Rusiyanın Krasnoyarsk diyarının Alçinsk şəhər sakini Olqa Derbedeneva 30 ildən sonra oğlunu tapıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, 1987-ci ildə Olqa azərbaycanlı Ələddin Kərimovla tanış olur. Bir ildən sonra onların oğlu dünyaya gəlir. Atanın arzusuyla uşağa Bryus Li adını qoyurlar.
Bir müddət sonra onların arasında münasibət pozulur. Ələddin Olqadan ayrılır. Tərəflərin rəsmi nikahı olmadığından Ələddin oğlunu da götürüb Azərbaycana qayıdır.
Azərbaycanda isə uşağın adını dəyişib Bəxtiyar qoyurlar.
Atası Bəxtiyara həmişə deyirmiş ki, anası vəfat edib. O da buna inanırmış.
Bu illər ərzində Olqa daima oğlunu axtarıb. Nəhayət, Rusiyanın “1-ci kanalı”ndakı talk-şouların birində Olqa Bəxtiyarla bağlı məlumat verir. Çox keçmir ki, veriliş müəllifləri Bəxtiyarın izinə düşürlər. Məlum olur ki, o Bakıda çilingər işləyir.
Nəhayət, iki gün əvvəl Bəxtiyar və anası Moskvada görüşür. 30 illik həsrət başa çatır.