin sürücülərin cərimələnməsinə və ya ağır qəzalara gətirib çıxartdığını bildirib:

“Nişan pozuntuları olan küçələrdən biri daha çox tıxac yaşanan Yusif Səfərov küçəsidir. Yol polisi həmin küçəyə çıxışı olan yollarda hərəkəti dayandırmaqla tıxacın qarşısını almaq istəyir. Ancaq bu, əks-effekt verir. Y.Səfərov küçəsində yerdə çəkilən bəzi nişanlar düzgün olmadığı üçün sürücülər tez-tez cərimələnirlər. Halbuki bu nişanlar digərləri ilə uyğunlaşmalıdır və sürücülər də onları görməlidir. Görünməyən yerlərdə nişanlar qoyublar və sürücülər də buna görə cərimələnirlər.

Əhməd Rəcəbli küçəsindəki yol nişanlarında da problemlər var. Həmin küçədə əlavə olaraq işıqlandırma yox səviyyəsindədir. Bundan əlavə, tunellər, ötürücülər və keçidlər çox olan Ziya Bünyadov prospektində də yol nişanlarında problemlər mövcuddur. Məhz buna görə də ən çox qəza olan yer də həmin prospektdir”.

# 16813
avatar

Mehman Nəbiyev

Oxşar yazılar